İki polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən İsmət Bəkirov birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən İ.Bəkirovun apellyasiya şikayəti təmin edilməyib,
Qeyd edək ki, keçən il noyabrın 16-da paytaxtın Lökbatan qəsəbəsində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İ.Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirib. İradlarla razılaşmayan İ.Bəkirov üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə, cinayət əməlini başa çatdıra bilməyib. Zərərçəkmişlər aldıqları xəsarətlərlə bağlı DİN-in Hospitalına yerləşdiriliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.