Zaqatalalı Xəlilin evindən Niderland kral ailəsinə qədər uzanan <span style="color:red;">MACƏRA DOLU HƏYAT HEKAYƏSİ- II YAZI
20 noyabr 2015 19:59 (UTC +04:00)

Zaqatalalı Xəlilin evindən Niderland kral ailəsinə qədər uzanan MACƏRA DOLU HƏYAT HEKAYƏSİ- II YAZI

0

 

Niderland krallığı, Osterveyk şəhəri.

 

24 fevral, 1945-ci il.

 

...Onu Niderland Müqavimət Hərəkatının baş qərargahına çağırmışdılar. Təcili qərargaha gəlmişdi. Hansısa vacib əməliyyatamı gedəcəkdi, nədi, özü də tərəddüd içindəydi. Qərargahda ondan başqa daha bir neçə partizan var idi. Amma tərəddüdü bir anın içində yox oldu. Qərargah rəisi tərəfindən ona xüsusi arayış verilirdi. Təltifnaməyə, haradasa diploma oxşayan bir arayış. Orada isə elə beləcə də yazılmışdı. Hə, elə beləcə: “Məmməd Məmmədovla görüşən hər kəs ona hörmət etməli və ehtiram göstərməlidir”.

 

(Əvvəli bu linkdə - http://news.lent.az/news/222014)

 

 

…Məşhur filmdə deyildiyi kimi, müharibə bu dağlara da gəlib çıxmışdı. 1940-cı ili mayın 5-də almanlar Hollandiya sərhədlərini pozub ölkəyə girmişdilər. Hollandiya ordusu almanlara vur-tut 5 gün müqavimət göstərə bilmişdi. Mayın 10-da isə rəsmi Amsterdam təslim olmuş, kral ailəsi ölkədən qaçmış, Londona sığınmaq məcburiyyətində qalmışdı. Ölkə əhalisi isə işğalla barışmalı olmuşdu. İşğaldan sonra on minlərlə holland fabrik və zavodlarda faşist Almaniyası üçün çalışır, silah, ərzaq istehsalıyla məşğul olurdu. On minlərlə holland gənc isə zorən alman ordusuna çağırılmışdı. Çox yox, 1 il keçəcək, elə həmin on minlərlə hollandın da daxil olduğu alman ordusu SSRİ-yə soxulacaqdı.

Və həyatın ironiyasına baxın, çox yox, 4 il də keçəcək, işğala məruz qalan ölkənin əsgərlərinin də olduğu partizan dəstələri elə həmin Hollandiyanı, elə həmin almanlardan xilas edəcəkdi. Bizim qəhrəmanımız Məmməd Məmmədov da həmin partizanların arasındaydı.

 

Amma hələ 43-cü ildir. Aralarında Məmmədin də olduğu minlərlə əsir xüsusi mühafizə olunmuş qatarlarla Almaniyadan Hollandiyanın Şimali Brabant vilayətindəki kiçik Arle-Rikstel şəhərinə gətirilir. Əsirlər kiçik qazmalara yerləşdirilirlər. Təxminən 1 ay Arle-Riksteldə qaldıqdan sonra əsirləri Şimali Brabantın başqa şəhərinə, Osterveykə aparırlar. Burada isə onların necə deyərlər, qara günləri başlayır.

 

Əsirlər gündə 12-14 saat yaxınlıqdakı Böyük Speik meşələrində katorqa işləri görürdülər. Aclıq və xəstəlik əsirlər arasında tez-tez ölüm hallarına səbəb olurdu. Ölənləri isə hansısa qəbiristanlıqda yox, elə meşədəcə dəfn edirdilər. Qaçmaq, qaçmaq, qaçmaq…Məmməd və digər əsirlərin yeganə istəyi bu cəhənnəm vadisindən qaçmaq, yerli partizanlara qoşulmaq idi. Çünki nəinki yerli əhali, əsirlərin özləri belə onların gecə-gündüz ağac qırıb səngər qazdığı Böyük Speik meşələrində partizanların olduğunu bilirdi. Onların əsas məqsədi də “Hollands verzet”ə - Hollandiya Müqavimət Hərəkatına qoşulmaq idi.

“Holands verzet”də isə sovet əsirlərinə ayrıca münasibət vardı. Hərəkatın qərargahında onları sevinclə qarşılayır, həvəslə sıralarına qəbul edirdilər. Sonradan partizanlarla əsirlər arasında əlaqələndirici rolunu oynamış Mariya Verviers öz xatirələrində yazacaqdı:  “Əsirlər meşədən, katorqa işlərindən qaçıb Osterveykdəki evlərdə gizlənirdilər. Yerli əhali onları ən etibarlı yerlərdə saxlayırdı”. Xanım Verviers bir maraqlı məqama da toxunur. Onun dediyinə görə, Osterveykdə gizlənən əsirlərin arasında azərbaycanlı çox idi. “Onların yeməklə təminatında ciddi problemlər vardı. Çünki müsəlman olduqlarından donuz əti yemirdilər. Amma bütün bunlara rəğmən inək və toyuq əti tapıb onları yedirdirdik”.

