1314 - cü ilin mart ayında Parisdə təşkil edilmiş edamda Fransa kralı IV Filip və Roma Papası V Kliment şəxsən iştirak edirlər. Edama məhkum edilmiş şəxs tonqalda yandırılmazdan əvvəl qışqıraraq kralı və papanı lənətləyir. “ Kliment qırx gün ötməyəcək, sən mənim yanıma gələcəksən. Sən isə Filip, heç bir il ötməyəcək ki, bizə qoşulacaqsan”. Diri-diri yandırılmış məhkumun lənəti öz təsdiqini tapır. Həmin il, aprelin 20 də Roma Papası V Klimet əzablı xəstəliklə vəfat edir. Kral IV Filip isə, noyabr ayında ov zamanı atdan yıxılır və tezliklə ölür.
Bu hadisə, orta əsr Avropa tarixinin ən maraqlı və gizli səhifəsinin rəsmi sonu idi. Tonqalda yandırılan şəxs isə, o dövrün ən qüdrətli və gizli təşkilatlarından biri olan “Tampelierlər Ordeni” nin baş magistri 72 yaşlı Jak de Mole idi.
Üzərindən yüz illər ötməsinə baxmayaraq, “Tampelierlər Ordeni” nin tarixi hələ də, tarixçilər tərəfindən ciddi tədqiqat obyektidir. Müasir dövrdə tarixçilərlə yanaşı, müxtəlif peşə sahibləri və macəra axtaranlar da, tampelierlərin özləri ilə tarixin qaranlığına apardıqları sirlərin və xəzinənin izi ilə getməkdədirlər.
Hadisələrin başlanğıcı bizi XI əsrə aparır.
Bizans imperatoru I Aleksey Roma papası II Urbana məktub yazaraq imperiyanın şərq əyalətlərinə olan hərbi təhlükənin qarşısını almaq üçün yardım istəyir. Məhz bu məktub, Avropada geniş rezonansa səbəb olur. Professional ordu və cəngavərlərlə yanaşı adi insanlar – dini fanatlar, macəra axtaranlar və varlanmaq həvəsində olanlar kütləvi şəkildə hərbi yürüşə qoşulurlar.
1096-cı ildə başlanmış hərbi yürüş tarixə “Birinci Xaç Yürüşü” adı ilə daxil olur. Uğurlu hərbi əməliyyatlar nəticəsində Yaxın Şərqdə bir sıra ərazilər - əsasən Aralıq Dənizi sahilləri – işğal edilir. Əsas məqsədlərdən biri də, “Dünya dinlərinin mərkəzi” olan Yerusəlim şəhərinin azad edilməsi idi. Müharibə nəticəsində tutulmuş Yerusəlim şəhəri 1099-cu ildə müstəqil krallıq elan edilir.
1118-ci ildə Yerusəlim kralı I Balduin Bulonski vəfat etdikdən sonra, qanunla hakimiyyət onun böyük qardaşı III Estaşa keçməli idi. Həmin dövrdə Fransada yaşayan Estaşın Yerusəlim cəngavərləri arasında nüfuzu yox idi. Lakin, Estaş taxt- tacı təhvil almaq uçun Yerusəlimə gedərkən yolda xəbər tutur ki, artıq II Balduin Yeruselimski (1058 - 1131) kral elan edilib və o, geri, Fransaya qayıdır. II Balduin onun kral seçilməsində göstərdikləri xidmətə görə Yerusəlim cəngavərlərinə dağılmış Solomon məbədinin bir hissəsini və onun ətrafındakı torpaqları bağışlayır. Başda qraf I Huqo Şampanski (Huqo de Payen 1070 - 1136 ) olmaqla digər səkkiz nəfər cəngavər Jofrua de Sen – Ome, Andre de Monbar, Qundomar, Rolan, Joffrey Bizo, Peyn de Mondezir və Arşambo de Sent – Eynan Solomon məbədinin xarabalıqlarında qazıntı işlərinə başlayırlar.
Tarixçilərin əksəriyyəti məhz bu tarixi 1118 və ya 1119-cu illəri Tampelierlərin başlanma tarixi kimi göstərirlər. Lakin, nəzərə alsaq ki, cəngavərlər altı il Solomon məbədində qazıntılar aparmışlar onda, ordenin yaranma tarixi 1118 və ya 1119-cu illər deyil, altı il sonraya, 1124 və ya 1125-ci illərə təsadüf etdiyini deyə bilərik. Bu fikirlə əlaqədar digər faktorlara da nəzər salaq.
İddia edilir ki, 1118-ci ildə orden təsis edilərkən əsas vəzifələrindən biri Yerusəlimə gələn zəvvarların təhlükəsizliyini təmin etmək olub. Əlbəttə, cəmi doqquz cəngavərin belə bir missiyanı öz üzərinə götürməsi qeyri-ciddi səslənir. Ən azı nəzərə almaq lazımdır ki, söhbət Aralıq Dənizi sahillərindən Yerusəlim şəhərinə qədər olan məsafədən və yüzlərlə zəvvarın təhlükəsizliyinin təmin edilməsindən gedir. Doğrudur, “Tampelierler Ordeni” nin fəaliyyətində Yerusəlimə gələn zəvvarların təhlükəsizliyinin təmin edilməsi və onlara müxtəlif xidmətlərin göstərilməsi əsas fəaliyyət sahələrindən biri idi. Amma söhbət strukturlaşmış, kifayət qədər silahlı gücə malik olan ordendən gedir ki, bu da, sonrakı dövrlərə aid edilə bilər.
Digər faktor isə ondan ibarətdir ki, 1118-cil ildə orden nəyin əsasında, hansı ideologiya əsasında yaradılmışdı ki, digər cəngavərləri də öz sıralarına cəlb edə bilsin?
Məsələn, xaç yürüşlərindən əvvəl Yerusəlim şəhərində yaradılmış “Malta Ordeni” (Hospitalyerlər) praktik baxımdan tibbi xidmət sahəsini ortaya qoymuşdur. Və yaxud, 1099- cu ildə Yerusəlim şəhəri tutulduqdan sonra hersoq Qotfrid Bulonski tərəfindən yaradılmış “Müqəddəs Tanrı Tabutu Ordeni”ni (Ordo Eguestris S. Sepulcri Hierosolymitani) misal göstərmək olar. İddialara əsasən, həmin dövrdə cəngavərləri öz ətrafında birləşdirən ordenin əsas vəzifəsi tanrı tabutunun mühafizəsini təmin etmək idi.
Göründüyü kimi artıq “Tampelierler Ordeni” yaranmamışdan əvvəl də, dini baxımdan əhəmiyyətli artifaktlara malik olduğunu iddia edən cəngavərlər ordeni mövcud idi. Təbii ki, həmin dövrdə doqquz cəngavərin elə bir ciddi ideoloji əsasları ola bilməzdii. Deməli, söhbət yalnız altı ildən sonra, Solomon məbədində qiymətli artifaktın tapılmasından sonrakı dövrdən gedə bilər. Məhz həmin qiymətli tapıntı “Tampelierlər Ordeni”nin ideoloji əsasını formalaşdıra və digər insanları cəlb edə bilərdi.
Burada bir fakta da ciddi fikir vermək lazımdır ki, “Tampelierlər Ordeni” nin ilk baş magistri olmuş I Huqo Şampanski məhz altı ildən sonra, 1125-ci ildə öz qardaşı oğlu IV Tibo Böyük de Bluanın (1093 - 1152) xeyrinə Trua qraflığından və Şampaniya qrafı titulundan imtina etmişdi. I Huqo Şampanskini bu cür addımı atmağa məcbur edən çox ciddi səbəb vardı. Bu səbəb Solomon məbədindən qazıntı zamanı tapılmış tarixi dini artifakt ola bilərdi. Hansı ki, tarix boyunca Roma papaları və krallar həmin tarixi tapıntını əldə etməyə çalışmışlar.
