Vəziristandakı azərbaycanlıların “əmiri”: “Bilirdim ki, sonum qara zindandır” - MƏHKƏMƏ ZALINDAN
16 mart 2015 15:17 (UTC +04:00)

Vəziristandakı azərbaycanlıların “əmiri”: “Bilirdim ki, sonum qara zindandır” - MƏHKƏMƏ ZALINDAN

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Firdovsi Yusifov və 1986-cı il təvəllüdlü Taleh Soltanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadə veriblər. Təqsirləndirilən şəxslərdən Taleh Soltanov ifadəsində məqsədinin şəriət dövlətində yaşamaq olduğunu deyib: “2010-cu ildən namaz qılmağa başlamışam. Bir müddət sonra özüm kimi dini inanclı bir qızla ailə həyatı qurmuşam. Burada tikinti sektorunda çalışırdım. Bir gün eşitdim ki, Pakistanda şəriət dövləti qurulub. Ona görə, ailəmlə birlikdə ora getmək fikrinə düşdüm. 6 min manat pul yığdım. Mən, yoldaşım, iki baldızım və qayınanamla birlikdə yola düşdük. İlk öncə İran İslam Respublikasına getdik. Mənə nömrə verdilər. Həmin nömrəyə zəng elədim. Laçın Babayev adlı şəxslə görüşdüm. O, mənə Pakistana getmək üçün özbəklərlə əlaqə girməyi tapşırdı. Tehrandan Salavatu adlı şəhərə getdik. Özbəklər məni və ailəmi qaçaq yolla Pakistana keçirdi. Orada ailəmdən ayrılmalı oldum. Bir aya yaxın özbəklərlə yaşadım. Gördüm ki, onlarla yola getmirəm. Getdim, azərbaycanlıların qəbiləsinə. Ailəmi də yanıma gətirdim. Bazardan silah aldım. Orada hər kəsin evində silah var. Bazarda göy-göyərti satanda dəzgahının yanında silahla durur. Həm də silah ticarətində yaxşı pul var. Günü gündən qiyməti qalxır. Mən də gələcəkdə satmaq məqsədilə aldım ki, ailəmlə harasa gedərəm. Orada çox acınacaqlı günlər yaşamışıq. Bir müddətdən sonra ailəmi Türkiyəyə yola saldım. Özüm bir müddət Miranşahda yaşadım. İttiham aktında deyillər ki, guya mən orda təlimlərdə iştirak etmişəm. Halbuki, orada silah atmaq, dağlara çıxıb güllə atmaq cinayət məsuliyyəti daşımır. Mən də orda tanışlarımla hərdən güllə atmağa gedirdik. Mənim Azərbaycana qayıtmaq fikrim yoxuydu. Türkiyəyə ailəmin yanına getmək istəyirdim. Ailəm orada yoldaşımın əmisinin himayəsində yaşayır. Ona görə də, Pakistandan çıxdım gəldim İrana. Burada bizi qaçaq yolla Türkiyə keçirəcək şəxsi tapdım. Maşında oturanda Firdovsini gördüm. Firdovsi ilə əvvəlcədən bir yaxınlığım olmayıb. Bircə dəfə Pakistanda bazarda məni tanış elədilər ki, azərbaycanlıdır. O, da mənim kimi Türkiyəyə gedirdi. Maşında Firdovsi, mən bir də türk var idi. Bizi gətirən adam Türkiyə sərhədinə az qalmış İranın xüsusi xidmət orqanlarına satdı. Orada ifadəmizi aldılar. Məhkəmə qarşısına çıxartdılar və sərhədi qanunsuz keçdiyimizə görə bizə 1 il hökm oxundu. 9 ayın tamamında isə, bizi həbsxanadan buraxdılar. Elə ora da Azərbaycan səfirliyi bizi götürdü və bura gətirdi. Mən yenə də deyirəm, mən dindaram. Əhli sünnəyəm. Mənim məqsədim yalnız və yalnız şəriət ölkəsində yaşamaq olub. Mən terrorçu deyiləm. Amma dinim uğrunda, əqidəm uğrunda kafirlərə qarşı hər zaman vuruşmağa hazıram. 17 ay Pakistanda qaldım. Heç zaman Azərbaycana qayıtmaq istəməmişəm”.

 

Taleh Soltanov hakimlərin və dövlət ittihamçısı suallarına cavab verib.

 

Bundan sonra Firdovsi Yusifov sərbəst ifadə verməyə başlayıb. O da ifadəsində Pakistana şəriət dövlətində yaşamaq məqsədi ilə getdiyini bildirib. “İlk öncə Türkiyəyə getdim. Məqsədim oradan Pakistana hicrət etmək idi. Bilirsiniz, mən, dini də elmlə mənimsəyən adamam. Mən də Taleh kimi Miranşah şəhərinə getdim. Orada azərbaycanlılardan ibarət qəbiləyə qoşuldum. O zaman orada qəbilə başçısı Elçin Misirxanov idi. Bir müddətdən Elçin öldü. Yaşım çox olduğundan məni orda əmir seçdilər. Çünki oradakıların çoxu gənc idi. Uzun vaxt orada çox çətinliklə yaşadım. Bir gün anladım ki, burada şəriət dövləti yoxdur. Gözlədiklərimi görə bilmədim. Ailəmi oradan çıxarmaq fikrinə gəldim. Həmin günü komendant saatı olduğunu bilmədim. Postu keçən zaman döyüş başladı. Ayağımdan yaralandım. Dağları, təpələri yaralı-yaralı keçdim. Yerdə qalanını Taleh danışdı. İrana gəldim. Məqsədim Türkiyəyə getmək idi. Azərbaycana qayıtmaq istəmirdim. Bilirdim ki, qayıdan zaman bu qara zindanı görəcəm”.

 

 

Məhkəmə prosesi martın 18-i davam edəcək.

 

 

Qeyd edək ki,  hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib.

İttiham aktına görə, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Belə ki, Firdovsi Yusifov Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib və orada “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin “əmiri” təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərib.

 

Həmçinin müəyyən edilib ki, Taleh Soltanov da Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ilin sonlarında Azərbaycandan İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana keçib və “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Seyfullah” adlı digər silahlı dəstədə 2013-cü ilin avqustunadək iştirak edib. Taleh Soltanov Pakistana gedərkən yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə götürüb və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan ərazisinə göndərib. Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Onlar bu məqsədlə 2013-cü ilin avqustunda Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il aprelin 24-də Azərbaycan Respublikasına təhvil veriliblər. Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməyi ilə bu ölkəyə keçiriliblər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olub və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar