İki uşaq anasının müəmmalı ölümü - VİDEO
31 may 2022 19:53 (UTC +04:00)

İki uşaq anasının müəmmalı ölümü - VİDEO

Bədbəxt hadisə, intihar, yoxsa qətl? APA

Lent.az APATV-yə istinadən xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini Ağalizadə Elnarə İntiqam qızının ölümü müəmmalı olaraq qalmaqdadır. 22 yaşlı qadının başına gələnlərdən sizi xəbərdar etmək üçün gərək 4 il əvvələ gedək. 2018-ci ildə Elnarə həmkəndlisi Elvin Ağəlizadə ilə ailə həyatı qurur və Elvinin ata-anasının da yaşadığı evə gəlin köçür.

Mərhumun yaxınlarının dediyinə görə, Ağəlizadələr çox qapalı həyat tərzi sürən və evlərinə gediş-gəlişə imkan verməyən ailə olub. Elnarəyə də öz ata evinə heç vaxt tək getməyə icazə verməyib, daim nəzarətdə saxlayıblar.

Cehiz məsələsinə görə ailələr arasında ilk gündən münasibətlər pozulmuşdu və xüsusilə qaynanası Elnarəyə gün verib, işıq vermirdi.

Elnarə gəlin olduğu ailədə yaşadıqlarına dözə bilmədiyini qardaşından gizli saxlasa da, anası ilə bölüşüb.

Anasının sözlərinə görə, Elnarə hadisə baş verməmişdən 4 gün əvvəl deyib ki, “birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi onların evindən çıxartmayın”. 30 aprel tarixində isə dəhşətli hadisə baş verib. Koma vəziyyətinə düşən Elnarə 10 gün ölümlə mübarizə aparır.

Paytaxt xəstəxanalarından da həkimlər dəvət olunur, bütün lazımi müayinə və müalicələr aparılır. Qardaşı Seyfəddin Rusiyada yaşasa da, özünü ilk günlərdən xəstəxanaya çatdırır və prosesə nəzarət edir. Onun sözlərinə görə, həkimlər Elnarənin ağciyər toxumalarının dağıldığını bildiriblər. Yaxınları Elnarənin paltarının cırılması, sırğasının düşməsi, üst-başının toz-torpaq içində olmasını əsas gətirərək bunun intihar olmadığını iddia edir.

Ailənin iddialarda adı çəkilən Elnarənin həyat yoldaşı Elvin Ağəlizadənin mövqeyini öyrənməyə çalışdıq. O, müsahibə vermək istəmədiyini bildirdi və şifahi olaraq qeyd etdi ki, məsələ ilə bağlı deyəcək heç bir sözü yoxdur və aidiyyət qurumlar tərəfindən araşdırma aparılır.

Elnarənin yaxınları isə ekspertizanın rəyinin hələ də təqdim olunmamasından və ümumiyyətlə araşdırmaların ləng getməsindən ciddi narahatlıq keçirirlər. Araşdırmaların hansı mərhələdə olduğunu öyrənmək üçün Baş prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovla əlaqə saxladıq.

Kənan Zeynalov bildirdi ki, Ağalizadə Elnarə İntiqam qızının 10.05.2022-ci il tarixində ölməsi faktı ilə bağlı hazırda Lerik Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırma zamanı Ağalizadə Elnarənin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin olunub, çoxsaylı şəxslərin izahatları alınıb və digər zəruri hərəkətlər həyata keçirilib. Hazırda araşdırma davam etdirilir.

# 3366
avatar

Oxşar yazılar