İtaliyada miqrant qaçaqçılığında şübhəli bilinən 7 nəfərin həbsindən sonra ortaya şok faktlar çıxıb. Lent.az-ın dünya mediasına istinadən verdiyi xəbərə görə, miqrantları gəmiylə İtaliyaya keçirən qaçaqçılar hər reysə görə 1 milyon avro qazanırmış. Miqrantları Tunis, Mərakeş və Suriyadan İtaliyanın “Augusta”, “Pozzalo” və “Empedocle” limanlarına gətirən qaçaqçılar miqrantlardan xilasetmə jileti, ərzaq və su kimi əlavə şeylərə görə də çoxlu pul aldıqlarını etiraf ediblər.
Miqrantların dediyinə görə isə, gəmilər müxtəlif kateqoriyalara bölünüb. Günəş və yağışdan qorunmaq üçün brezentlə təmin olunan gəmilərin qiyməti 2500 dollar təşkil edib.
1500 dollar ödəyənlərə isə gəminin mühərriklərinin yanında yer verilib. Gəmi batanda həmin yerdə oturanların əksəriyyəti ölürmüş.
Üzməyi bacarmayan qaçqınların əksəriyyətindən, hətta qadın və uşaqlardan da xilasedici jiletlərə görə 200 dollar alınıb.
100 dollar pul müqabilində miqrantlara çirkli su, bir parça çörək, balıq konservi verilib.
Evlərinə zəng vurmaq üçün də qaçqınlardan 200 dollar pul alınıb.
Bu yaxınlarda gəmilərdən birini İtaliya sahillərinə gətirən Karim El Hamdi ödənişlər haqqında istintaqa miqrantlarla dolu gəmini Siciliyadakı "Pozzalio" limanına gətirmək üçün ona 1500 dollar ödənildiyini etiraf edib.
Həftəsonunda İtaliyaya 3 mindən çox qaçqın çatıb. Onların əksəriyyəti suriyalı və eritreyalılar, eləcə də Cənubi Afrika sakinləridir. Bu il ümumilikdə təxminən 40 min miqrant İtaliyaya gəlib. Bu isə ötən ilin ümumi göstərcisinə çox yaxındır.