<span style="color:red;">“Diqlas”dakı yanğın : qərəzdən kor olanlar üçün xatırlatma
26 mart 2019 23:36 (UTC +04:00)

“Diqlas”dakı yanğın: qərəzdən kor olanlar üçün xatırlatma

0
Bu gün “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın günün əsas hadisəsi oldu. Güclü yanğın bir neçə saat içində söndürüldü, bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alsa da, ağır xəsarət alan və həyatını itirən olmadı.   Yanğının digər binalara keçməsinin qarşısı alındı.  Amma yanğın hadisəsi zamanı həmişəki kimi hərşeyşünaslar da  “ iş başında” idilər.
 
Yanğın çağırışı necə verilir?
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları ölkənin, həmçinin Bakı şəhərinin müəyyən ərazilərində yerləşir. Yəni, təbii olaraq, yanğınsöndürmə texnikası, maşınları, həmçinin canlı qüvvə yanğından mühafizə xidmətləri üçün nəzərdə tutulmuş ərazi idarələrinin binalarında yerləşir.  Yenə təbii olaraq, hansı obyektdə nə vaxt  yanğın baş verəcəyi əvvəlcədən bilinmədiyi üçün həmin obyektin yanında da yanğınsöndürmə maşını keşik çəkmir. Yalnız yanğın baş verəndən sonra bu barədə FHN-nin 112 xidmətinə məlumat daxil olur. Xidmət məlumatı dərhal ən yaxın yanınsöndürmə məntəqəsinə ötürür , ordan isə hadisə rayonuna maşınlar yola düşür. Yanğın barədə məlumat daxil olan kimi 3 yanğınsöndürən maşını hadisə yerinə göndərilir. Xüsusi qeyd edilməlidir ki, yanğınsöndürmə texnikası təkcə yanğınsöndürən maşından ibarət deyil. Bu, məsələnin birinci tərəfi. 
 
 
Məsələnin ikinci tərəfi. Yanğınsöndürmə məntəqəsi şərti olaraq deyək ki, hadisə rayonundan 5 km uzaqlıqda yerləşir. Axı yanğınsöndürən maşın əraziyə gələnə qədər yanğın davam edir, miqyas genişlənir. Yanğınsöndürənlərin alovla anlaşama əldə edib, onlar gələnə qədər yavaş-yavaş yanmağa razı salmaq kimi şansları yoxdu. Bu, sadə məntiqdir. Yanğın başlayıbsa hadisə yerindəki örtük, ərazidəki maddələrin nə qədər oda davamlı və ya tez alışan olmasının yanğının yayılma sürətinə təsiri var.
 
Üçüncüsü, hadisə yerinə gələn birinci yanğınsöndürmə briqadası yanğının miqyasına görə ikinci dərəcəli ( əlavə olaraq 6 yanğınsöndürmə texnikası cəlb olunur) və ya üçüncü dərəcəli ( 12-dən artıq yanğınsöndürmə texnikası cəlb olunur) çağırışlar verir, yəni əlavə kömək istəyir.  Məsələn,      “Diqlas” ticarət mərkəzindəki yanğında cəmi iki dəqiqə fərqlə ikinci və üçüncü dərəcəli yanğın çağırışı verilib. Dördüncü dərəcəli çağırış isə bütün qarnizonun əraziyə cəlb edilməsidir.  Bu gün baş verən yanğında bu da edilib.
 
Və nəhayət, hadisə yerinə gələn maşındakı suyun və ya digər söndürücü maddələrin tutumu var. Yəni, bir yanğınsöndürən maşın şəhərin mərkəzində sonsuza qədər yanğın yerinə su vura bilməz. Çox sadəcə ona görə ki, onun su borusu maşının çəninə qoşulub, maşının çəninin isə bəlli bir su tutumu var. Yəni su qurtaranda maşın gedib yaxın ərazidəki hovuzdan su doldurub təkrar gəlməlidir, bu eynən helikopterə də aiddir. Ona görə də  “maşın gəldi, su vurdu , suyu bitdi, getdi su gətirməyə” ittiham deyil, ola bilməz. Yanğınsöndürmə maşını gəlib, suyu vurub, çənində su bitibsə, təkrar su ardınca getməlidir.
 
 
 
 “Diqlas”ın   “alkopon” örtüyü
 
Bu gün yanğın baş vermiş ticarət mərkəzinin örtüyü tez alışan maddədir. Şəhərdə bu cür örtüyü olan sahibkarlıq subyektləri yenə də var. Bunu Bakını bir dəfə dolaşanda gözlə görmək mümkündür. Lakin FHN-nin müvafiq idarəsi binanın konstruksiyası ilə bağlı rəy verir. Binanın digər hissələri, həmçinin fasadı ilə bağlı rəyləri və standartları başqa qurumlar müəyyənləşdirirlər. Aldığımız məlumata görə, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin “Diqlas” ticarət mərkəzinin rəhbərliyinə fasad örtüyünün təhlükəliliyi, həmçinin yanğın qaydalarınn pozulması ilə bağlı bir neçə xəbərdarlıq aktı və məktubu da var. Təəssüf ki, bu xəbərdarlıqlara məhəl qoyan olmayıb...
 