Beləliklə, ordenin yaranma tarixi iddia edildiyi kimi 1118 və ya 1119-cu illər deyil, daha sonralara aid edilə bilər. Həmin dövrü isə, sadəcə olaraq doqquz nəfər cəngavərin qazıntı işləri dövrü və ya sadəcə doqquz cəngavərin “qardaşlığı” hesab etmək olar.
Bəs cəngavərlər altı illik qazıntı nəticəsində Solomon məbədindən nə tapa bilərdilər ki , bu gündə həmin tarixi əşyanın əldə edilməsi üçün axtarışlar aparılır ?
Bunun üçün vaxtilə həmin ərazidə mövcud olmuş İsrail çarlığı zamanı tikilmiş “Yerusəlim Məbədləri” nə nəzər salmaq lazımdır.
Məlumdur ki, tarixdə iki “Məbəd” dövrü olub. Məhz Yerusəlim şəhəri çar David tərəfindən tutulduqdan sonra tanrı ilə xalqı arasında daş lövhələr üzərində imzalanmış müqavilənin saxlandığı “ Əhd Sandıq” ın və digər müqəddəs əşyaların saxlanması üçün məbədin tikilməsini planlaşdırır. (Əfsanəyə görə, “Əhd və ya Müqavilə Sandığı” qeyri – adi gücə malikdir. Bəzi mənbələrdə həmin sandıq “Güc və ya Qüdrət Sandığı” adlandırılır. Sandğıa toxunan şəxs yanaraq külə dönür. Sandığın sahibi dünya ağalığına malikdir) Amma müharibələr və digər səbəblər üzündən məbədin tikilməsi baş tutmur. Çar David vəfat etdikdən sonra hakimiyyətə gələn oğlu Solomon hakimiyyətinin dördüncü ilində (e.ə 966- cı ildə) məbədin tikintisinə başlayır. Tikinti işlərinə Tir şəhərindən dəvət edilmiş finikiyalı Xiram Abiff rəhbərlik edir.
Mövzunu aydınlaşdırmaq üçün X.Abiff personajı üzərində qısa da olsa dayanmaq vacibdir. Beləliklə, İsrail Çarlığı zamanında tikilən “Yerusəlim və ya Birinci Məbəd ” in inşasına X.Abiff rəhbərlik edirdi. Məbəd tikintisi başa çatdıqdan sonra, uç nəfər fəhlə “Baş Usta” Abiffdən belə bir gözəl məbədin tikintisinin sirlərini öyrənmək qərarına gəlirlər. X.Abiff onun qabağını kəsərək sirri tələb edən fəhlələrə sirri vermir və fəhlələr əllərindəki inşaat alətləri ilə onu qətlə yetirirlər. Çar Solomonun qəzəbindən qorxan fəhlələr Abiffin cəsədini məbədin arxasındakı zeytunluqda gizlədirlər və qəbrin itməməsi üçün onun üstünə zeytun budağı sancırlar.
Sonralar, X.Abiffin qətli mason təşkilatlarının əsas rituallarından birinə çevrilir
E.ə 568-ci ildə Yerusəlim şəhəri Babil çarı Navuxodonosor tərəfində tutulur və məbəd yandırılır. E.ə 538-ci ildə Persiya çarı Kir yəhudilərə İsrailə dönməkləri üçün razılıq verir. Geri dönən yəhudilər e.ə 516- cı ildə məbədi bərpa edirlər və “İkinci Məbəd” dövrü başlayır. Amma “İkinçi Məbəd” də ən əsas detal, “ Əhd Sandığı” olmur. Həmin sandıq “Birinci Məbəd” yandırılan zaman yoxa çıxmışdı. Buna baxmayaraq, məbəd zəngin “Qaş- daş xəzinəsi” nə malik idi. Eramızın 70-ci ilində Titonun rəhbərliyi ilə “İkinçi Məbəd ” romalılar tərəfindən birdəfəlik dağıdılaraq yandırılır.
“ Əhd Sandığı” nın tapılması üçün daim axtarışlar aparılıb. Xüsusilə də, dini fanatizmin hakim olduğu orta əsrlərdə belə məsələlərə fanatikcəsinə inamın geniş yayılması təəccüblü deyil. “Əhd Sandığı” heç də yeganə güç və hakimiyyət mənbəyi hesab edilmirdi. Bura, “Müqəddəs Qədəh” (Grail) və “Müqəddəs Nizə” kimi tarixi artifaktlarda əlavə oluna bilər.
Bələliklə, cəngavərlər tərəfindən qazıntı zamanı “İkinci Məbədə” məxsus xəzinənin tapılması real görünür. Digər tərəfdən, qazıntı zamanı xəzinə ilə yanaşı, dini baxımdan böyük əhəmiyyətə malik olan hansısa artifaktın da tapılması ehtimalı böyükdür. Çünki məhz bu tapıntıdan sonra ordenin yaradılması prosesi başlanmış, Papalıq ordeni özünün “silahlı qoşunu” kimi qəbul etmiş və ordenə üzv olanlar ciddi monax həyat tərzini seçmişlər. Elə tampelierlər termini də məhz, Solomon məbədindən götürülmüş Temple – Məbəd mənasındadır.
Tampelierlər ordeninin nizamnaməsi 1128- ci ildə Roma papası III Yevgeni tərəfindən Trua şəhərində Kilsə şurasının yığıncağında təsdiqlənir. Nizamnamənin müəllifi isə Bernard Klervoski (Bernard de Clairvaux 1091- 1153) olub.
Cistercianlar – Ağ monaxlar ordenin (Odro Cisterciensis) monarxı olan Bernard Klervoski əslində, öz həyat tərzini, dini baxışlarını, daha dəqiq desək, Ağ monaxlar ordeninin nizamnaməsini Tampelierler ordeninin nizamnaməsinə köçürüb. Belə ki, Cistercianlar ordenin monaxları da, aksetik həyat tərzi keçirirlər. Digər kilsələrdən fərqli olaraq, Cistercian kilsələri üçün qiymətli əşyalar, rəsm əsərləri və dəbdəbəli interyerlər xarakterik deyil. Maraqlıdır ki, Cistercianlar ordeninin əsasını 1098-ci ildə Fransanın Şampaniya əyalətində anadan olmuş Robert Molezimski (Robert de Molesme 1028 - 1111) qoyub.
Göründüyü kimi, tampelierlərin ciddi monax həyat tərzi keçirmələri o dövr üçün heç də qeyri - adi qəbul edilə bilməzdi. Çünki bu cür həyat tərzi keçirən ordenlər artıq mövcud idi. O dövr üçün maraqlı olan yalnız bu ola bilərdi ki, zəngin həyat tərzi keçirən zadəgan – cəngavərlər öz dəbdəbəli həyat tərzlərindən könüllü şəkildə imtina edirlər.
Tampelirler bir at uzərində iki cəngavər təsvirini özləri üçün simvol olaraq qəbul ediblər. Bəzi araşdırmaçılar bunu, tampelierlerin kasıb həyat tərzi keçirmələrinin göstəricisi kimi izah edirlər. Amma tampelierleri kasıbçılıqla əlaqələndirmək doğru yanaşma deyil. Həmin simvolun mənası əslində bundan ibarətdir ki, bir cəngavər xeyir, digər cəngavər isə şər qüvvə kimi nəzərdə tutulub.
Beləliklə, Avropada böyük nüfuza malik olan tampelierler tezliklə, ən böyük və işlək mexanizmə malik olan iqtisadi sistem yaratmağa nail olurlar. Xüsusilə də, onların yaratdığı maliyyə əməliyyatları müasir dövr bank sisteminin əsasını təşkil edir. Tampelierlər ilk dəfə faktiki olaraq , “Beynəlxalq İqtisadi Korporasiya” nın əsasını yaratmışlar. Ordenin nüfuzu o dərəcədə geniş idi ki, varlı insanların əksəriyyəti öz torpaq sahələrini onlara bağışlayırdılar. Bununla yanaşı, ordenə üzv olan insanlar könüllü şəkildə əmlaklarından və torpaq sahələrindən ordenin xeyrinə imtina edirdilər.
