Avropada hörməti olmayan ölkə, 1 avroluq qız, baş tutmayan gəzinti – REPORTAJ
14 avqust 2013 17:25 (UTC +04:00)

Avropada hörməti olmayan ölkə, 1 avroluq qız, baş tutmayan gəzinti – REPORTAJ

0

... - Təəssüf ki, şəxsi işlərimlə əlaqədar Polşada olacağam və Litvaya avqustun 15-də qayıdacağam. Ona görə də görüşə bilməyəcəyik. Ehtiyatlı ol, Litva ermənipərəst ölkədir.

 

- Mən də təəssüf edirəm ki, şəxsi işlərin çıxdı. Yoxsa gedib ermənipərəst mövqelərinə qarşı Litva Seymi qarşısında etiraz aksiyası keçirərdik.

 

Bu söhbəti Litvada çalışan həmkarımla yeniyetmə akademik avarçəkənlər arasında dünya çempionatına yollanmamışdan öncə etmişdim. Ona nə qədər zarafatla cavab versəm də, sözlərində müəyyən həqiqətin olduğuna şübhə etmirdim. Elə Vilnüsə yenicə çatmışdım ki, pasport qeydiyyatına baxan yerli polis əməkdaşı “Niyə gəlmisən?” deyə məni sorğu-suala tutmağa başladı. Eyni məzmunlu suallar baqajı qəbul etdikdən sonra daha 2 polis əməkdaşı tərəfindən ünvanlandı. Adamla elə danışırdılar ki, sanki qeyri-adi ölkəyə düşmüsən və bura ayaq basmaq şansı hər adama verilmir. Həmin vaxt onların hərəkətlərinə haradasa haqq qazandırırdım. Necə də olmasa, Avropa Birliyi ölkəsidir, “köhnə qitə”yə bizdən xeyli yaxındırlar, bizə yuxarıdan-aşağı baxa bilərlər. Amma...

 

***

 

...Paytaxtdan Trakaya təqribən 30 km məsafə var. Bakıdan Sumqayıta qədər. Lakin Litvadakı yolboyu təmizlik, yaşıllıq və yol intizamını Azərbaycandakı ilə müqayisə etmək ağlasığmazdı. Yol kənarında heç bir tikinti, meşələr içərisində restoranlar, istirahət mərkəzləri, otellər yox idi. “Göllər şəhəri” Trakayın mənzərəsinə isə söz ola bilməzdi. Burada 6 minlik əhalinin sayından çox turist gözə dəyirdi. Üstəlik, dünya çempionatı ilə əlaqədar təşrif buyuran mindən çox idmançı, məşqçi, federasiya nümayəndələri və digər rəsmi qonaqlar  şəhərdə əməlli-başlı qələbəlik yaratmışdılar. Azərbaycanı isə cəmi 1 idmançı – Boris Yotov təmsil edirdi. 17 yaşlı Yotov 36 avarçəkən arasında ilk “6-lığ”a düşməyi bacarsaydı, 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqdı. Çempionatın keçirildiyi Qalve gölündə 2000 metr uzunluğunda olan yürüş zolağı Trakay qəsri ilə üzbəüz idi və bu zaman gözəl mənzərə canlanırdı.

 

 

Erməni düdüyü və kababası...

 

 

