Noyabrın 27-də Goranboy rayonunun Veyisli kəndində rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə hər 2 sürücü və Ə.Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S.İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb. Ə.Əsgərovun digər 3 sərnişini və S.İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Bundan başqa Noyabrın 27-də Qobustan rayonunun Şıxzərli kəndində Bakı şəhər sakinləri Seyidəli Quliyevin idarə etdiyi “VAZ-212140” və Teymur Rzayevin idarə etdiyi “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə S.Quliyev hadisə yerində ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Daha bir qəza Noyabrın 27-də Gədəbəy rayonunun Slavyanka kəndində olub. Belə ki, rayon sakini Əlösvət Abdullayev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Xəstəxanaya yerləşdirilən Ə.Abdullayev orada ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
Ölümlə nəticələnən digər qəza isə Tovuz rayonunun Əyyublu kəndində olub. Noyabrın 26-da Şəmkir rayon sakini İlqar Şəkərov idarə etdiyi “QAZ-31105” markalı avtomobillə yolu keçən kənd sakini Ceyhun Həmzəyevi vurub. Xəstəxanaya yerləşdirilən C.Həmzəyev noyabrın 27-də orada dünyasını dəyişib. .BDYPİ tərəfindən araşdırma aparılır.