Bu gün Rusiya Federasiyasının keçmiş baş naziri, sabiq xarici işlər naziri Yevgeni Primakov vəfat edib. 1929-cu ilin oktyabrında Kiyevdə anadan olan Y. Primakov haqqında maraqlı məlumatlardan biri onun ixtisasca şərqşünas olması ilə bağlıdır. Daha sonra tanınmış siyasətçi və iqtisadçıya çevrilən Y.Primakov 1953-1962 illərdə SSRİ Dövlət Radio və Televiziya Komitəsində işləyib. 1962-1970 illəri arasında “Pravda” qəzetinin Asiya və Afrika bürolarında müxbirlik və redaktorluq edən Primakov 1970-vci ildə SSRİ Elmlər Akademiyasına gətirilib. Həmin vaxtdan 1977-ci ilədək o, akademiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətləri Araşdırma İnstitutunda işləyib. 1985-ci ildə isə Y.Primakov həmin institutun direktoru təyin edilib.
Y.Primakov siyasətə nisbətə gec – 1989-cu ildə gəlib. O, 1989-1991 illərində SSRİ Kommunist Partiyasının rəhbərliyində təmsil olunub və Mərkəzi Komitənin üzvü olub. 1991-1996-cı illərdə müstəqil Rusiya Federasiyası dövlətinin xarici kəşfiyyat naziri vəzifəsini icra edən Primakov daha sonra digər vəzifəyə - Rusiyanın xarici işlər naziri postuna gətirilib. Primakov 1998-1999 illərdə Rusiyanın baş naziri vəzifəsini icra edib.
Primakovun son iş yeri Rusiya Sənaye və Ticarət Evi olub. O, ömrünün sonuna kimi bu vəzifəni tutub.
Y.Primakov Kiyevdə doğulsa da, ömrünün böyük hissəsini Moskvada yaşayıb.
Qeyd edək ki, Y.Primakovun adı Azərbaycanda heç də xoş xatirələrlə yad edilmir. 1990-cı ilin 20 yanvarında Bakıya sovet qoşunlarının çağırılmasının əsas təşəbbüskarlarından olan Y.Primakov Azərbaycandakı siyasi böhran zamanı sovet hakimiyyətinin işini tənzimləmək üçün Mixail Qorbaçov tərəfindən Bakıya göndərilib. Azərbaycanın kommunist rəhbərliyinə sovet ordusunun şəhərə girməyəcəyini rəsmi şəkildə bəyan etsə də, sonradan onun yalan danışdığı üzə çıxıb. Mixail Qorbaçova yazdığı hesabatda o, “Bakıya təcili ordu hissələrinin yeridilməsinin vacibliyi”ni yazıb.
20 yanvarla bağlı qaldırılmış cinayət işində Y.Primakovun adı əsas günahkarlar sırasında qeyd olunurdu.