Lent.az bu dəfə maraqlı və bir qədər də gülüş doğuran yol qəzasının videogörüntülərini təqdim edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” idarəsinin kameraları vasitəsilə qeydə alınan birinci yol qəzası 8-ci km qəsəbəsi ərazisindəki “Platin” şadlıq sarayının yaxınlığındakı yol ayrıcında qeydə alınıb. Mebellə yüklənmiş “VAZ-2104” markalı avtomaşın sürətlə hərəkət edir və qəflətən sol tərəfdə hərəkətdə olan başqa bir nəqliyyat vasitəsilə toqquşaraq aşır. Avtomobilə ciddi ziyan dəyir, yük isə ətrafa səpələnir. Avtomobildə olan iki nəfər yüngül xəsarətlə qəzadan sağ çıxırlar. Hadisə yerinə toplaşanların köməyi ilə həmin avtomobil yolun kənarına çıxarılır.
Amma üstündən bir neçə dəqiqə keçməmiş həmin ərazidə başqa yol qəzası baş verir. Yenə də öz yoluyla hərəkət edən minik maşınını soldan hərəkət edən “Mersedes” vurur. İdarəetməni itirən ağ rəngli “Opel”in sürücüsü onu bir qədər əvvəl qəzaya düşmüş “VAZ-2104” markalı avtomaşınla toqquşmadan yayındıra bilmir. Nəticədə eyni yerdə bir neçə dəqiqə ərzində iki ağır qəza baş verir. Bununla da ən azı 4 nəfərə maddi və mənəvi zərər dəyir. Yüngül xəsarətləri də nəzərə alsaq, o zaman aidiyyatı qurumların bu görüntülərə baxandan sonra həmin ərazidə yol hərəkətini daha ciddi tənzimləmək barədə düşünməsi zəruridir.