Son görüş, 25 il həbs, 69 ildən sonra...- <span style="color:red;">ARAŞDIRMA
11 iyun 2014 14:48 (UTC +04:00)

Son görüş, 25 il həbs, 69 ildən sonra...- ARAŞDIRMA

0

(Bu yazı Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hazırlanıb)

 

 

İkinci YAZI

 

(Əvvəli bu linkdə http://news.lent.az/news/169214)

 

- Siz gecikmisiniz, cavan oğlan, o, bir həftə əvvəl öldü. Düz bir həftə əvvəl.

 

- Öldü?

 

Az qala yerimdən qalxıb təkrar bağırmaq istəyirəm. O isə soyuqqanlılıqla  təsdiqləyir…

 

- 65 il gözlədi onu. Nələrə əl atmayıbmış yazıq arvad? Sovet səfirliyinə, telekanallara... Onun taleyindən bir ay qabaq xəbər tutdu. Deyəsən arxayın oldu ki, bitdi hər şey, daha onu gözləməyin yeri yoxdu. Heç 20 gün keçmədi, canını tapşırdı.

 

- 65 il gözlədi, hə?

- Hə, gözlədi, nə ölüsündən, nə də dirisindən xəbər tutmadan gözlədi…

 

*** 

 

Linsada, həcminə görə Avropanın ən böyük həbs düşərgələrinin birində Gina ilə Nurunu ayırırlar. Gina qadınlar, Nuru isə kişilər üçün ayrılmış baraka göndərilir. Onların bütün sənədləri isə Ginada qalır. Gina ümid edir ki, düşərgədə sadə prosedurlardan keçəcəklər,  hər ikisi kommunist olduğundan,  burada çox qalmayacaqlar. Amma düşərgə günləri bir-birini əvəz edir. Bu günlər ərzində onlar bir-birini görə bilmirlər. Nəhayət, Ginanın əsəbləri dözmür. O, düşərgə komissarına müraciət edir. Bajerov familiyalı komissar isə ona sərt cavab verir: “Hələ bilmək olmaz, siz faşistlərə işləmisiniz, yoxsa kimisiniz”. Gina ona kommunist olduqlarını, partizan dəstəsində döyüşdüklərini, ümumiyyətlə əlindəki bütün sənədləri komissara verir. Komissar sənədləri götürüb gedir.

 

Həmin vaxt isə başqa bir barakda Nuruya olmazın işgəncələr verirdilər. Onu məcbur edirdilər ki, əsirlikdə olanda faşistlərlə əməkdaşlıq etməsi barədə sənədlərə qol çəksin. Nuru isə elə hey bağırırdı: qonşu barakda həyat yoldaşımda bütün sənədlər var. Mən kommunistəm. Mən partizan dəstəsində faşistlərə qarşı vuruşmuşam.

 

Amma onun səsi Ginaya çatmırdı…

 

 

***

 

Düşərgəyə gələnin 8-ci günü Ginanı düşərgənin siyasi şöbəsinə çağırırlar. Elə həmin komissar Bajerov ona bildirir ki, Nuru vətən xainidir, Sibirə göndəriləcək. Ona görə də, geri İtaliyaya, ata evinə qayıtmalıdır. Gina komissardan ona verdiyi sənədlərə bir daha baxmasını tələb edir. Komissar isə soyuqqanlıqla “Bu sənədlərin heç bir əhəmiyyəti yoxdur. Onları cırıb atdım” deyir.

 

Gina dəli olmaq həddinə çatır. Necə yəni cırıb atdım?

 

Axı həmin sənədlərdə onların taleyi həll olunurdu? “Yox, ola bilməz” düşünür Gina. Komissara yalvarır, onu dilə tutmağa çalışır. Komissar Bajerov isə “zəhləmi tökmə” deyib  onu otaqdan qovur. Baraka çatan kimi isə Ginaya bildirirlər ki, səhər tezdən  Boltsanoya yola salınacaq. Gina səbəbini soruşur. Ona deyirlər ki, əri vətən xainidir. O, Sibirə gedəcək. Ginanın isə SSRİ-yə heç bir aidiyyatı yoxdur, İtaliyaya qayıtmalıdır. Qızı dəhşət bürüyür. Ola bilməz, Nuru xəyanətkar deyil…(İllər keçəcək Gina Nurunu axtarmaq üçün İtaliyadakı Sovet səfirliyinə, Moskvaya yüzlərlə teleqram vuracaq, Nurunu soraqlayacaqdı. Və hər dəfə ona elə beləcə də deyəcəkdilər: SSRİ nəhəngdir, insan balaca. Haradan tapaq?)

 

 

 

***

 

 

… Həmin gecə saat 3-də mühafizəçilərdən biri Ginanı oyadır. Ona deyirlər ki, üstündəki qızılları versən, bir dəqiqəlik bir nəfərlə görüşəcəksən. Gina heç nə başa düşmür. Onda mühafizəçi konkret ad çəkir: “Partizan Aleksandr səninlə görüşəcək”. Gina tərəddüd etmədən üzüyünü və boyunbağını əsgərə verir. 10 dəqiqədən sonra onu barakın kənarındakı kiçik tikiliyə tərəf aparılar. Tikilinin o başında onu bir neçə konvoyun əhatəsində Nuru gözləyirdi. Ona tərəf yürümək istəyir. Yanındakı əsgər qabağını kəsir.