Litvaya çempionat başladıqdan bir gün sonra yollanmışdım. Yarışın ilk günündə Yotov uğurla çıxış edərək, ¼ finala adlamışdı. Yəni, o, təsəlli yürüşlərinə qatılmayacaqdı və növbəti yürüşünə ertəsi gün çıxacaqdı. Elə buna görə də Vilnüsə çatdığım gün şəhər gəzintisinə xeyli vaxtım oldu. Paytaxt küçələrində gəzərkən, ermənilərə məxsus “Ararat” restoranından daha çox bir neçə yerdə vurulan afişa diqqətimi çəkdi. Həmin afişada Jivan Qasparyan və Asmik Qriqoryanın konsertinin olacağı bildirilirdi. Özü də Qasparyanın əlində tutduğu balaban musiqi aləti “düdük” kimi qələmə verilmişdi. Sonradan da Vilnüsə yolum düşdü. Bir dəfə Trakay avtovağzalına gedən yolda üzərində “kababas”, yəni “kabab” yazılmış köşk diqqətimi çəkdi. Maraqçün ora yaxınlaşdım. Məlum oldu ki, bu köşkdə kabab hazırlayan da ermənidir. Buranın əvvəlki sahibi türkiyəli olsa da, erməninin istifadəsinə verib. Ümumiyyətlə, Litvada olduğum 4 gün ərzində heç bir azərbaycanlıya rast gəlmədim. Əvəzində azərbaycanlılara məxsus musiqi aləti və yeməkləri mənimsəyən erməniləri gördüm.

 

Arzu et, 3 dəfə fırlan

 

Vilnüs nə bahalı, nə də varlı şəhərdir. Paytaxtda hündür mərtəbəli, xüsusən son illər tikilən binaların sayı azdır. Bəlkə də ən görməli yeri orta əsrlərdən qalan “Köhnə Vilnüs” adlanan ərazidir. Bura dar küçələrdən ibarətdir. Çox da uzun olmayan küçəni keçdikdən sonra meydana çıxırsan. Meydanda isə daha çox Kilsə Meydanı diqqətimi cəlb etdi. Burada dairəvi formada üzərində “stebuklas“ (“möcüzə”) yazılmış plitələr döşənib. İnsanlar həmin yazının üstünə çıxaraq, arzu edirlər, sonra da arzularının yerinə yetməsi üçün 3 dəfə yerlərində fırlanırlar. Ümumiyyətlə, bu ərazidə axşamlar xeyli insan görmək olar. Ətrafdakı binaların isə 500-dək yaşı var.   

 

İspaniyada qul litvalılar

 

Gəzintinin ardından Vilnüsün böyük ticarət mərkəzinin olduğu məkana yollanıram. Sürücü söhbətcildi. Əksər yerli sakinlər kimi rusca danışmağı bacarırdı. Elə o, litvalıların paxırını açdı. Dediyinə görə, bu millətin Avropada elə də yüksək hörməti yoxdur. Sadəcə, siyasətdir deyə, Avropa Birliyinə Latviya və Estoniya ilə birgə qəbul ediblər. Hətta litvalının litvalıya nifrət etdiyini deyən həmsöhbətimiz “Bizimkilər bir-birilərini işə götürmürlər” söylədi. Təqribən buna bənzər söhbəti ertəsi gün Trakay gölündə gəzinti zamanı qayığın sükançısı da etdi. Hətta o, litvalıların İspaniyada apelsin plantasiyalarında qul kimi işlədildiyini, onların plantasiyalardan qaçmamaları üçün sənədlərinin əllərindən alındığını dedi.  

 

Basketbolun futbolu üstələdiyi ölkə

 

Vilnüsdə idmanın mövcud vəziyyətinə gəldikdə, təbii ki, insanlar daha çox basketbola azarkeşlik edirlər. Bunu hətta uşaqların əynindəki maykaların arxasında yazılan müxtəlif litvalı basketbolçuların adlarından görmək olar. Taksi ilə ticarət mərkəzinə gedərkən, Vilnüsün mərkəzi stadionu qarşısından da keçdik. Elə ilk baxışdaca arenanın projektorlarının, tablosunun pis vəziyyətdə olması diqqətimi çəkdi. Sürücü artıq bu stadionda heç bir oyunun keçirilmədiyini bildirdi. Onun sözlərinə görə, baxımsızlıqdan ot örtüyü pis vəziyyətə düşüb. Hətta meydançanın mərkəzində dərin çuxur meydana gəlib. Halbuki vaxtilə bu stadionda Litvanın məşhur komandası - “Jalgiris” SSRİ çempionatında ev oyunlarını keçirib. İndi isə ölkə millisi rəqiblərini Vilnüsdəki Litva Futbol Federasiyasına məxsus süni örtüklü stadionda qəbul edir.

 

Ticarət mərkəzi məhz “Lietuvos Rytas” basketbol arenası qarşısında yerləşir. “Jalgiris”in vaxtilə oynadığı stadiondan fərqli olaraq, basketbol arenası elə görkəmindən özü barədə nəyisə deyir. Doğrudan da futbol və basketbol arenaları arasındakı fərq göz qabağında idi. “Lietuvos Rytas”ın qarşısında uşaqlar üçün böyük əyləncə mərkəzi də var. Bura ticarət mərkəzini də əlavə etsək, düşünmək olar ki, insanlar basketbol oyunlarına ailəvi istirahət üçün gəlirlər. Yəni, onlar oyuna baxmaqdan əlavə, alış-veriş edir, uşaqlarını əyləndirir, özləri isə əsası 1784-cü ildə qoyulan və Litvanın ən qədim pivə istehsalçısı sayılan “Şvituris” zavodunun pivələrindən dadırlar. Hazırda “Carlsberg Group”a məxsus bu pivəyə Litvanın demək olar ki, bütün kafelərində, restoranlarında rast gəlmək olar.

 

1 avro ver, qızlarla şəkil çəkdir

 

Vilnüs nə qədər tarixi şəhər olsa da, Trakay təbii mənzərəsi, gözəlliyi ilə daha çox insanın diqqətini cəlb edir. Şəhərdə yaşayış üçün ərazi göllərinin sahəsindən qat-qat azdır. Elə buranı gözəlləşdirən də onun gölləridir. Trakayın özünəməxsus iqlimi də var. Demək olar ki, hər axşam leysan yağışlarına şahidlik etdim. Yağış elə yağırdı ki, ertəsi gün küçələrdə gəzməyin qeyri-mümkün olacağını düşünürdün. Amma səhər tam əksini görürdün. Sərin havada kimisi göl kənarında ailəvi dincəlir, kimisi Trakay qalası ətrafında, kimisi də elə Qalve gölündə gəmi, yelkənli və avarlı qayıqlarla gəzintiyə çıxırdı. Göl kənarındakı fin evlərinin həyətlərindən maşınlar üçün dayanacaq kimi istifadə olunurdu. Bağlarda isə daha çox alma ağaclarına rast gəlinirdi.

 

Təbii ki, qonaqların əksəriyyəti yolunu Trakay qalasına salırdı. Qala gölün ortasında yerləşdiyindən, suyun üzərindən körpü ilə keçmək lazım gəlirdi. Həmin yol boyunca isə milli geyimlər, döyüş ləvazimatları, çalğı alətləri və digər suvenirlər satılırdı. Mən də ardıcıl iki gün yolumu buradan saldım. Həftəsonuna təsadüf etdiyindən, turistlərin sayında xeyli artım var idi. Onların arasında xeyli bəy-gəlin libasında olanlar da diqqəti cəlb edirdi. Körpünün üzərində şəkil çəkdirmək istərkən maraqlı halla rastlaşdım. Milli geyimdə bir neçə qız yaxınlaşaraq, “Gəl, bizimlə şəkil çəkdir” dedilər. Amma onların belə deməsi heç də mənə olan xüsusi maraqlarından irəli gəlmirdi. Demə, onlar şəkil çəkdirdikləri adamlardan 1 avro alırlar.

 

Burada liti olmayan lüt qalar

 

 

Puldan söz düşmüşkən, Litvanın milli valyutası lit sayılır. Avropa Birliyi ölkəsi olmasına baxmayaraq, ictimai iaşə obyektlərində, nəqliyyatda və digər xidmət sahələrində avro ilə alış-verişə icazə verilmir. 1 avro təqribən 3,4 litə dəyişdirilir. Amma həftəsonu Trakayda valyutadəyişmə məntəqələri işləmir. İşin tərsliyindən, Trakay qalasına ekskursiyaya getdiyim gün demək olar ki, “lit”siz idim. Avro isə həm böyük nominalda idi, həm də şənbə günü olduğundan, litə çevirməyə yer tapmamışdım. Yolboyu düzülən satış nöqtələrində suvenirlərin avro ilə satışına icazə verilsə də, pula heç kimdə xırda olmadı. Qalaya girdikdə isə bileti yalnız litlə satdıqlarını dedilər. Beləliklə, qalanın daxilində gəzib-dolaşa bilmədim. Avronu ertəsi gün Vilnüs avtovağzalında xırdalaya bildim. Avtovağzalda elə nizam-intizam var idi ki, avtobuslar bir dəqiqə də gecikmirdi. Ərazi tərtəmiz idi, avtobusa girən kimi dərhal bilet alıb salona keçməli idin. Həmin gün isə dünya çempionatında final yürüşləri keçirilirdi. Yotov daha öncədən Yeniyetmələrin 2014-cü il Nanjinq Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmişdi. İndi isə o, medal arzusunda idi. Vilnüsdən Trakaya qayıdıb, özümü final yürüşünə çətinliklə çatdırdım. Təmsilçimiz bürünc medal qazandı. Amma o, elə də sevincli deyildi. Yəqin ki, bu, bir neçə ay öncə Avropa çempionatında yendiyi polşalı rəqibindən bu dəfə geri qalması ilə əlaqədar idi. Hər halda Yotov karyerasında ilk dəfə dünya çempionatında medal qazandı və Azərbaycan bayrağını ucaltdı. Onun çıxışını izləyənlər arasında Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının prezidenti Denis Osvald da var idi...

 

***

 

Dünya çempionatının və Litvaya səfərimin son günü idi. Artıq işlərimi yekunlaşdırıb Trakay qalasına getməyə hazırlaşırdım. Bu zaman birdən-birə leysan yağmağa başladı. Elə yağırdı ki, heç çölə ayaq basmaq mümkün deyildi. Yarım saatdan sonra kəssə də, artıq gec idi. Demə, Trakay qalasına girişə yerli vaxtla saat 19:00-dan sonra icazə verilmir. Belə olduqda qalanın ətrafında gəzişməkdən başqa çıxış yolum olmadı. Doğrudan da möhtəşəm tikili idi. Yalnız qarşı tərəfdən girişi olan qala su ilə əhatələnmişdi. Su ilə gəzintinin də yeri var idi. Həyatımda ilk dəfə avarlı qayıqla Qalve gölündə gəzdim və bundan böyük zövq aldım. Amma təəssüf ki, bir neçə ay öncə televiziya vasitəsilə izlədiyim Trakay qalasının içərisini gəzmək mənə nəsib olmadı...

 

 

***

 

Ertəsi gün səhər saatlarında Vilnüsü sürətli qatarla tərk edərək Belarusun paytaxtı Minskə yollandım. Minsk- Bakı reysi ilə uçan təyyarəni axşamadək gözləməli idim. Əslində, bu iki paytaxt şəhər arasında kifayət qədər fərq tapmaq olar. İlk növbədə, Vilnüs tarixi, Minsk isə müasir şəhərdir. Belarus paytaxtında quruculuq işlərinin getdiyini elə ilk baxışdan görmək mümkündür. Hündür mərtəbəli binalar, parklar, böyük restoranlar, ticarət mərkəzləri Minskə xüsusi gözəllik verir. Litvadan fərqli olaraq, burada istənilən yerdə valyuta dəyişdirmək mümkündür. Özü də bütün banklarda Belarus rublunu sənə kağızın arasında verirlər. Bu isə pul nominalının həddən artıq böyüklüyü ilə bağlıdır. Təsəvvür edin ki, 1 avronu təqribən 12000 rubla dəyişdirirlər. Yəni, 100 avro dəyişdirsən, əməlli-başlı “milyoner”ə çevrilirsən. Əvəzində nəinki 100 rubla, hətta 1000 rubla heç nə düşmür...

 

Elşən Məmmədov

Bakı – Vilnüs – Trakay – Minsk - Bakı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2867

Oxşar yazılar