Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və ərini qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Prosesdə şahid qismində dindirilən Əli Məmmədov bildirib ki, Saray qəsəbəsində toraq alıb və 6 min manat pul ödəyib. Bir müddət onun torpağının sənədləşdirilməsi gecikib. Buna görə də bələdiyyə sədri Vəsilə və Fədai ilə bir neçə dəfə görüşüb, sonradan aralarında anlaşılmazlıq yaranıb: "Torpağımın sənədini aldım. İndi isə heçbir şikayətim yoxdur".
Şahid qismində dindirilən Namiq Həsənov ifadəsində bildirib ki, Saraydakı dostu vasitəsilə oradan torpaq alıb. Bunun üçün Saray bələdiyyəsində Vəsilə Əbdülhəsənova ilə görüşüb. Şahid bildirib ki, onlara torpaq satacaqdılar:
“O bizə dedi ki, sizə sizə torpaq verəcəm. Sonra isə həmin torpaq sahəsi hərrac yolu ilə rəsmiləşdiriləcək. Biz deyilən torpağa baxdıq. Dostumla Vəsilə xanıma 56 min manat pul verdik. Fikrimiz var idi ki, həmin torpağı sonradan baha qiymətə sataq. Ancaq hərrac olmadı, pulumuz da batdı. İndi pulumuzu tələb edirik. Bununla bağlı həm prokurorluğa, həm də məhkəməyə müraciət etmişik”.
Məhkəmədə şahid qismində ifadə verən Saməddin Şabanov deyib ki, onun Saray qəsbəsində 1 hektardan çox torpaq sahəsi olub:
“Vəsilə xanım məni yanına çağırdı. Həmin torpağı satıb-satmadığımı soruşdu. Mən də ailə üzvlərimlə məsləhətləşib torpaq sahəsini satmaq fikrinə gəldim. Sotunu 500 manatdan razılaşdıq. Vəsilə xanım 60 min manatdan çox pul göndərdi. Mən də notariusda torpaq sahəsini bələdiyyədə şöbə müdiri işləyən Ziyadxan Məmmədovun adına rəsmiləşdirdim. Sonra olanlardan xəbərsizəm”. Bələdiyyənin Təsərrüfat şöbəsinin müdiri Ziytadxan Məmmədov da ifadə verib. O, bildirib ki, bələdiyyə sədri və təqsirləndirilən şəxslə münasibətləri yaxşı olub:
“Bir gün Vəsilə xanım çağırıb dedi ki, mənim adıma 1 hektardan çox torpaq sahəsi keçiriləcək. Mən bunun qanuni olub-olmamasını soruşdum. O, isə tam qanuni olduğunu və narahat olmamağımı dedi. Dedi ki, sən subay olduğun üçün alış-satış etməyin daha rahatdır. Mən də bununla razılaşdım və sənədlərə qol çəkdim. Torpaqlar satılanda Vəsilə xanım çağırırdı, gedib sənədlərə qol çəkirdim. Qiymətlərdən və pullardan xəbərim olmayıb. Hadisədən sonra bələdiyyədən işdən çıxdım. İndi adıma həmin torpaqlardan 50 sotu qalır”.
Hakim şahidə xəbərdarlıq edib ki, bu məsələ ilə bağlı cinayət işi olduğundan həmin torpaq sahəsinin satışı qadağan olub. Prosesdə Fədai Hüseynovunun qohumu Seymur Məmmədov ifadə verib. O, qeyd edib ki, istintaqa torpaq sahələrinin alqı-satqısı ilə bağlı çağırılıb: “Mən o zaman bələdiyyədə tikinti şöbəsinin müdiri olmuşam. Özüm də Saraydan 30 sot torpaq almaq üçün Vəsilə xanıma 42 min 500 manat pul vermişəm. Həmin torpaq hərraca çaıxarılacaqdı. Lakin sonradan pulum da qaytarılmadı”. Hakim bildirib ki, iş üzrə 38 şahiddən 32-i dindirilib. Digər şahidlərin isə istintaqa verdiyi ifadələr qəbul edilib. Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Dövlət ittihamçısı Fərid Nağıyev çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi 22 sentyabrda davam edəcək. Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.