Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Fuad Şükürov, Elnur Şükürov, Elman Əhmədov və Adil Lətifovun cinayət işi üzrə məhkəmə prsoesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror F.Şükürova 12 il, E.Şükürovla A.Lətifovun hər birinə 11 il və E.Əhmədova isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses 27-də davam edəcək.
Qeyd edək ki, hadisə Biləcəridə baş verib. Həmin ərazidə bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla "Nissan" markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib, 20 min manat pul tələb ediblər.
Bununla bağlı daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini E.Əhmədov, Salyan şəhər sakini F.Şükürov və E.Şükürov, həmçinin paytaxt sakini A.Lətifov tutulub.
Həmin şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunurlar.