Türkiyəyə ilk gəlişimdə məni ən çox təəccübləndirən qara çarşablı qadınlar, uzun saqqalı, fərqli geyimli kişilər oldu. İstanbulun Fatih bölgəsində Çarşanba deyilən səmt var. Bu səmtə gələndə insan bir anlığa da olsa, “İrandayam, ya Türkiyədə?” düşünmədən keçmir.
Əslində, bu bölgə son zamanlarda çox eşitdiyimiz camaatların bir fərqli qoluna aiddi. Baxışları və davranışları ilə Gülən camaatından tamamilə fərqlənən, hətta tam əksi olan İsmayıl Ağa camaatının yaşadığı böyük bir bölgədən reportaj hazırlamaq, şəkil çəkmək də çox çətindi. İnsanlar mətbuata qapalıdır və müsahibə istəyini biləndə şübhəli və narazı baxışlarla rastlaşırsan. Qadınlara yaxınlaşmaq mümkün deyil. Böyük bir qismi gözlərinə qədər bağlı olan qadınlar mətbuatın “şeytan əməli” olduğuna inanıblar.
Amma burda kimisə danışdırmağın bir yolu da var. Hörmətlə yanaşacaqsan və camaatların hocasından izn alacaqsan. İcazə verilən insanlarla danışa bilərsən. Əvvəlcə onu deyim ki, İsmayıl Ağa Camaatı 10 milyonadək insanı birləşdirir. Bu böyük kəsimin Türkiyədə söz ağırlığı var. Bax belə.
Bu qapalı bölgədən reportaj hazırlamaq üçün əvvəlcə İsmayıl Ağa camaatının söz sahibi olan Hoca əfəndini tapdım. Daha doğrusu, özünü deyil, yardımçısını. Zatən bu insanların həyatı Əfəndi üzərində kilitlənir. Öyrənirik ki, Muhammed Əfəndi adı ilə tanınan və hazırda 75 yaşı olan İsmayıl Ağa məsciddə imamdır. İsmayil Ağa Nəqşibəndi şeyxi Mahmud Ustaosmanoğluna xidmət edir. 10 milyonluq camaatın da 30 mini məhz Çarşanbada yaşayır. Xüsusilə 1980-ci illərdən sonra onların sayı artıb.
Nəhayət, məscidin imamının izni ilə Çarşanbada gəzirəm. Kiçik dərzi dükanının sahibi 58 yaşlı Hüseyn Yörükün məkanına daxil oluram. Hüseyn Yörük camaatın çox hörmətli adamlarındanmış. Muhammed Əfəndi illərdir geyimlərini ona tikdirirmiş.
- 17 il İstanbul Dövlət Opera və Balet Teatrında kostyumlar tikmişəm. Sonra əməkli oldum və həcc ziyarətinə getdim. Həcdən dönəndən sonra fikirləşdim ki işləməm üçün ən uyğun yer elə camaatın yaşadığı Fatih, Çarşanbadı.
Balet geyimləri tikən, uzun illərdi teatrda çalışan dərzinin indi bu cür qapalı səmtdə işləməsi də maraqlıdır. Təzadlı həyatı yaşayan dərzi deyir ki, əslində o teatrda işədiyi zamanda aktyorlara tarixi geyimlər tikirmiş.
- Mən balet teatrında işləyəndə çox Osmanlı kostyumları tikmişdim. Ona görə mənə çətin olmadı. Teatrda işləyəndə də saqqallı idim və cübbə geyinirdim. O zaman kimsə mənə başqa gözlə baxıb “bu geyimlə işə gəlmə” - demirdi. Geyim və təriqət azaddır, hər kəs hörmətlə yanaşmalıdır.
Maraqlıdır, dərzi Hüseyn başqa təriqətdən olan və ya başqa camaatdan olan birinin sifarişin qəbul edərmi?
- Mənim üçün fərqi yoxdu. Sifarişə gələnə hara məxsussan sualını vermirik. Amma onlar Çarşanbaya gəlib mənə sifariş verməzlər. Biz hamımız eyni ölkənin insanlarıyıq. Amma ayrı-seçkilik edənlər var.
Hüseyn Yörükdən ayrılıb, başqa biri ilə danışmaq istəyirəm. Tam mərkəzdə “Qız Quran kursu” var. Ora daxil oluram. Hocanın icazəsini uzun-uzadı anlatdıqdan sonra yalnız 1 şəkil çəkməyə və kursdan könüllü danışmaq istəyən biri ilə danışmağa icazə verilir. 23 yaşlı Şuheda Çolakın hekayəsini dinləyirəm:
- 4-cü sinfə qədər oxudum. Atam dedi ki, yazmağı bildinsə, yetərlidir. Məktəbdən alıb, Yavuz Səlim camisində Hoca yanına göndərdi. Orda Quran oxumağı və ərəb hərflərini öyrəndim. 1 il kursa getdim. Bununla da məktəb həyatım bitdi. Uzun illər evdə oturdum, ev işləri ilə məşğul oldum. Sosial həyatım yox idi. Ancaq qohumlarla görüşürdüm, bir də məhəlləmizdən olan qızlarla arada toplanırdıq. 19 yaşında ailəmin uyğun gördüyü biri ilə evləndim. İndi 4 yaşında bir oğlum var. Onu da hoca yanına aparırıq. Yaşı kiçikdi, ona Quranı öyrənmək daha asan olar.
