Bakıda özlərini "kriminal aləmin adamı" kimi təqdim edərək ayrı-ayrı şəxslərin telefonunu hədə-qorxu ilə ələ keçirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Nəbiyev Yusif Mehman oğlu və 1992-ci il təvəllüdlü Həsənov Murad Çingiz oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.
Y.Nəbiyev oğurluq və soyğunçuluq törətdiyini etiraf etsə də quldurluqda özünü təqsirli bilmədiyini deyib və ədalətli qərar çıxarılmasını istəyib.
Murad Həsənov isə ona qarşı irəli sürülən ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmdə qeyd edilir ki, Yusif Nəbiyev 6 cinayət əməli törədib. Bu əməllərin ikisində Murad Həsənov də iştirak edib.
Məhkəməmin hökmünə əsasən Yusif Nəbiyev 9 il, Murad Həsənov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər aldıqları telefonu sataraq pulunu həbsxanada olan kriminal aləmin üzvlərinə göndərəcəyini deyirmiş. Hər iki şəxs bir neçə cinayət əməli törətməkdə ittiham edilirlər.
Qeyd edək ki, Yusif Nəbiyevin atası Mehman Nəbiyev qətl törətdiyinə görə həbsdədir.