Heç bir dövlət qurumunun, o cümlədən FHN-nin də sahibkarlıq subyektinin fasad örtüyünü dəyişdirmək funksiyası və öhdəliyi yoxdur. FHN-nin buna görə özəl sahibkarlıq subyektinin fəliyyətini dayandırmaq funksiyası da yoxdur.
 
 
Qərəzdən yaranan korluq
 
İndiyə qədər baş vermiş fövqəladə hadisələr zamanı FHN-nin fəaliyyəti,  xüsusilə xilasedici və yanğınsöndürənlərin fəaliyyəti həm dövlət başçısı, həm də əhali tərəfindən hər zaman təqdirlə qarşılanıb. Elə bu gün baş vermiş yanğının söndürülməsində də yanğınsöndürənlər xüsusi fədakarlıq göstərdilər, onlardan ikisi hadisə zamanı xəsarət aldı. Yanğın ərazisi mühafizə edildi, digər binalar yanğın ərazisinə çox yaxın olsalar da, yanğının həmin binalara keçməsinin qarşısı alındı, heç bir insan itkisinə yol verilmədi, məhz FHN-nin yanğından mühafizə xidmətinin texnikası və canlı qüvvəsi tərəfindən yanğın söndürüldü.
 
Amma, məsələn, iqtidarda katibə olmaq şansı belə tanınmadığı üçün “müxalifətçi” olan Gültəkin Hacıbəyli bugünkü adlı trolluq fəaliyyətini FHN-ə həsr edib. FHN haqqında dəlil-sübutlu nəsə yazsa, yenə də “siyasətçi beyninə" hörmət eləmək olardı. Amma bu qadın o qədər dayaz düşüncəlidi ki, FHN-ə olan qərəzini göstərmək üçün hər gün od-alov içində həyatını riskə atan yüzlərlə yanğınsöndürəni, xilasedicini təhqir edib, onlara böhtan atıb, onların fəaliyyətinin lazımsız olduğunu bildirib.
 
 
Əlbəttə, xilasedici, yanğınsöndürən olmaq Goranboydakı daş karxanalarından ucuz işçi qüvvəsi hesab elədiyi yerlilərinin sağlamlığı hesabına qazandığı pulları onun-bunun adına daşınmaz əmlaka çevirmək kimi rahat iş deyil. Xiasedici, yanğınsöndürən olmaq gecə-gündüz işləmək, başqa həyatları xilas edərkən əlil olmaq, hətta həyatını itirmək  riskidir.
 
Məsələn, FHN-nin əməkdaşları yanan binanın alovları içinə helikopterlə enib, orda qalan uşaqları, qadınları xilas edirdilər. Həmin bina ilə bağlı məhkəmə prosesi gedir, kimin və kimlərin günahkar olduğu, hadisənin necə törədildiyini bilmək istəyənlər bir az rahatlıqlarından keçib, medianın işıqlandırdığı prosesi oxuya bilərlər.
 
 
Eynilə dənizdəki neft yatağında baş vermiş yanğın zamanı xilas olanları, həmçinin itkin düşənlərin cəsədinin tapılmasını, yanğının söndürülməsini də məhz FHN həyata keçirdi. Azərbaycan FHN bu günə qədər onlarla ölkədə fövqəladə halların aradan qaldırılmasında dəstək heyəti ilə iştirak edib. Amma FHN yaranandan bəri Azərbaycanda baş vermiş heç bir fövqəladə hadisə zamanı heç bir ölkədən yardım alınmayıb, heç bir ölkədən əlavə dəstək qüvvəsi cəlb edilməyib.
 
Bura böyük miqyaslı yanğınlar da,  zəlzələ də  (2012-ci ildə Zaqatala-Balakən rayonlarında baş vermiş böyük miqyaslı zəlzələ, həmçinin ötən ay Şamaxı-Ağsuda baş vermiş zəlzələ), daşqınlar da (Kür çayı sahilindəki bir neçə rayonu əhatə edən daşqınlar), bina uçqunları, yöl çökmələri, itkinlərin tapılması, təyyarə və helikopter qəzaları zamanı xilasetmə işləri və digər bütün təbii fəlakətlər aiddir. Bu hadisələr zamanı minlərlə həyat xilas edilib, yüzlərlə şəxsi əmlak mühafizə olunub. Prezident İlham Əliyevin göstərişinə əsasən minlərlə ev yenidən tikilib, təbii fəlakətdən zərər çəkənlərə təhvil verilib.
 
Məhz Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycan FHN texniki təchizatına görə, öz sahəsində regionun öncülləri arasındadır.
 
Yüzlərlə xilasedicinin, yanğınsöndürənin əməyini heçə saymaq, minlərlə həyatın xilas olunmasını görməmək təkcə qərəz əlaməti deyil, həm də korluqdur. 
 
 
“Diqlas”dakı yanğının baş vermə səbəblərini və bundan sonrakı bütün prosesləri hüquq-mühafizə orqanları araşdıracaq. Həqiqəti axtarmaqdansa, böhtan atıb, öz yalanlarına inanlara isə keçmiş olsun…
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4357

Oxşar yazılar