<b>“Deyirdilər ki, filankəs rüşvətxordur, bəhmənkəs “bandit”dir</b>” <span style="color:red;">- PRESSİNQ
15 dekabr 2014 14:00 (UTC +04:00)

“Deyirdilər ki, filankəs rüşvətxordur, bəhmənkəs “bandit”dir- PRESSİNQ

0

Lent.az-ın “Pressinq” layihəsinin növbəti qonağı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdur. Keçmiş referi oxucuların sosial şəbəkə vasitəsilə ünvanladığı sualları cavablandırıb.

 

Rasim Məmmədli:

 

- Xaqani müəllim Azərbaycan hakimliyinin səviyyəsindən razıdırmı?

 

- Təbii, heç kim öz ayranına turş deməz. Bir də mən durub desəm ki, bu gün Azərbaycan hakimlərinin səviyyəsi əladı, bu da qeyri-səmimi çıxar. Hazırkı hakimlər korpusu tamamilə cavan hakimlərdən ibarətdir. Öz ölkələrinin çempionat oyunlarını idarə edən ən gənc hakimlər bizdədir. İki nəfəri – Vüsal Əliyev və Fariz Yusifovu çıxmaq şərtilə, qalanları cavandı. Ümumiyyətlə, orta yaş səviyyəsinə görə, Azərbaycan hakimləri ən gənc hakimlər sayılır. Bizdə orta yaş həddi 28-dir və bu, çox gözəl göstəricidir. Ruslar öyünürlər ki, onlarda orta yaş həddi 32-33-dür. Cavan hakimlərimiz olmağına baxmayaraq, artıq müəyyən uğurlarımız var. Bir hakimimiz UEFA-nın diqqət mərkəzindədi. Yaxın gələcəkdə Azərbaycanı Avropada layiqincə təmsil edə biləcək. Bəli, söhbət Əliyar Ağayevdən gedir.

 

Tural Qasımov:

 

- İndiki gənc hakimlərdən kimi davamçınız sayırsız?

 

- Davamçım? Bu, bir az çətin məsələdir. Biz UEFA və FİFA-dan hansı təlimatları alırıqsa, onları hakimlərimizə çatdırırıq. Çalışırıq ki, hamısı oyun qaydalarını birmənalı yozsunlar və meydanda tətbiq etsinlər. Yəni qaydalarda necədirsə, praktikada da o cür hakimlik etməlidirlər. Perspektivli, ümidverici gənc hakimlərimiz var. Bu sahədə iş gedir. 4-5 qrupda hakimlərimiz gənclərlə məşğul olurlar. Yaxşı hakim 1 aya, 1 ilə yox, 4 ilə yetişir. Bu müddət ərzində bilik səviyyəsi, fiziki hazırlığı, təcrübəsi artır. 4 ildən sonra hakimin qarşısında tələblər qoymaq olar.

 

 

İlkin Həmidov:

 

- 2008-ci ildən Hakimlər Komitəsinin sədrisiz. Bu müddət ərzində öz işinizdən razısız?

 

- Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlərin 90-95 faizi məhz 2008-ci ildən sonra üzə çıxanlardır. Həmin vaxt biz işə sıfırdan başladıq. Mən gələndə deyirdilər ki, filankəs rüşvətxordur, bəhmənkəs “bandit”dir, bunlarla vidalaşın. Sual verirdim ki, yaxşı, onları çıxartdıq, bəs oyunları kim idarə edəcək? Yəni boşluq yaranmışdı, cavan nəsil yox idi ki, onlarla işləyib, buraxaydıq qabağa. Mən sıfırdan başladım. “Sabahın ulduzları”nda 10-11 yaşlı uşaqların matçlarını idarə edən hakimləri izlədik. Əliyar Ağayevi də orda görmüşəm, Orxan Məmmədov və digərlərini də. Davamı da gəlir. Ömər Paşayevi misal göstərmək olar. Düzdür, Ömər son oyunların birində kobud səhvlə yadda qaldı, amma perspektivi var.

 

 

Vüsal Nəbiyev:

 

- Futbolumuzun səviyyəsi üstündür, ya hakimliyin?

