Texniki Humanitar Liseydə baş verən aksiyaya dair yeni faktlar əldə edilib. Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, Texniki Humanitar Liseydə baş verən məlum aksiyadan sonra redaksiyaya liseyin müəllimləri tərəfindən məktub ünvanlanıb.
Məktub göndərən şəxs adını anonim saxlasa da, liseydəki vəziyyətin acınacaqlı formada olduğunu qeyd edir. Bütün müəllim kollektivi adından liseydəki nöqsanların işıqlandırılmasını xahiş edən şəxsin məktubunu sizə təqdim edirik:
"Salam hörmətli redaksiya. Bir neçə gün bundan öncə Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət göstərən Texniki Humanitar Liseydə bildiyiniz kimi, şagirdlərin və valideynlərin etiraz aksiyası olmuşdu. Liseydə hökm sürən xaos tək valideynlərin yox, həm də liseyin kollektivini narahat edir. Liseyə müvəqqəti təyin edilmiş direktor (Simuzər Əliyeya) və onun müavini işə başladıqları gündən liseydə yalnız özbaşınalıqla məşğul olmuşlar. Bu günədək direktor və müavini hər addımlarında müəllimləri təhqir edir, müəllimlərə əmr verərək şagirdlərə aşağı qiymətin yazılmasını tələb edirlər. Bununla yanaşı, 11-ci siniflərdən rüşvət qarşılığında dərslərə gəlməmələrinə göz yuman rəhbərlik həm müəllimlərə, həm şagirdlərə, həm də valideynlərə kobud münasibət göstərirlər. Liseyin direktor müavini heç özü etik normalar çərçivəsində davranış qaydalarını bilmir. Bundan başqa, direktorun katibəsi Valicanova Aysel direktor və müavinlə əlbir olaraq liseyə artıq indidən rüşvət alaraq gələn il üçün uşaqların qəbulunu təşkil edir. Bütün hallarda bu üçlük təhsil sistemindən uzaqlaşdırılmalıdır. Heç kəsin haqqı yoxdur ki, haqsız yerə şagirdləri liseydən kənarlaşdırsın. Buna nə dövlətin qanunvericiliyində, nə də Liseyin daxili nizamnaməsində rast gələ bilərsiniz".
Məktubda qeyd edilir ki, liseydə təşkil olunmuş monitorinq-imtahan Təhsil Nazirliyinin qəbul etdiyi normativlər əsasında həyata keçirilmir. Müəllifin iddialarına görə, imtahanın 4 fəndən ibarət olacağı elan edilsə də, sonradan qəflətən 8 fənə çıxardılır:
"Bu isə şagirdlərin üzərində böyük stress yükünün yaranmasına gətirib çıxarır. Son nəticədə isə imtahanın nəticələri mənfi olub. Bundan başqa nəzərinizə çatdırmaq istəyirəm ki, digər amillər də imtahanın nəticələrinə öz mənfi təsirini göstərib.
Belə ki, imtahanda qoyulmuş test sualları siniflər üzrə düzgün bölüşdürülməyib. Məsələn: 6-cı sinfə 7-ci sinfin sualları və ya 8-ci sinfə 9-cu sinfin sualları qoyulub. Bundan başqa, rus bölməsinin imtahanı zamanı rus dilli şagirdlərin testin suallarını aydınlaşdırması zamanı dəvət edilmiş nəzarətçilərin rus dilini bilməməsi nəticəsində şagirdlər yanlış istiqamətdə yönləndirilib. Bütün bu sadaladıqlarımdan belə bir nəticəyə gəlmək olar ki, imtahan günü haqlı olaraq şagirdlərdə qorxu və stress hissi yaranıb və nəticədə də şagirdlər bizə müxtəlif suallar ünvanlandırıb. Müəllimlik sənəti humanist sənətdir, insan mənəviyyatını formalaşdıran sənətdir. Uşaqlara olan sevgi müəllim fəaliyyətinin humanist istiqamətinin əsasıdır. Müəllim bütün hallarda, xüsusən "müəllim-şagird", "müəllim-pedaqoji kollektiv", " məktəb rəhbərliyi-müəllim ", "müəllim-valideyn" münasibətlərinin qurulmasında pedaqoji taktı-nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməlidir. Həmçinin şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır".
Müəllif məktubun sonunda kollektiv adından bu mövzunun bir daha ciddi araşdırılmasını və işıqlandırılmasını istəyib.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Nəsimi rayonunda yerləşən Texniki-Humanitar liseyin şagirdlərinin aksiyası ilə bağlı açıqlama verilmişdi.
BŞTİ-nin İctimaiyyətlə Əlaqələr sektorundan verilən məlumata görə, Texniki humanitar liseyin şagirdlərinin valideynlərinin narazılığı V-X siniflər arasında aparılmış monitorinqin suallarının proqramdan kənar olması ilə bağlı olub.
İdarədən bildiriblər ki, bununla əlaqədar olaraq valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib: “Monitorinqin suallarının dərs proqramına uyğunluğunun yenidən yoxlanılması ilə bağlı razılığa gəlinib”.
Qeyd edək ki, sosial şəbəkələrdə Texniki humanitar liseyin şagirdlərinin aksiya keçirmələrini əks etdirən video görüntülər yayılıb. Videoda narazı şagirdlərin liseyin qarşısına toplaşaraq direktor və müavinin işdən azad edilməsini tələb etdikləri əks olunub.
Məsələ ilə əlaqədar olaraq Təhsil Nazirliyindən bildiriblər ki, lisey şagirdlərinin aksiyası ilə bağlı artıq Nazirlik tərəfindən araşdırma aparılır və araşdırma yekunlaşdıqdan sonra açıqlama veriləcək.