Hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Lent.az xəbər verir ki, cinayət hadisəsinə görə, təqsirləndirilən Aqşin Hüseynovun həyat yoldaşı Fərzanə Hüseynova unikal.org-a danışıb. O, baş verən cinayət hadisəsində həyat yoldaşı Aqşin Hüseynovun günahsız olduğunu, Şücaət Əkbərovun günahı və cinayəti ucbatından həbsə atıldığını iddia edib
- Aqşin Şücaətin yanında nə vaxtdan işləyirdi?
- Aqşin Şücaətlə bir yerdə böyük sahədə işləyirdilər. O deyirdi ki, həmin sahə tanımadığı bir adamındır. Aqşin sonra dedi ki, həmin ərazi Arif Alışanova məxsus imiş. Yəni, Şücaətlə Akşin orda işçi kimi çalışırdılar. Bir neçə ildən sonra fermer təsərrüfatı genişləndirildi. Aşin də sürücü kimi orada çalışmağa başladı. Həyat yoldaşım sürücü kimi kənd təsərrüfatı məhsullarının aparıb-gətirilməsi ilə məşğul idi. Bir çox saytlar yazır ki, Aqşinin də Arif müəllimə qarşı təşkil edilən sui-qəsdə rolu olub. Bu isə bizi çox narahat edir. Hazırda Aqşinin iki körpə balası və mən çöllərdə qalmışıq. Əgər Aqşinin bundan xəbəri olsaydı, əvvəlcədən Arif müəllimə deyərdi. Buna əminəm. Aqşinin bu sui-qəsd hazırlığında əli olmayıb.
- Bəs deyirlər ki, silahları o aparıb-gətirir və ən əsası gizlədirmiş. Bu yalandır?
- Xeyr. Aqşin iki dəfə silahların yerini dəyişdirib. Şüayət Aqşini aldadıb ki, Arif müəllimin həmin silahlardan xəbəri var. Ona görə, rahat-rahat bu silahların yerini dəyişib. Amma Aqşinin bu silahlardan sui-qəsd hadisəsinə görə nəzərdə tutulmasından xəbəri olmayıb.
- Axı, Aqşinə cinayət işi mütəşəkkil dəstə yaratmaq maddəsi ilə açılıb?
- Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi maddəsi ilə biz razı deyilik. Aqşinə yalnız silah görüb, xəbər verməmək maddəsi ilə cinayət işi açıla bilərdi. Amma bunlarla birlikdə tutulmuşdu deyə, yuxarıdakı maddəni onun adına da əlavə ediblər.
- Siz hesab edirsiniz ki, Şücaət Aqşini aldadaraq ondan istifadə edib. Bu necə baş verə bilərdi?
- Aqşin Şücaətlə işləyirdi, 200-300 manat maaş alırdı. Bizim şəhərdə torpaq sahəmiz var idi. Şücaət söz vermişdi ki, evimizin tikilməsinə köməklik etmək üçün Arif müəllimdən xahiş edəcək. İcra nümayəndələri ilə də danışaraq, evimizin tikilməsinə icazə alacağına da söz vermişdi. Şücaətin boş-boş vədlərinə yoldaşım inanıb onun yanında işləməyə davam edirdi.
- Yoldaşınız silahların yerini necə dəyişirmiş?
- Şücaət kirayədə yaşadığımız binanın həyətinə gələrək, gecə ilə Aqşini həyətə düşürdü. Sonradan məlum oldu ki, Şücaət Aqişini silah gətirməyə görə, gecə vaxtı həyətə düşürərək aparıb.
- Bunu sizə özü demişdi?
- Xeyr. Tutulandan sonra, müstəntiqə verdiyi ifadədə bilmişik. Həmin gecə Qoçəli Cəbiyev Zöhrab Şirinovdan silah götürəcəkmiş. Həmin gecə də, yoldaşımdan avtomobili istəyiblər. Bu da avtomobili yeni yığdırdığına görə maşını onlara verməyib. Sonda Aqşini avtomobili ilə silah götürməyə razı salıblar. Aqşinlə birlikdə gedib Zöhrabdan silahı götürüb, Mədrəsəyə gətiriblər. Həyat yoldaşım ümumilikdə silahla iki dəfə rastlaşıb. Birini yuxarıda qeyd etdim. Digərində isə Şüayət Akşinə deyib ki, get evin həyətində silah qoymuşam, onu götür, Mədrəsədəki evin qarajında rəfə qoy.
- Bəs Arif Alışanovu onlar niyə öldürmək istəyiblər?
