[b]Narkomaniya, dini radikalizm və erkən nikah əleyhinə RƏSMİ TƏDBİR[/b]
0
0
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Səfiyar Behbudov adına 8 saylı tam orta məktəbində “Narkomaniya, dini radikalizm və erkən nikaha daxilolmaya yox deyək” mövzusunda tədbir keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev müasir dövrümüzün bəlası olan narkomaniyanın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun cəmiyyətimiz üçün yaratdığı təhlükə və fəsadlardan danışıb.
Narkotik vasitələrin dövriyəsinin yolverilməz olduğunu bildirən polis rəisi respublikamızın hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə apardıqları uğurlu əməliyyat tədbirləri haqda iştirakçılara geniş məlumat verib. O, gənclərin vətənpərvər ruhda böyümələri, vətənin hər zaman keşiyində durmağı, müzəffər ordumuzun qəhrəman döyüşçülərinin şərəfli döyüş yolunu layiqincə davam etdirməyə hazır olmalarının zəruriliyini bildirib.
Bərdə RPŞ-nin Veteranlar Şurasının sədri Dilən Həsənov narkotik vasitələrin, erkən nigaha daxilolmanın həm kobud qanun pozuntusu, həm də insan orqanizmi üçün mənfi cəhətlərindən bəhs edərək, gənclərin sağlam həyat yaşamağının və vətənpərvər ruhda böyüməyinin cəmiyyətin əsas inkişaf meyarlarından biri olduğunu izah edib.
Təhsil müəssisəsinin direktoru Qəmbər Ağayev narkomaniyanın gənc yaşlardan aludəçisinə çevrilən insanlarda göstərdiyi fəsadlar haqda geniş məlumat verib və gəncləri bu yola düşməməsi üçün ailə və təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
0
0