Ağstafa rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin adları məlum olub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, “BMW” markalı avtomobilin donmuş körpüdən dəmir yolu naqillərinin üstünə düşməsi nəticəsində Fizuli rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Elnur Məhərrəm oğlu, Ağstafa rayon sakinləri, 1992-ci il təvəllüdlü Mehralıyev Alı Zöhrab oğlu, 1988-ci il təvəllüdlü Abbasov Alqayıt Telman oğlu və Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Nail Maqsud oğlu cərəyan vurması nəticəsində hadisə yerindəcə ölüb.
Qeyd edək ki, qəzada ölən şəxslər Qazax rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisində işləyən şəxslərdir.
*****
10:05
Yanvarın 31-nə keçən gecə Ağstafa rayonunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Əzizbəyli kəndi yaxınlığında “BMW” markalı avtomobil dəmir yolu xəttinin üzərindəki körpüdən aşıb. Avtomobil qatarlar üçün nəzərdə tutulmuş elektrik ötürücülərinin-naqillərin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Avtomobildə olan 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.
Qeyd edək ki, hadisə nəticəsində ölən 4 gənc oğlan Qazax rayon mərkəzi Xəstəxanasının yeni binasının tikintisində çalışan işçilər olub.
**********
31.01.2014 / 05:50
Qazaxda ötən gün gecə saatlarında 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonunun Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus “BMW” markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik texnikası qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.