 

Məmməd isə ilk gündən digər əsirlərin içində seçilməyə başlayır. Həm düşərgədə, həm də Osterveyk sakinləri arasında da öz ünsiyyəti, liderlik qabiliyyəti ilə fərqlənirdi. Qaçmaq, partizanlara qoşulmaq planı isə ona rahatlıq vermirdi. Yerli sakinlər arasında olduqca nüfuza malik olan Məmmədi “Medo” deyə çağırırdılar. Partizanlara yaxın olan osterveyklilərin əksəriyyəti “Medo” vasitəsi ilə əsirlərlə əlaqə saxlayır, onlara isti paltar və yemək ötürürdülər. “Medo” ilə ən yaxın münasibəti isə Serbrextlər ailəsi saxlayırdı. Bu ailəylə, xüsusən Serbextlərin qızı Ritlə dost olan “Medo”nun ağlına da gəlməzdi ki, çox yox, bir neçə ay keçəcək, o, bu ailəylə qohum olacaqdı. Amma hələ ki, “Medo”nun əsas istəyi holland partizanlarına qoşulmaq idi. O, partizanlara qoşulmaq üçün dayanmadan yollar axtarır, planlar cızırdı.

Məmməd sonradan xatırlayacaqdı: “Osterveyk o qədər balaca şəhər idi ki, hamı bir-birini tanıyırdı. Burada əsirlərə münasibət də yaxşı idi. Bizi tez-tez evlərinə dəvət edənlər də olurdu. Yemək də verirdilər. Amma bütün bunlara rəğmən məni və əksər əsirləri ancaq bir şey düşündürürdü: qaçmaq və partizanlara qoşulmaq”.

 

 

Yeri gəlmişkən, bu arada daha bir maraqlı məqamı nəzərinizə çatdıraq. II Dünya müharibəsi zamanı Brabant tarixinin tədqiqatı ilə məşğul olan “Avan de Ord” nəşriyyatı tərəfindən dərc olunmuş materialda Məmməd Məmmədovun qısa tərcümeyi-halı belə əks olunub: “1943-cü ildə M. Məmmədov bir neçə başqa azərbaycanlı əsir yoldaşı ilə bərabər katorqa işləri görmək üçün Niderlanda gətirilir. Onlara alman ordusuna məxsus hərbi forma geyindirilir. Osterveyk əsir düşərgəsində ağır artilleriyanın daşınması və yerləşdirilməsi məqsədilə yollar və hasarlar çəkmək üçün 150 rus əsgər saxlanılırdı. «Medo (Məmməd Məmmədov) da onlardan biri idi. Onlar, əsasən, hərbi sursatın daşınması, səngərlərin qazılması, almanların müdafiə nöqtələrini gücləndirməsi üçün işlədilirdi. Rus əsirlərinin düşərgəsi Poiterstrast küçəsində yerləşən “Şəfqət bacıları” məktəbində idi”.

 

***

 

…Həmin gün səhər əsirləri meşəyə işləməyə aparmırlar. Sıra düzülüşündən və yoxlamadan sonra onlar Osterveykdəki dəmiryolu vağzalına gətirilir. Onları Amsterdama aparacaqdılar. Əsirlərin dislokasiyasının səbəbi isə bəlli deyildi.

 

Qatar tərpənəndən sonra məlum oldu ki, mühafizə o qədər də güclü təşkil edilməyib. “Medo” qaçmaq üçün bundan yaxşı şans olmadığını gözəl başa düşürdü. Bu barədə yanında əyləşmiş iki əsir yoldaşıyla da razılığa gəldilər. Qatar hansısa stansiyaya yaxınlaşdığından sürəti də azalırdı. Bir yandan da mühafizəçi əsgər vaqonun o başında siqaret çəkə-çəkə  əsgər yoldaşıyla zarafatlaşırdı. Amma zarafatdan keçmişdi “Medo” və yoldaşları üçün. Vaqonun qapısını açmasıyla “Medo”nun özünü yerə atması bir oldu. Bundan sonra digər əsirlər də tullandılar. Üç əsir gecənin qaranlığını yara-yara işıq gələn tərəfə irəliləyirdilər. Orda isə onları sürprizlər gözləyirdi. Özü də necə sürprizlər...

Səbuhi Məmmədli, Eyndhoven

Image result for bakcell

 

(Bu yazılar  Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 872

Oxşar yazılar