- Bununla bağlı xəbərim yoxdur. Onlar elə də yaxınlarım deyillər. İstintaqdan, ətrafdan eşitdiyim məlumata görə, onlar Arif Alışanovun küllü miqdarda pullarını yeyiblər. O, pullar ortalığa çıxmadığına görə, yəqin ki, bu sui-qəsdi təşkil etmək istəyiblər.
- Aqşin bu məsələləri evdə danışırdımı?
- Yox, Aqşin iş barəsində bizə heç nə danışmırdı. Yalnız o, Arif müəllimin haqqında müsbət fikirlər səsləndirirdi. Onda bilirdik ki, Arif adda adam var. Amma bilmirdik ki, kimdi? Nəçidir? Aqşin hər zaman deyirdi ki, o çox xeyirxah adamdır, müdrik insandır.
- Arif Alışanov Aqşinə maddi dəstək olurdumu?
- Bəli, olurdu. Dəfələrlə Arif müəllimin işlərini görüb. Bir gün Şücaət ürəyindən əməliyyat keçirmişdi. Xəstəxanada yatdığı müddətdə onun işlərini Aqşin aparırdı. Şücaət xəstələndiyi müddətdə Arif müəllimi Aqşin özü qarşılayıb ona xidmət göstərirdi. Arif müəllim də Aqşinə ilkin yardım etmişdi və demişdi ki, evin tikintisinə başla, sənə maddi dəstək olacam.
- Şücaətin aldığı torpaq və texnikalar sizin ailədə kiminsə adında olubmu?
- Xeyr. Şəxsən mənim adımda bir qarış torpaq, nə də ki texnika yoxdur. Ailəmizdə yalnız Aqşinin adına traktor-kotan olub. Həmin texnika da Arif müəllimə məxsus idi, amma Aqşinin adına keçirilmişdi. O həmişə deyirdi ki, orda nə varsa, Arif müəllimindir, amma bizim adımıza rəsmiləşib.
- Bu texnika Aqşinin adından çıxarıldımı?
- Yoldaşım əvvəlcə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi. 3 gün orada qaldıqdan sonra azad olundu. Azad olunandan sonra Aqşin rayona qayıtdı. Bundan sonra Arif müəllimin köməkçisinin adına mülki etibarnamə verdik. Bundan başqa yoldaşımın adına heç nə yox idi.
- Siz məhkəmədə ifadənizdə bildirdiniz ki, təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinovun yaxınları tərəfindən təzyiqlər olur. Hazırda da bu təzyiqlər varmı?
- Əvvəl tutulanda, Şücaətin qızı bizə təzyiq göstərirdi. Məqsədi Aqşinin vəkilinin dəyişməsi idi. Guya biz vəkilimizi dəyişib, onlar təklif edən vəkili tutaq. Qeyd edirdi ki, vəkiliniz pisdir. Dəyişsəniz yaxşı olacaq. Sonra qayınatamın evinə kənd adamlarını göndərir, bu təzyiqləri davam etdirirdi. Deyirdi ki, Aqşin ifadəsini və vəkilini dəyişməlidir. Bu olmasa başı ağrıyacaq. Sonra mənim atamın evinə adam göndərməyə başladılar. Atam da təzyiq xəstəsidir, ona həyacanlanmaq, əsəbləşmək olmaz. Atama deyiblər ki, Aqşin gizlətdiyi texnikaların sənədlərini qaytarsın, ifadəsini dəyişsin. Əks halda başınız ağrıyacaq. Belə fikirlərlə atama təzyiq göstərmişdilər.
- Bəs Aqşin Zöhrabı, Qoçəlini hardan tanıyıb?
- Akşin, Zöhrab Şirinovu heç ümumiyyətlə tanımayıb. Onunla salam-kəlamı da olmayıb. O, bizim qonşu kənddən olub. Tutulandan sonra Zöhrabı tanıyıb. O, özü də etiraf edib ki, bu adamı tanımayıb. Qoçəli Cəbiyevə gəldikdə isə o, bu kəndin adamı olub. Amma Qoçəlinin Şücaətlə münasibəti yaxşı olmayıb. Onlar hər zaman münaqişədə olublar. Sonra onlar necə barışdılar bilmirəm. Amma onunla barışandan sonra, yoldaşım deyirdi ki, barışıqdan sonra vəziyyət pisləşib. Aqşin də Şücaətin yaxşılığına deyirdi ki, Qoçəli ilə münasibət qurandan sonra başına gəlməyən oyunlar qalmadı.