Tampelierlərin əsas iqtisadi mərkəzi Fransanın Şampaniya əyaləti hesab olunurdu. Şampaniya qrafı I Henrix (1127 - 1181) tampelierlərin iqtisadi sistemini yaradan və ilk idarə edən şəxs kimi tanınıb. Qraf I Henrix Fransa kralı VII Lüdovikin həyat yoldaşı, kralıça Adeli Şampanskinin qardaşı idi. Bu isə, ona müəyyən üstünlüklər qazandırırdı. Bu faktı da nəzərə almaq lazımdır ki, “Tampelierlər Ordeni” nin əsas yaradıcılarından və ilk magistri olmuş I Hüqo Şampanski eyni zamanda, I Henrixin atası Tibonun əmisi idi.
Fransadan əlavə İspaniya, Portuqaliya, Malta, Almaniya, İngiltərə kimi ölkələrdə də tampelierlər geniş iqtisadi şəbəkələr yaratmaga nail olublar. Ordenin iqtisadi – maliyyə imkanları o dərəcədə geniş idi ki, 1165-ci ildə Fransa sarayında maliyyə işlərini məhz tampelierlər idarə edirdi.
Həmin dövrdə tampelierlərin siyasi qüdrəti o dərəcədə genişlənmişdi ki, 1135-ci ildə baş magistr I Hüqo Şampanski öz qardaşı oğlu Stefanı (Étienne de Blois 1192/6 - 1254) İngiltərə taxt – tacında oturtmağa nail oldu.
1187-ci ildə Yerusəlim şəhəri Səlahəddin (Yusif ibn Əyyub 1174 - 1193) ordusu tərəfindən işğal edilir və tampelierlər öz qərargahlarını Yerusəlimdən Akr şəhərinə köçürürlər. Amma 1291-ci ildə tampelierlərin Yaxın Şərqdə son qalası olan Akr şəhəri də tutulur və beləliklə, tampelierlərin regiondakı mövcudluğuna son qoyulur.
Yaxın Şərqdəki uğursuzluqlar tampelierlərin Avropadakı nüfuzları üzərinə kölgə salmağa başlayır. Məhz bu dövrdən başlayaraq, Fransa kralı IV Filip ilə tampelierlər arasında gərginlik müşahidə olunurdu. Əsas səbəb isə, kralın tampelierlərə borclu olması idi. Tampelierlərə qarşı mübarizədə Papanın dəstəyini almaq vacib idi. Həmin dövrdə isə, Papalıqla kral Filippin münasibətləri gərgin idi.
Papa VIII Bonifaçi (Bonifatius PP. VIII 1235 – 1303 ) islahatlar apararaq, kilsənin mülki hakimiyyət üzərində hökmranlığını qətiləşdirmək istəyirdi. 1300-cü ildə kral Filipp yepiskoplardan birini həbs etdirir. Halbuki, həmin dövr qanunlarına əsasən, həbs edilmiş yepiskopun işinə mülki deyil, kilsə məhkəməsində baxılmalı idi. 1302-ci ildə isə papa yeni bir Bulla imzalayır. Həmin qanuna əsasən bütün hakimiyyətlər kilsənin tabeliyinə keçməli idi. Həmin Bulla kralla papa arasındakı gərginliyin daha da artmasına səbəb oldu. Buna cavab olaraq kral Parisdə Baş Ştatları (Parlament) çağırır və orada dini xadimlərində iştirakı ilə papa VIII Bonifaçini ağır cinayətlərdə və kafirlikdə ittiham edən qərar qəbul etdirir. Baş Ştatlar tərəfindən qəbul edilmiş qərarın icrası məqsədi ilə, kral Filip papa VIII Bonifaçi həbs edərək Fransaya gətirilməsi üçün silahlı dəstə göndərir. Kolonnanın rəhbərliyi ilə Fransa qoşunu papanın Anandakı iqamətgahını mühasirəyə alır. Papa əhalinin gözü qarşısında alçaldılaraq döyülür və həbsə salınır. Amma üç gündən sonra həbsdən azad edilir. Şəxsiyyətinin alçaldılmasına dözməyən papa VIII Bonifaçi başını divara vuraraq həyatına qəsd edir.