- Siz 4-cü sinifdən sonra Hoca yanına getmisiniz. İndi Quran kursuna gəlirsiniz, fərq nədir?
- O zaman sadəcə hoca yanına getmişdim. Bu isə rəsmi kursdur və kurs sonunda sənəd alacam. Burda yalnız Quran öyrətmirlər. Tarix, ədəbiyyat dərsləri də alırıq. Amma dini dərslərin ağırlığı var.
Kursda oxuyan digər bir qız - Nazlı Kurbatinin həyatı da fərqli olmayıb. Amma onu ailəsi məktəbə belə göndərməyib. Türk əlifbası ilə yazmağı və oxumağı bilməyən Nazlı həyatından məmnundu:
- Əslində, mən bu həyatı özüm seçməmişəm. Amma başqa bir yaşam tərzi də bilmirəm. Bizim ailəmizin, çevrəmizin yaşadığı bir həyatdı. Gözümü açıb belə görmüşəm, nə mən, nə bacılarım oxumayıb. Qızların oxumasına isti baxmırlar. Amma həyatımdan narazı deyiləm. Mən bu həyatla da azadam. Sosial olmaq üçün oxumağa gərək yoxdu. Bizdə qızlara toplanırıq, bir hörgü hörürük, əl işlərimiz olur. Onları satırıq, bəzən ehtiyacı olanlara veririk. Savab iş görmək də bir sosiallıqdır.
Danışmaq icazəmiz bitir və din müəlliminin işarəsi ilə otağı tərk edirəm. Elə ora yaxın uşaq parkında bir qadının yanında otururam. Burda biri ilə danışmaq jurnalist kimi cətin olsa da sıradan insan kimi asandır. Çünki hər kəs bir-birinə salam verir. Mən də qaydalara uyğun qadınla salamlaşıb, yanında otururam. Söhbət uzanır.
Ayşəm xanımın çarşab hekayəsi
- İsmayıl Ağa ilə 2001-ci ildə tanış olduq. Quran kursuna yazılmışdım. Ora gedib- gəlməyə başladım. Bir müddət sonra məni tanımadığım biri ilə evləndirdilər. Ailəm sadəcə mənə evlənəcəyim adamı göstərdi. Mən istəməsəm də buranın qaydalarına əməl etməliydim. Ailə qurduqdan sonra bir müddət evdən çölə çıxmadım. Yalnız namaz qılırdım. İbadətlə məşğul olurdum. Burda deyirlər ki namaz qılmayan qadını ərinin döyməsi haqdır. Sonra yenidən Quran kursuna göndərildim. Əslində, mən Quran kursuna gedəndə sadəcə Quranı oxumağı öyrənmək istəyirdim. Məqsədim qapanmaq deyildi. İndi bir qızım var. Amma onu da oxumağa göndərməyəcəklər. 9 yaşında Quran kursuna gedəcək. Çünki oğlanlarla qızlar bir yerdə oxuya bilməz. Bu mənada, mənim həyatım əlimdən alındı. Bəzən camaat dini yanlış tətbiq edir.
Parkdan ayrılıb, elə bu səmtdə olan evimin yolunu tuturam. Burda mənə qapalı olmadığım üçün problem yaranmır. Sadəcə, geyimə və qaydalara diqqət etmək yetərlidir. Əslində camaatın başqalarına heç bir ziyanı yoxdu. Onların yaşadığı səmtlər təhlükəsizdir. Təbii ki, burda ədəb-ərkana və qaydalara riayət etmək lazımdır. Hazırda turistlərin çox maraqlandığı bu səmtdə hətta xaricilər də diqqətli davranır. Geyim və hərəkətlərinə ölçü verirlər. İsmayıl Ağa camaatının mənsubları “kimsəyə dəyib-dolaşmırıq, təriqətimizlə məşğuluq” - deyirlər. Sözün düzü, onlara da kimsə dəyib-toxuna bilmir. Hətta Türkiyə hökuməti də camaatla diqqətlə davranır və onları sinirləndirməməyə çalışır. Amma hökumət gizli də olsa bir mücadilə aparır. Burda deyirlər ki, hökumət camaatla “səssiz film” oynayır...
Məhsəti Şərif,
İstanbul