 

- Maraqlı sualdır. Əgər bu gün bizim hakimlər Avropada idarəçilik edirlərsə, hesab edirəm ki, hakimlərimizin səviyyəsi yaxşıdır. Düzdür, hələ qrup mərhələsinin oyunlarını idarə etmirlər. Amma digər ölkələrin və UEFA-nın da mütəxəssisləri bizim hakimləri tərifləyirlər. “Qarabağ”ın uğurları isə göstərir ki, heç klublarımızın da səviyyəsi geri qalmır. Ölkə futbolunun səviyyəsi nə qədər güclüdürsə, hakimlər də bir o qədər tez inkişaf edirlər. UEFA seçim qarşısında qalsa, “Qarabağ” – “Sumqayıt” matçının yox, “Milan” – “Yuventus” görüşünün hakiminə üstünlük verir. Düşünür ki, o cür oyunu idarə edən hakim UEFA-nın hər hansı görüşünü asanlıqla, sakit şəkildə idarə edə bilər. Burada çempionatın və ölkə futbolunun reytinqi böyük rol oynayır. Suala konkret cavab olaraq isə deyim ki, futbolumuzla hakimliyin səviyyəsi bərabərdir.

 

Samir Həmidov:

 

- Deyilənə görə, Azərbaycan futbolunda “day-day” rol oynayır. Səmimi cavab verin, hakimlikdə də bu prinsip keçir?

 

- Mən həyatım boyu verdiyim müsahibələrdə səmimi olmuşam. Səhvə səhv, düzə düz demişəm. O ki qaldı suala, hakimlikdə qətiyyən belə bir şey yoxdur. Bu gün biz yaxşı hakim axtarırıq. Bu günün hakimi eyni zamanda atlet olmalıdır. Biz hakimlərdən çox böyük keyfiyyətlər tələb edirik. İstəyirik ki, harada istedad varsa, onu üzə çıxaraq və qabağa verək ki, çempionatımızın oyunları ədalətli keçsin. Əgər “day-day”la çıxan hakim olacaqsa, o, mütləq 1-2 oyundan sonra özünü “yandıracaq”. Nəticədə bizi də pis vəziyyətdə qoyacaq. Buna görə də, bizə “day-day”la gələn hakimlər lazım deyil, istedadlı hakimlər lazımdır.

 

Mərdan Qurbanov:

 

- İşiniz belədir ki, çox tənqid olunursunuz. Bu qədər tənqidə necə dözürsüz?

 

- Çox gözəl sualdı. Azərbaycan futbolunda ən çox tənqid olunan mövzu elə hakimlikdir. Bunun da bir çox səbəbləri var. Əsas səbəblərindən biri odur ki, bizim KİV-in böyük əksəriyyəti futbolu analiz edə bilmir. Amma yazmaq üçün nəsə lazımdırsa, ən asan yol hakimlikdir. Hakimin buraxdığı səhvi hamı görür, onu tənqid etmək asandır. Mənə ünvanlanan sağlam tənqidi normal qarşılayıram. Dəfələrlə olub ki, haqlı tənqid yazana zəng edib minnətdarlığımı bildirmişəm. Sağlam tənqidin üzərində işləyərək, səhvlərimizi düzəltməyə çalışırıq. Ancaq bəzi tənqidlər olur ki, çox əsassız, qeyri-obyektivdir. Bu zaman hirsindən bilmirsən ki, nə edəsən. Belə bir söz var ki, bu gün hamı futbolu bilir, futbolu bilənlərin də hamısı hakimliyi bilir. Biz gəncləri öyrədə-öyrədə özümüz də öyrənirik. Bu mənim sözümdür ki, futbolun qaydalar kitabı 114 səhifəlik olsa da, “Kapital” əsərindən qat-qat çətindir. Çünki hər dəfə oxuyanda yeni bir şey kəşf edirsən. Oyun qaydaları olduqca çətindir, onu hamı eyni cür qavramır. Özü də ildən-ilə dəyişilir. 150 ilə yaxındır ki, oyun qaydaları var, amma hər il yeni bir şey əlavə olunur. Çünki oyun qaydalarında boşluqlar çoxdur. Bunu etiraf etməliyik.

 

Ceyhun Qəribov:

 

- Xaqani müəlim FİFA-nın oyun qaydalarında hansı dəyişikliyi bəyənmir?

 

- Bəyənmədiyim şeylər var. Sizə misallar çəkim. Məsələn, matçın sonuncu saniyələri gedir, özü də dünya çempionatının finalıdır. Müdafiə olunan komandanın oyunçusu meydandan qovulub və rəqib komandanın üzvü qapıçını da aldadıb, topu boş qapıya yönəldir. Top qapı xəttinə çatanda qovulan futbolçu kənardan meydana daxil olur və topun qarşısını kəsir. Artıq top qapı xəttini keçmək üzrə idi. Deməli, komandanın haqqı yeyildi. Həmin epizodda “mübahisəli top” təyin olunur. Görün, qərar nə qədər anormaldır. Mən bununla necə razılaşım? Axı həmin futbolçu rəqibin yüz faizlik qolunu əngəlləyir. Belə hallar çoxdur.

1986-cı ildəki dünya çempionatının Braziliya – Fransa matçında heç-heçə qeydə alındı. Oyundan sonra penaltilər seriyası oldu. Bir penalti zamanı top əvvəlcə bir dirəyə, sonra ikinci dirəyə dəydi və daha sonra isə qapıçının belinə dəyərək, qapıya daxil oldu. Biz deyirik ki, penaltilər seriyasında bir zərbəyə imkan verilir. Qolu saydılar, fransızlar hay-küy qaldırdılar ki, top zərbədən sonra dirəklərə dəyib, meydana qayıtdı. Sonradan bunu qaydalara saldılar və belə izah etdilər ki, həmin qol bir dinamikada baş verən epizoddur. Buna görə də, qol sayılmalıdır.

Daha bir misal çəkim. Avro-2008-in İtaliya-Hollandiya oyununda Buffon komanda yoldaşı ilə toqquşdu və müdafiəçi qapı xəttindən kənara düşdü. Bu məqamda uzaqdan zərbə vurdular. Buffonun qabağında hücumçu var idi, topu saxladı və qol vurdu. Qaydalara görə, oyundan kənar vəziyyətdə idi. Çünki onun qabağında cəmi 1 oyunçu var, amma 2 oyunçu olmalı idi. Lakin hakimlər qolu saydılar. Və qaydalara əlavə etdilər ki, oyun epizodunda qapı xəttindən kənara düşən oyunçu qapı xəttində ikinci oyunçu kimi sayılır. Görürsüz, nə qədər misallar çəkmək olar. Qaydalar Şurası ildə bir dəfə toplaşır və ağıllı təklif olarsa, onu qaydalara əlavə edir.

 

 

Namiq Sadıqov:

 

- Azərbaycan futbolunda ikinci Tofiq Bəhramov nə vaxt yetişəcək?

 

- Çətin sualdır. Kim bilir, bəlkə də yaxın 4-5 ildən, bəlkə də uzun müddətdən sonra. Tofiq Bəhramov dahi olub, öz möhürünü vurub hakimlikdə. Çətin ki, ikinci belə bir adam yetişsin.

 

 

Elxan Musayev:

 

- Mənə görə hakimlikdə xarizma önəmlidir. Amma bizim əksər hakimlərində bu çatışmır. Razısız fikrimlə?

 

- Razı deyiləm. Düzdür, xarizma hakim üçün önəmlidir. UEFA-da hakimin görünüşünə baxanda hətta saç düzümünə də nəzər yetirirlər. Hakimin görünüşü əsas olmasa da, vacib amillərdən biridir. Hakim var ki, boylu-buxunludur, meydanda çox gözəl görünür, qaçışı da gözəldir. Amma elə hakim də var ki, qərarları düz olsa da, ya boyu balaca olur, ya fizioloji görünüşü yaxşı olmur. Cüneyt Çakıra bax, Rəhim Həsənova bax. Rəhim meydana çıxanda gözəl görünüşü, qaçışı ilə seçilir. Mən deməzdim ki, Azərbaycan hakimlərində xarizma çatışmır. Bizim də xarizmalı hakimlərimiz var.

 

Zəfər Əliyev:

- Xaqani müəllim, hansı xarici klubların oyununu idarə etmək arzusunda olmusuz?

 

- Mən özümü tanıyandan bu günə kimi Madrid “Real”ına azarkeşlik edirəm. İstəyərdim “Real”ın oyununu idarə eləyim. Təbii ki, bizim vaxtımızda çətin idi bu. Biz birincilər idik, digərləri üçün yol açdıq. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, Tofiq Bəhramov və Eldar Əzimzadədən sonra dünya çempionatının seçmə mərhələ oyununu idarə edən mən olmuşam. Hesab edirəm ki, bu, o vaxt üçün böyük nailiyyət idi.

 

 

Amid Mahmudov:

 

- Hakimlik karyeranızda hər hansı qərarınıza görə peşman olduğunuz anlar olubmu?

 

- Olub, niyə olmayıb? Elə hakim yoxdur ki, desin mən səhv etmirəm və ya etməmişəm. Bu, mümkün deyil. Hakimlikdə səhvlər olub, var, olacaq. Hakim insandır və o da səhv edə bilər. Futbolçu dəfələrlə səhv edir, hətta topu boş qapıya vura bilmir, amma heç kim onu nə qovur, nə də cəzalandırır. Hakimin də oyun ərzində fikri səhv etməməyə yönəlir. Amma bəzən elə bir an baş verir ki, qayda pozuntusu baş verən məqamda gözünün qabağından oyunçu keçir və epizodu görə bilmirsən. Belə olan halda isə təbii ki, qərarın səhv olur. Konkret epizodları yada salmaq çətindir mənim üçün. Amma durub desəm ki, olmayıb, yalan olar.

 

Rəşad İmanov:

 

- Sizə irad tutan futbolçu və ya məşqçi sonra səhvini anlayaraq, üzr istəyibmi?

 

- Dəfələrlə. Belə hallar o qədər olub ki. Əsasən də məşqçilər olub. Oyun vaxtı məşqçi təbii ki, emosiyalara qapılır. Amma matçdan sonra oturub evdə baxır epizoda və haqsız olduğunu anlayır. Sonra üzr istəməsə də, zəng edib deyir ki, hə, sən düz idin.

 

Rəvan Sadıqov:

 

- Hakimlik karyeranızla bağlı kitab yazmağı planlaşdırırsızmı?

 

- Futbol oyun qaydaları ilə bağlı kitablarımız var və onu hər mövsüm üçün yeniləyirik, dəyişiklikləri əlavə edirik. O ki qaldı suala, hələ ki, belə bir fikrim yoxdur. Amma ola bilər ki, nə vaxtsa olsun. Mənim böyük planlarım var. Oyun qaydaları və hakimliklə bağlı bir neçə metodiki vəsait hazırlamaq istəyirəm. Müəyyən materiallarımız var. Çalışırıq ki, onları kitab halına salaq. Təbii ki, bu kitab mütəxəssislər və hakimlər üçün nəzərdə tutulub.

 

Nizam Rzayev:

 

- Xaqani müəllim, 2005-ci ildə məlum "İnter" qalmaqalına görə hakimlikdən uzaqlaşdırıldınız. Həmin hadisəyə görə ürəyinizdə bir inciklik qalıbmı?

 

- İncikliyim qalıb mətbuatdan. Çünki o vaxt düzgün işıqlandırmadılar. Təbii ki, bu, mənə qarşı əvvəlcədən düşünülmüş addım idi. Sifariş verilmişdi ki, hansısa komanda qalib gəlməlidir, amma mən onu eləmədim. Obyektiv hakimlik etdim və başqa komanda qalib gəldi. O vaxt AFFA-nın prezidenti əslən tovuzlu olan Ramiz Mirzəyev idi və “Turan”ın uduzması onlara çox pis təsir etmişdi. Mənə qarşı bu oyunu atdılar ortaya. Ağılsız bəhanələr etdilər. Doğrudur, biz Anatoli Konkovla vaqonda oturub söhbət etmişdik. Amma bunlar belə bir şey ortaya atdılar ki, guya Konkov mənə vaqonda rüşvət verib. Çox ağılsız fikir idi. Rüşvət verən adam hamının yanında, vaqonda, kupedə heç vaxt belə şeylərə getməz. Lazım idi ki, məni uzaqlaşdırsınlar. Buna qədər proses gedirdi artıq. Mənə dedilər ki, “Turan” udmalıdır. Dedim, onda mən bu oyuna getmirəm. Dedilər ki, nədir, qorxursan? Dedim, yox qorxmuram, gedirəmsə, obyektiv idarə edəcəm. Doğrudan da, elə etdim və “İnter” Tovuzda qalib gəldi. Bu hadisə 2005-ci il, oktyabrın 22-də baş verib. “Turan” həmin oyunu 0:1 hesabı ilə uduzdu. Buna görə də, bəhanələr hazırlanmağa başlandı.

 

Yalçın Bayramov:

 

- Ailədə, qohum-əqrəbada davamçınız varmı?

 

- Xeyr. Mən demişəm ki, istəmirəm hər hansı bir qohumum və ya ailə üzvüm hakimlikdə olsun. Nə qədər ki, mən burdayam, istəmirəm. Söhbət hakimliyin çətinliyindən getmir. Sadəcə, kənardan başqa cür yoza bilərlər. Mən də bunu istəmirəm. Amma nə vaxtsa ola bilər ki, davamçım olsun. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar