Özünü MTN polkovniki kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, A.Akimova sahibkarlara özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxs kimi təqdim edərək, onlara qarşı 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il və İ.Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, zərərçəkmişlər ifadələrində Aygün Akimovanın tanınmış iş adamı Abdulla Abdullayevin həyat yoldaşı kimi tanıdıqlarını deyiblər. Hətta istintaq zamanı məlum olub ki, Akimovanın övladların atası rəsmi olaraq Abdulla Abdullayevdir. AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. Biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.