Bakıda münaqişə zəminində tanışını qətlə yetirməkdə təqsirli bilinən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə dövlət ittihamçısı Ramin Nağdəliyevin iştirak etmədiyi bildirilib.
Hakim hazırlıq iclasının davamını iyunun 13-də davam edəcəyini bildirib.
Qeyd edək ki, qətl bu ilin fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.
Məlum olub ki, Firuddin Hüseynov həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib.
Mübahisə zamanı Zakir Məmmədov Firuddin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub.
İstintaq araşdırması zamanı Zakir Məmmədovum vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən edilib.
Buna görə də o, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub.
Zakir Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.
Zakir Məmmədov Strasburqda universitetlərdən birində təhsil alıb.