Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri - Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə mərhum iş adamı İlqar Məmmədovun xanımı çıxış edib. Zərərçəkən iddia edib ki, ötən prosesdən sonra təqsirləndirilən Vüsal Rüstəmovun anası onu ölümlə hədələyib: "Dedi ki, səni də öldürtdürəcəyəm. Həyatımız təhlükədədir. Ərimi öldürdülər, indi də bizi öldürmək istəyirlər".
Vüsal Rüstəmovun anası isə deyilənlərin yalan və böhtan olduğunu söyləyib.
Məhkəmə prosesi noyabrın 27-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanı evində zəhərləyərək öldürüblər. Eyni zamanda evdən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.
Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzinin sahibi İlqar Məmmədovun evinə daxil olublar. Onu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.