Nağıldan milyonlar qazananlar – <span style="color:red;">REPORTAJ
27 yanvar 2016 17:30 (UTC +04:00)

Nağıldan milyonlar qazananlar – REPORTAJ

0

Romaya getsəniz, şəhərin Via del Corso küçəsi ilə Via del Pastini küçəsinin kəsişməsindəki bu dükana mütləq dəyin. Əlinizin altında telefon olsa, tapmaq çətin olmayacaq şəhərin xəritəsində. Bura nə İtaliyanın brend geyim mağazalarındandır, nə də hansısa parfüm butiki. Burada heç italyan klublarının simvolikaları da satılmır. Hərçənd, bu məqama qayıdacağıq.

 

Bertalussi ailəsinə məxsus bu dükanda ağacdan hazırlanmış Pinokkio-Buratinolar satılır. Hə, təəccüblənməyin. Hamısı ağacdan. Müxtəlif suvenirlər, taxtadan əqrəbi olan taxta saatlar, fotoalbomlar, müxtəlif fiqurlar, oyuncaqlar, karandaş və qələmlər, hətta velosipedlər. Hamısı da ağacdan düzəldilir. Şam ağacından. İllərdir bu mağazaya sahiblik edən Bertalussilərin prinsipi belədir; burada hər şey məhz şam ağacından hazırlanmalıdır. Və bu da təsadüfi deyildi.

 

Çünki Karlo Kollodinin qəhrəmanı olan Pinokkio (“Pinokkionun macəraları. Taxta kuklanın hekayəsi”) məhz şam ağacından hazırlanmışdı.

 

Bəs necə yaranmışdı axı bu Pinokkio nağılı? Bizlərə tanış olan və yazıçı Aleksey Tolstoyun adını Buratino qoyuduğu Pinokkio əslində real tarixi şəxsiyyət olub. 1790-cı ildə Florensiyada doğulub Pinokkio. Körpəlikdə yaşıdlarından heç nə ilə fərqlənməyib. Amma 5 yaşına çatanda məlum olub ki, boyu artmır. Hə, Pinokkio liliput qalır. Boyu 1 metr 20 santimetrdən artıq böyümür ki, böyümür. Amma buna baxmayaraq, Pinokkio çox cəsur uşaq imiş. Təsəvvür edin, o, yeniyetmə yaşında İtaliyanın müstəqillik uğrunda apardığı müharibəyə qoşulur. Polklardan birinin təbilçisi olur. Döyüşlərin birində isə ağır yaralanır. Bir ayağını itirir. Evlərinə şikəst qayıdır. Amma o vaxtlar Florensiyada tanınmış həkimi olan Karlo Bestulci onun ayağına taxtadan protez qoyur. Liliput Pinokkio bundan sonra yerli sirkdə işə düzəlir. Meydanlarda çıxış edərək çörək pulu qazanır. Bir ayağı şam ağacından hazırlanmış protezi olan Pinokkio çıxışlarının birində hündürlükdən yıxılır. Və bir də yağa dura bilmir...

 

Tezliklə Pinokkio baradə bütün İtaliyada danışmağa başlayırlar. Yazıçı Karlo Kollodininin “Pinokkionun macəraları. Taxta kuklanın hekayəsi” uşaq nağılından sonra isə Pinokkio artıq əfsanəyə çevrilir. Və burada 3 maraqlı məqamı diqqətinizə çatdıraq:

 

Kollodininin uşaqları görməyə gözü yox idi. Bilinmir nə səbəbdən idisə, uşaqlara nifrət edirmiş bu yazıçı;

 

Nağılı oxuyan oxucular Kollodiniyə bir şeyi bağışlamırdılar: yazıçı nağılın sonunda tarixdə olduğu kimi Pinokkionu öldürmüşdü. Amma ictimai etiraz o qədər güclü oldu ki, Kollodini nağılın sonuna dəyişiklik etmək məcburiyyətində qalmışdı;

 

Və nəhayət, nağıl indiyədək nə az, nə çox, dünyanın 200-dən çox dilinə çevrilib.

 

...İndi qayıdaq dükana. Havanın soyuq olmasına baxmayaraq, dükanın qapısı həmişə açıq olur. Girəcəkdə usta əyləşib. 65 yaşı var Pyerluicinin. Dediyinə görə, onun atası və babası, hətta ulu babası belə, bu sənətlə məşğul olublar. Üç oğlundan ikisi də şamdan Pinokkiolar yonur.

 

Dükan nağıllar aləmidir sanki. 2-3 avrodan başlayan karandaş və qələmlərdən tutmuş, qiyməti 700 avroya çatan velosipedə kimi, uşaqların ürəyincə nəyə desən rast gəlmək olar burada. Elə uşaqlar da qarşılarına çıxan Pinokkioların hamısına az qala sarılırlar. Əslində başqa cür mümkün də deyil.

 

Mən ağacdan hazırlanmış fotoalbom alıram. Üstündə Pinokkionun rəsmi çəkilmiş şamdan hazırlanmış fotoalbom. Satıcı deyir ki, mənim aldığım bu albom, məhz bu dükanın son 5 ildə  –  Bertalussi şəbəkəsinin Romada bir neçə dükanı var – satdığı 71 min 345-ci albomudur. Bu, təkcə bir dükanın satdığı bir məhsulun sayıdır. Buradakı malların çeşidi isə onlarladır. İndi özünüz təsəvvür edin.

 

Dükanını əsas ziyarətçiləri isə təbii ki turistlərdir. Yeri gəlmişkən, 2015-ci ildə təkcə Romanı – bütövlükdə İtaliyanı yox ha - 40 milyon 400 min turist ziyarət edib. Və rəqəm yəqin sizə nəsə dedi, başqa statistikaya ehtiyac yoxdur.

 

Dükandan nəsə almamış çıxmaq, sadəcə mümkün deyil. Sanki hansısa tilsim səni adi qələm də olsa, almağa məcbur edir. İtalyanların futbol xəstəliyi bura da sirayət edib. “Roma”, “Latsio”,  “Yuventus”, “Fiorentina”,  “Napoli” , “Milan”, “İnter” kimi klubların simvolları ilə bəzədilmiş taxta Pinokkiolar burada xüsusi hörmət sahibidirlər. Qiymətləri isə 15 avrodan baha deyil. Uşaqları sevindirmək üçün böyük pullar deyil məncə…

Elə bu yazı da məhz uşaqlar üçün idi. Sabah böyüklərin Romasından yazacağıq… Odur ki, bizimlə qalın.

 

P.S. Hə, lap yaddan çıxmamış deyim, ruslar italyanları bir qədər qəzəbləndirib Buratino məsələsində. Söhbət Pinokkionun Buratinoya çevrilməsindən getmir. Dərd ondandır ki, Rusiya istehsal etdiyi TOS-1 ağır odsaçan silahlarına... “Buratino” adı veriblər...

 

Səbuhi MƏMMƏDLİ, Roma

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar