Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-a qarşı dörd şikayəti üzrə məhkəmə prosesləri keçirilib.
Lent.az-ın məlumatına görə, bütün proseslərdə Səbael Rayon Məhkəməsinin qərarları ləğv edilib, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib. Bununla da apellyasiya şikayətləri qismən təmin olunub.
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 5 oktyabr 2015-ci il tarixli – 09/3 saylı, 09/4 saylı, 09/6 saylı, 09/7 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, daha əvvəl Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı dörd apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib. Həmin məhkəmə iclaslarında da Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.