Daxili İşlər Nazirliyi son sutka ərzində ölkədə törədilmiş qətllərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 18-də Sabunçu qəsəbəsində yaşayan Faiq Xəlilov evində ailə-məişət münaqişəsi zəminində qardaşı Malikə bıçaqla xəsarət yetirib və daha sonra könüllü olaraq 12-ci PB-yə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilmiş Malik orada ölüb. Araşdırma aparılır.
Bundan başqa yanvarın 19-da Bakı şəhər sakinləri Janna Məhərrəmovanın və oğlu Aleksandr Məhərrəmovun küt alətlə qətlə yetirilmiş meyitləri Nərimanov rayonunun H.Məmmədov küçəsindəki mənzillərində tapılıb. Araşdırma aparılır.
Dahabir qətl hadisəsi Sumqayıtda başverib. Yanvarın 18-də Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Rəfiqə Ağayevanın küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni əmlak bölgüsü zəminində törətmiş qardaşı, əvvəllər məhkum olunmuş Şahbaz Xəlfəyev, arvadı Şəhla və oğlu, əvvəllər məhkum olunmuş İslam tutulublar.