“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə bankın Moskva fillialının rəhbəri olmuş Fuad Abdullayev dindirilib.
O qeyd edib ki, 2001-ci ildən filliala rəhbərlik edib: “"Cahangir müəllim bankın rəhbərliyinə gələndən sonra məni Moskva filialına rəhbər təyin etdi. Orada bir çox layihə işləri həyata keçirdik. Çalışdığım müdəttə də götürülən kreditlər ödənilib. Bankda 69 veksel əməliyyatı həyata keçirilib. Həmin vaxt Qazaxıstanda "Kultuk" neft yatağı aldıq. Cahangir müəllimi Emin Sadiq adlı şəxslə tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə edildi. Həmin yataq bir neçə şəxsin adına rəsimləşdi. Bankın adına isə - bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsimləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksenburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişmə gedir. Bütün bunlardan Cahangir müəllimin xəbəri olub, onun göstərişi ilə həyata keçirilib”.
Şahid həmçinin qeyd edib ki, çalışdığı dövrdə azərbaycanlı iş adamı, Telman İsmayılovun bankdan 70 milyon dollar kredit götürüb: " Telman müəllim Odessada ticarət mərkəzini tikirdi. Ona layihə üçün kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandı, krdeditləri ödəyə bilmədi, 2013-cü ildə ödənişləri dayandırdı. Sonra Telman İsmayılov 4 şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçdirdi".
Sabiq filial müdiri qeyd edib ki, kosmonavt Ənuşə Ənsari də bankdan kredit götürüb: " O, ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredir götürdü. Sonra kreditin faizi ödənildi, əsas borc isə qalıb”.
Proses mayın 6-da davam edəcək.
Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb. İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib