"OBA" marketlər şəbəkəsi partlayışla bağlı məlumat yayıb.
Lent.az xəbər verir ki, şirkət hadisə zamanı 3 nəfərin yaralandığını açıqlayıb:
"Bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib.
Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır.
Qeyd edək ki, "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq.
Xəsarət alanlara Allahdan şəfa diləyirik".
***
saat 08:45
Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.
Lent.az xəbər verir ki, ilkin ehtimala görə, partlayış qaz sızmadan meydana gəlib.
Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.