“What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.
Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.
Aparılmış araşdırmalarla E. Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə onun barəsində inzibati həbs qərarı verib.