 

- Olmaz, nə sözün var buradan de.

 

- Qoy əlinə toxunum heç olmasa?

 

- Olmaz.

 

Gina sırğalarını da çıxarıb verir. Əsgər alıb cibinə qoyur. Amma Nuruya tərəf buraxmır. Gina danışa bilmir. Nurunun gözlərinə baxır. Ağlayır. Hə, hər ikisi sakit, kirimişcə ağlayır. Konvoydan əmr gəlir.

 

- Bitdi.

 

Bu dəfə Nuru dillənir:

 

- Mən qayıdacam!

 

…Səhəri gün Ginanı Boltsanoya, oradan da Beraqmoya göndərirlər.

 

Nuru isə…

 

 

Zaman 1997-ci il, 17 may.

 

Məkan Roma, RAİ TV-nin redaksiyası.

 

 

Qapıdakı mühafizəçi 70 yaşlı qarıya başa salmağa çalışır ki, artıq o deyən verilişin əməkdaşları işdə yoxdular. Səhər gəlsin. Qarı israr edir. Bolonyadan gəldiyini bildirir və onu da deyir ki, imkan varsa, kimsə onu qəbul etsin. Böyük təkiddən sonra onu axşam xəbərlərinə çəkmək qərarına gəlirlər...

 

Ginaya həmin verilişdə çox az vaxt ayırırlar. O, sadəcə bunları deyə bilir:

 

“Mən, Gina Neqrini 50 ildən çoxdur ki, Nuru Əliyev adlı azərbaycanlı partizanı axtarıram. O, “Bolero” partizan dəstəsində vuruşub. Nuru 1923-cü il yanvarın 6-da Bakıda anadan olub. Gözləri tünd qəhvəyi, saçları şabalıdı rəngdədir. Boyu 185 sm. Burnu sivridir. Mülayim adamdı. Onun başına nə gəldiyini bilmək istəyirəm. Mən illərdi onu gözləyirəm. Lütfən, rica edirəm, bu verilişə hansısa sovet adamı baxırsa, Nuru barədə yazın. Mən, Gina Neqrini, onun başına nə gəldiyini bilməliyəm. Mənim buna haqqım var. Yalvarıram, mənim ömrüm başa çatır, bundan sonra az yaşayacam. Onu tanıyan varsa, xəbər etsin. Sağıdırmı, ölübmü, xəbər etsin. Bir daha deyirəm, mən bunu mütləq bilməliyəm. Başa düşürsünüz, mənim buna haqqım çatır…”.

 

Bu sözlərdən sonra Gina göz yaşlarını saxlaya bilmir. Onu studiyadan çıxarılar. Amma həmin gün RAİ TV-nin bu süjetinə baxan yüz minlərlə italiyalı Gina-Nuru dastanından xəbər tutur. RAİ TV-ə minlərlə tamaşaçı məktubu gəlir.                                                                                                                                                                                                                                                                                                                               RAİ TV isə iki jurnalistini Azərbaycana göndərir. Onlar 1 həftə Bakıda qalırlar. Amma Nuru Əliyevlə bağlı heç bir məlumat tapa bilmirlər.   

  

Ginanın sonralar Nuruya həsr etdiyi “Qara günəş” adlı kitabında yazacaqdı: “Əgər SSRİ onu Sibirdə öldürübsə, böyük bir cinayət edib. Çünki Nuru cinayətkar deyildi. Mən hələ də ümidimi üzmürəm. Bilirəm ki, nə qədər qəddar rejim olsa belə, yaxşı insanı Tanrı qoruyur. Mən inanıram ki, o sağdı”.

 

 

 

 

Hə, Gina yanılmamışdı. Nuru sağ idi. Linsadakı həbs düşərgəsində onun boynuna heç nə qoya bilməmişdilər. Nurunu Linsadan SSRİ-yə göndərmişdilər. Bir müddət Ukraynadakı düşərgələrin birində filtrasiyadan keçirildikdən sonra tərxis olunur. Bakıya, əzizlərinin yanına qayıdır...

 

Amma...

Amma az sonra ona 25 illik həbs cəzası verib Vorkutaya göndərəcəkdilər. 8 il həbsdə yatacaqdı. Və bu yazıda gördüyünüz şəkilləri, o, 8 il qoruyacaqdı. Çünki o da Ginadan xəbər tutmaq istəyirdi. Və əlində bu fotolardan başqa heç nə qalmamışdı.

 

Ginanın isə bunlardan xəbəri yox idi. O, bütün bunlardan düz 69 il sonra xəbər tutacaqdı. Düz 69 il sonra.

Və məlum olacaqdı ki...

 

Səbuhi Məmmədli, Milan

 

(Araşdırmaya verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə təşəkkür edirik)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5836

Oxşar yazılar