Bakıda gözətçi işləyən tələbəni – Samir Mehdiyevi döyərək qətlə yetirməkdə təqsirli bilinən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında Rəşad Həsənovun 18 il , Aftandil Məmmədovun isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qətlə yetirilmiş gəncin hüquqi varisi, atası Asim Mehdiyev çıxış edərək təqsirləndirilən şəxslərə ömürlük həbs tələb edib: "Bunlar xuliqandılar. Çıxıb yenə nəsə hadisə törədəcəklər. Bıçaqla gəzən adamlardır. Başqa şey gözləmək olmaz. Balam getdi. Mən yandım, başqası yanmasın".
Daha sonra Rəşad Həsnovun vəkili Osman Kazımov çıxış edərək müvəkkilinə bəraət hökmünün çıxarılmasını tələb edib
Proses iyunun 5- də davam edəcək.
Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda olub. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.
İyulun 3-də meyit tapılandan sonra ilkin olaraq S.Mehdiyevin qətlə yetirildiyi bildirilsə də, sonradan onun avtomobillə vurulması barədə məlumat yayılıb.
Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.
Bu səbəbdən istintaq orqanı yenə də qətl hadisəsi ilə bağlı araşdırma aparıb. 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Mehdiyevi qətlə yetirənlər müəyyən edilib.
Qətli törədən Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Bildirilir ki, tələbəni öldürən şübhəli şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.
Təhlükəsizlik kameraları ilə üzə çıxıb ki, həmin ərazidə 3 nəfər arasında dava-dalaş olub, onlar bir nəfəri döyüblər.
Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov həmin ərazidən tikinti materialları oğurlamaq istəyiblər. Amma Samir Mehdiyev onların oğurluğunun qarşısını almaq istəyib. Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.