"Sürücü donub qalmışdı": "Atletlər kəndi"ndəki qəzanın şahidi
13 may 2016 11:48 (UTC +04:00)

"Sürücü donub qalmışdı": "Atletlər kəndi"ndəki qəzanın şahidi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismindən Həmid Həmidov, Samir Məmmədov, Samir Ağasıyev, Pirim Musayev, Vüsal Məmmədov, Kamran Əhmədov, Elbrus Quliyev ifadə verib.

 

H.Həmidov ifadəsində bildirib ki,  jurnalist kimi fəaliyyət göstərir: "Samir adlı feysbuk istifadəçisi mənim "vatsapp" nömrəmi istədi, videonu göndərdi. Mən də o zaman vineqret.az saytını işlədirdim. Sayta qoydum, gördüm məndən başqa heç kimi qoymayıb. Yarım saatdan sonra çıxartdım".

 

Digər şahid Samir Məmmədov bildirib ki, həmin videonu ona iş yoldaşı Vüsal Məmmədov göndərib: "Videonu Vüsala da qrup yoldaşı göndərib. Görüntü maraqlı olduğu üçün mən də onu jurnalist Həmid Həmidova göndərdim. Həmin video monitordan çəkilmişdi. Məqsədim sadəcə Həmidin münasibətini öyrənmək olub. Onu rus dilli jurnalist kimi tanıyırdım".

 

Şahid Pirim Musayev hadisə anının video görüntünü iş yoldaşı Ramin "vatsapp" vasitəsi ilə ona göndərdiyini deyib: "Mən də həmin videonu dostum Fariz Salmanova göndərdim. Məqsədim həmin görüntüyə dostumun da baxması olub".

 

Vüsal Məmmədov da ifadəsində həmin görüntünü dostuna göndərdiyini bildirib.

 

Şahid qismində dindirilən Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı ifadəsində hadisə olan avtobusda olduğunu deyib: "Bizə işdən tapşırılmışdı. Həmin avtobuslarda sürücülərin yanında olurduq. Vəli ilə ilk dəfə reysə çıxırdım. Yolda sürət çoxalmışdı. Döngəyə az qalmış qışqırdım ki, neynirsən? Gördüm ləngərləyir. Saxlamaq istəsə də saxlaya bilmirdi. Həmin döngəni 5-10 sürəti ilə zorla dönürsən. Bizim avtobusun sürəti 30 olardı. Sürətini azalda bilmədi. Səkinin üzərinə çıxdı. Həmin zaman qarşıdan gələn idmançıların üstündən keçdi. Avtobusda ukraynalı idmançılarda çığırdılar. Avtobus dayandı. Qapıları açılmırdı. Zorla açdım. Sürücü donub qalmışdı. Nə dedimsə reaksiya vermədi. Vəlinin polislərə təhvil verdim".

 

 

Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.

 

 

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar