Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qızın anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 18-ə təyin edilib.
Qeyd edək ki, qətl keçən il oktyabrın 10-u Novxanı qəsəbəsində baş verib. Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. A.Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.
Bildirilib ki, Səringül Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olub. Dəfələrlə yarışlarda iştirak edib.
Hadisədən sonra 20 yaşlı qız ilkin ifadəsində dünyasını dəyişən 31 yaşlı A. Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə, bıçaqladığını və əməlinə görə peşman olmadığını bildirib:
"Məni təhqir etdi, dedim ki, Anar, o söyüşü sənə yedizdirəcəyəm. Sonra məni şillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü, peşman deyiləm. Özümü təqsirli sayıram, amma peşmanlıq çəkmirəm. Başqası olsaydı da, eyni şeyi edərdim”.