Küçədə it gəzdirən qardaşları bıçaqlamaqda təqsirləndirilən Elşən Məlikovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, E.Məlikov hadisədən sonra zərərçəkmişlərlə barışığa cəhd edib. O, cinayəti törətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Prosesdə o da elan edilib ki, zərərçəkmişlər məhkəməyə teleqramla müraciət edərək E.Məlikovdan şikayətlərinin olmadığını deyiblər.
Daha sonra məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib.
Prokuror çıxışında məhkəmədən Elşən Məlikovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. Elşən Məlikov yaşadığı məhəllədən keçən Elxan və Mahir Əhmədov qardaşları ilə mübahisə edərək onları bıçaqlayıb. Səbəb isə Əhmədov qardaşlarının gəzdirdiyi itin yoldan keçən sakinlərə hürməsi olub. E.Məlikov itin sahibinə iradını bildirib və iti oradan aparmalarını istəyib. Bu irada görə tərəflər arasında mübahisə başlayıb.
Əhmədov qardaşları əlbəyaxa olan zaman E.Məlikovun bıçaqlı hücumuna məruz qalıblar. Hər iki qardaş yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, onların həyatını xilas etmək mümkün olub.
Xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən E.Məlikov özünü qismən təqsirli bilib. Ona Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3 maddələri ilə ittiham irəli sürülüb.