Bakıda yaşlı ər və arvadın ölümü ilə bağlı MARAQLI FAKTLAR - <span style="color:red;">YENİLƏNİB
03 mart 2016 17:44 (UTC +04:00)

Bakıda yaşlı ər və arvadın ölümü ilə bağlı MARAQLI FAKTLAR - YENİLƏNİB

0

 

Bakının Pirallahı qəsəbəsində ahıl yaşlı ər və arvadın ölümünün bəzi təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, hadisə barədə Pirallahı Rayon Polis İdarəsinə qonşular və mərhumların ailə üzvləri məlumat veriblər.

 

Çoxsaylı zənglərə cavab verməyən mənzil sahibləri barədə polis məlumatlanan kimi hadisə yerinə yollanıb. Mənzilə daxil olan polis rayon sakinləri - 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitlərini aşkar edib. Qadının baş nahiyəsində küt alətlə yetirilən xəsarət izi aşkar edilib. Hacı Əmirovun meyiti isə oturduğu stulda aşkar edilib.

 

Əmirovun bədənində xəsarətlər aşkar edilmədiyindən, ilkin versiyaya görə, qadına xəsarətin həyat yoldaşı tərəfindən yetirildiyi güman edilir. Ehtimala görə, kişi ilə qadın mübahisə ediblər. Daha sonra kişi qadına çaydanla baş nahiyəsindən xəsarət yetirib. Qadının öldüyünü görən Əmirovun ürək tutmasından öldüyü güman edilir.

 

Qeyd edək ki, Sona Əmirova fevralın 18-də Pirallahı Rayon Polis İdarəsinə həyat yoldaşı tərəfindən döyülməsi faktı ilə bağlı yazılı müraciət edibmiş.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

***

 

10:44

 

Bakıda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, dünən axşam saatlarında Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 15, mənzil 8 ünvanında meyiti tapılan 1933-cü il təvəllüdlü Əmirova Sona İsmayıl qızının üzərində zorakılıq əlamətləri aşkarlansa da, onun həyat yoldaşı, 88 yaşlı Əmirov Hacı Əli oğlunun üzərində hər hansı zorakılıq əlaməti olmayıb. Məlum olub ki, S.Əmirovanın başına küt alətlə zərbələr endirilib.

 

Bildirilir ki, ahıl cütlük özlərinə məxsus olan bina evində yaşayırmış. Dünən onların Yasamalda yaşayan qızları Sevda Mirzəyeva polisə zəng edərək bildirib ki, bir neçə gündür valideynləri ilə əlaqə saxlaya bilmir və onlar telefon zənglərinə cavab vermir.

 

Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gəliblər və ahıl ər-arvadın öldürüldüyünü görüblər.

 

Cinayətin bir neçə gün əvvəl törədildiyi ehtimal edilir.

 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

 

 

*****

 

10:24

 

Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

 

Xəzər Rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

 

Rayon sakinləri - 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitləri yaşadıqları evdə aşkar edilib.

 

Meyitlərə baxış keçirilərkən qadının üzərində zorakılıq əlamətləri aşkar edilib. Hadisənin baş vermə səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar