Dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınan Fərman Məmmədov çıxıb edib. O qeyd edib ki, təqsirləndirilən şəxs E.İbrahimova və onun tanışı Həbib Axundova ümumilikdə 575 min manat pul verib: "Pulun 140 min manatını deputat Elmira Axundovanın oğlu Həbib Axunovun göstərişi ilə Elnura vermişəm. 435 mini isə birbaşa Həbibə vermişəm. Elmira Axundova isonra 250 min manat pulu mənə qaytarıb. Elmira xanım daha əvvəl demişdi ki, oğlunun bütün işlərini Elnur görəcək. Ona görə də 250 mini Elmira Axundova mənə qaytardı".
Zərərçəkən qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub: "Elmira Axundova dedi ki, qəpiyinə qədər bütün pullarımı qaytaracaq".
İttiham aktında qeyd edilib ki, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.