3 dostun 3000 manatlıq cinayəti
0
0
Quldurluq etməkdə təqsirləndirilən Həmid Allahverdiyev, Murad Əliyev və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən H.Allahverdiyev 10 il, M.Əliyev və C.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il aprelin 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini Taleh Həşimov həmin gün gecə saat 01:00 radələrində qəsəbə ərazisində dörd naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.
Araşdırmalarla onların Bakı şəhər sakinləri H.Allahverdiyev, M.Əliyev və əvvəllər məhkum olunmuş C.İsmayılov olduqları müəyyən edilib. Dəstə üzvü H.Allahverdiyev Sabunçu rayonunda yerləşən kafelərdən birində olan zaman zərərçəkənin cibində külli miqdarda pul olduğunu müşahidə edib.
Daha sonra bu barədə digərlərinə məlumat verib. Onlar birlikdə zərərçəkəni kafedən çıxıb evə gedən zaman izləyiblər və qeyd edilən ünvanda planlaşdırdıqları cinayəti həyata keçiriblər. Əldə edilən pul dəstə üzvlərinin arasında bölünüb.
0
0