Külli miqdarda mənimsəmədə ittiham edilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlunun və bankın Maliyyə Departamentinin direktoru Bəhram Hüseynovu cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə Niyazi Vəliyevin vəkili bildirib ki, cinayət işi materiallarında sübutlar siyahısında yer alan mütəxəssis tərəfindən tərtib edilmiş akt əsassızdır. Vəkil həmin mütəxəssis rəyinin sübutlar siyahısından çıxarılmasını istəyib.
Dövlət ittihamçısı və "DekaBank"ın nümayəndəsi vəsatətin əsassız olduğunu bildiriblər və təmin edilməməsini istəyiblər.
N.Vəliyevin digər vəkili də vəsatətlə çıxış edib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Vəkil qeyd edib ki, cinayət işi materialları ilə müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamlar ziddiyyət təşkil edir:
Məhkəmədə məlum olum olub ki, Niyazi Vəliyevdən başqa "DekaBank"ın 6 vəzifəli əməkdaşı barədə cinayət işi başlayıb.
Məhkəmə müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini açıqlayıb.
Məhkəmənin baxış iclası dekabrın 27-nə təyin edilib.
Bildirək ki, külli miqdarda vəsaiti mənimsəmə ittihamı edilən N.Vəliyevə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, DekaBank ASC-nin sabiq rəhbəri N.Vəliyevin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumudur.
"DekaBank" ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.