“Avtoritet” boşanmış qadını <span style="color:red;">ŞANTAJ ETDİ : <span style="color:red;">"Zəif yerimi tutmuşdu"
03 mart 2019 13:01 (UTC +04:00)

“Avtoritet” boşanmış qadını ŞANTAJ ETDİ: "Zəif yerimi tutmuşdu"

0
Bakıda qadını intim münasibətinə görə şantaj etməkdə təqsirləndirilən Namiq Əliyevin (ad-soyad şərtdir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
 
Lent.az-ın məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun icraatında baxılıb. Müəyyən edilib ki, N.Əliyev Aytənin (ad şərtidir) qeyri rəsmi şəkildə birgə yaşadığı Nizami (ad şərtidir) ilə münasibətindən xəbər tutub. Və bundan sonra Aytəni ağır formada şantaj etməyə başlayıb. Barəsində rüsvayedici məlumatlar yayacağı ilə yanaşı, azyaşlı uşağını oğurlayacağı ilə də hədələyib. Və beləliklə, ondan küllü miqdarda pul tələb etməyə başlayıb. 
 
 
Qadının şikayəti əsasında N.Əliyev həbs edilib və ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilib. Məhkəmədə danışan N. Əliyev özünü günahkar bilməyib.
 
O, sərbəst ifadəsində qeyd edib ki, bir qız tanışlarının vasitəsi ilə Aytənlə görüşüb: “Tanışdığım bir qız mənə rəfiqəsinin problemi olduğunu dedi və yardım istədi. Gedib Aytənlə görüşdük. O, mənə dedi ki, uzun müddətdir Nizami adlı şəxslə münasibəti var. Aytənin sözünə görə, Nizami onu aldadıb və 1500 manatdan çox pulunu alıb.  Məndən xahiş etdi ki, həmin pulu alıb ona qaytarım. Bu işin müqabilində mənə 500 manat pul verəcəkdi. Razılaşdım. Nizaminin əlaqə nömrəsini Aytəndən aldım. Oğlanla görüşüb ona məsələnin nə yerdə olduğunu başa saldım. O, mənimlə birlikdə Aytənin yanına gəldi və üzr istəyib dedi ki, pulu yaxın günlərdə qaytaracaq. Üstündən bir neçə gün keçəndən sonra Nizami mənə zəng edib Aytənlə görüşmək istədiyini və 500 manat pul verəcəyini dedi. Qalan məbləği də hissə-hissə ödəyəcəkdi. Pulu mənim yanımda Aytənə verdi. Sonradan yoxa çıxdı. Onu tapa bilmədik”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, bu söhbətdən sonra nə Aytənlə, nə də Nizami ilə heç vaxt görüşməyib və heç kimdən pul tələb etməyib.
 
Zərərçəkmiş şəxs qismində ifadə verən Aytən özəl sektorda çalışdığını deyib. İfadədən  məlum olur ki, baş verən hadisə tamamilə başqa cür olub: “Həyat yoldaşımdan boşanandan bir neçə il sonra Nizami adlı şəxslə tanış oldum və aramızda isti münasibət yarandı. Dəfələrlə intim əlaqələrimiz oldu. O, mənə hərtərəfli qayğı və diqqət göstərirdi. Yalnız bir müddət keçdikdən sonra Nizami yavaş-yavaş münasibətləri soyutmağa başladı. Sonra isə ayrıldı. Bu mənə çox pis təsir elədi. Çünki münasibətimiz olduğu müddətdə ona maddi baxımdan çox kömək etmişdim, bahalı hədiyyələr almışdım. Ona çox qəzəbli idim. Vaxtilə məndən 1500 manat borc almışdı. Ayrılandan sonra həmin hədiyyələri və borcu istədim, lakin qaytarmadı”.
 
 
Aytən qeyd edib ki, məsələ ilə bağlı problemini rəfiqəsinə danışıb: “Rəfiqəm söhbət əsnasında dedi ki, onun Namiq adlı “avtoritet” tanışı var. O, mənə məsləhət elədi ki, Namiqin vasitəsi ilə Nizamini cəzalandıraq. Həmin vaxt Nizamiyə daha da çox əsəbi idim, ona görə də bu təkliflə razılaşdım. Rəfiqəm məni Namiq ilə görüşdürdü və dərdimi ona danışdım. O, mənə Nizamini cəzalandıracağını və pulumu qaytaracağını dedi. Bunun üçün isə 1000 manat istədi. Həmin pulu verdim. Üstündən bir neçə gün keçəndən sonra Namiq Nizamini götürüb, yanıma gəldi. Nizami məndən üzr istədi. Pulu tez bir zamanda qaytaracağını dedi və 500 manat verdi. Mən də bu pulu iş gördüyü üçün Namiqə bağışladım”.
 
 
Aytən ifadəsinin davamında bildirib ki, bir neçə gün keçəndən sonra Namiq ona zəng edib: 
 
"Dedi ki, Nizami onlardan “Bandottel”ə şikayət edib. Bunun üçün isə guya qardaşı tutulub. Onun sözlərinə görə, tutulan şəxs işgəncəyə məruz qalıb və onu qurtarmaq üçün 7 min manat lazımdır. Narahat oldum. Namiq dedi ki, 800 manat pulları çatışmır və bu miqdarı məndən tələb etdi. Dedim pul yoxdur, başladı şantaj eləməyə. Dedi ki, sənin ucbatından zibilə düşmüşük. Pulu verməyəcəyim təqdirdə Nizami ilə olan yaxın münasibətimi keçmiş həyat yoldaşıma, valideynlərimə, tanıdığı bütün yaxın qohumlarıma deyəcəyini söylədi. Namiqin bu sözlərindən sonra bərk qorxuya düşdüm. Zəif yerimi yaxşı tutmuşdu. Əlacsız qaldım və istədikləri pulu Namiqə verdim. Bundan iki gün sonra o, zəng vuraraq yenidən hədələməyə başladı və şəxsi borcunun olması ilə əlaqədar məndən 300 manat pul tələb etdi. Çarəsiz vəziyyətdə qaldığım üçün yenə də pul verməli oldum”.
 
 
Zərərçəkən qadın deyib ki, hədələr bununla yekunlaşmayıb: “Bir neçə gün keçməmiş Namiq yenidən 1000 manat tələb etdi. Keçmiş ərimin iş yerini öyrəndiyini və hər şeyi ona danışacağını dedi. 1000 manat pulu düzəldib, Namiqi evə çığırdım və ona verdim. Həmin vaxtdan təxminən 10 gün keçməmiş Namiq yenə zəng edərək 2.400 manat pul tələb etməyə başladı. Guya qardaşı Vəli (ad şərtidir) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularkən cibində 2.400 manat pul olub və idarənin əməkdaşları çıxarkən ona bu pulu qaytarmayıblar. Namiq pulun 1200 manatını dərhal, geri qalanını isə 10 gün ərzində alacağını bildirdi. Pulu verə bilməyəcəyimi dedim. O, məni hədələdi ki, üzümə sulfat turşusu tökəcək. Namiq və Vəlini cinayətkar aləmlə bağlılıqları olan şəxslər kimi qəbul edirdim və inanırdım ki, bu söylədiklərini edə bilərlər. 1200 manatı onlara göndərdim. 10 gün sonra rəfiqəmin oğlu ilə yenidən 1000 manat göndərdim. Hədələr isə bitmirdi. Hər gün bir bəhanə tapıb məni şantaj edirdilər. Oğlumu oğurlayacaqları ilə hədələyirdilər və artıq canımdan bezmişdim. Polisə müraciət etdim. Pulu verən yerdə gəlib tutdular”.  
 
Məhkəmə prosesində Aytənlə münasibəti olan Nizami də ifadə verib. O, deyib ki, özəl bir şirkətdə çalışan zaman Aytənlə tanış olub: “Aramızda olan münasibət daha da yaxınlaşdı. Sevgili kimi yaşamağa davam etdik, müntəzəm görüşməyə başladıq. Onunla evlənmək fikrim olmayıb. O, mənə hədiyyə olaraq müxtəlif geyim əşyaları, hətta ad günümdə çox bahalı mobil telefon aldı. Aytəndən həmin ərəfədə borc pul da aldım və sonra bu pulu hissə-hissə qaytardım. Bir gün gəldi ki, artıq ondan ayrılmaq qərarına gəldim. Bu Aytənə çox pis təsir etdi”.
 
Nizami qeyd edib ki, bir müddət sonra telefonuna zəng gəlib: “Özünü Namiq kimi təqdim edən şəxs mənimlə görüşmək istədiyini dedi. Görüşdük. O, mənə dedi ki, Aytəndən üzr istəməliyəm və aldığım pulu da geri qaytarmalıyam. Razılaşdım. Lakin dedim ki, cəmi 500 manat verə bilərəm. Pulu düzəldib Aytənə göndərdim. Sonra baş verənlərdən xəbərim yoxdur”.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Namiq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1751

Oxşar yazılar