Kral IV Filipin papalıq üzərində nəzarəti yolunda ən böyük maneə hesab olunan VIII Bonifaçinin vəfatı kralın qələbəsi ilə nəticələnmir. Belə ki, bu dəfə 1303-cü ildə VIII Bonifaçinin qatı tərəfdarlarından biri olan XI Benedikt (Benedictus PP. XI 1240 - 1304) papa seçilir. Fransa kralı isə, papalıq üzərində tam hakimiyyətə nail olmaq üçün Bertran adlı keşişi hakimiyyətə gətirmək niyyətində idi. 1304-cü ilin iyul ayında papa XI Benedikt qəflətən vəfat edir. Bəzi sübut olunmamış mülahizələrə görə XI Benedikt zəhərlənərək öldürülüb. Beləliklə, kral Filip üçün növbəti maneə də aradan qalxmış olsa da, başqa bir problem meydana çıxır. Bu dəfə, pantifiki vəzifəyə seçən Konklavda italiyalılarla fransız kardinallar arasında səslər yarıya bölünmüşdü. Kral IV Filipin böyük yardımı ilə Bertran Papa seçilir və V Kliment (Clemens PP. V 1264 - 1314) adını qəbul edir. Məlumdur ki, pantifik yalnız kardinallar arasından seçilə bilərdi. V Kliment papa seçilərkən kardinal deyildi. Kliment papa seçildikdən dərhal sonra, Papalığın beş illik gəlirlərinin Fransaya verilməsi barədə kral IV Filip qarşısında öhdəlik götürür. Maraqlı bir tarixi faktı da qeyd edək ki, 1314-cü ilin aprelində papa V Kliment vəfat etdikdən sonra onun tabutu saxlanılan kilsəyə ildırım düşür və papanın cəsədini olaraq yandırır. Beləliklə, papa Kliment bir ay əvvəl diri - diri yandırılmasına imza atdığı “Tampelierlər Ordeni” nin baş magistiri Jak de Mole kimi yanaraq külə dönür.
1304-cü ildə Papalıq üzərində nəzarətə malik olan kral Filip əsas rəqib hesab etdiyi tampelierler üzərinə gizli hücuma hazırlaşır. Əlbəttə, həmin dövrdə iqtisadi, siyasi və hərbi baxımdan kifayət qədər geniş nüfuz dairəsinə malik olan ordenə qarşı açıq şəkildə mübarizə aparmaq çox təhlükəli idi. Bu cür mübarizə kralın hakimiyyətdən devrilməsi ilə nəticələnə bilərdi. Eyni zamanda, orden rəsmi olaraq Papalığın silahlı qüvvəsi hesab edilsə də, faktiki olaraq tam müstəqil fəaliyyət göstərirdi. Papa V Klimentin əsas məqsədi isə, tampelierləri yenidən öz nüfuz dairəsinə qaytararaq papalığın kral Filipdən olan asılılığını minimuma endirmək idi. Bu məqsədlə papa tampelierlərə “Malta Ordeni” ilə birləşməyi təklif edir. Amma, bu təklif tampelierlər tərəfindən rədd edilir. Əksər hallarda isə, papanın göndərdiyi məktubları baş magistr oxumadan yandırırdı. Tampelierlərin bu formada özünə arxayınlığı onlara sonradan həyatları bahasına başa gəlir.
Nəhayət, 1307-ci ilin oktyabrında Fransa kralı IV Filip “Tampelierlər Ordeni” nə son və öldürücü zərbəni vurmaq qərarına gəlir. Bu məqsədlə o, Fransada bütün ordu rəhbərlərinə gizli məktub göndərir və məktubun oktyabrın 13-də açılması və açıldıqdan dərhal sonra hərəkətə başlanması tələb olunur. Beləliklə, 1307-ci il oktyabrın 13 də, cümə günü bütün Fransa ərazisində tampelierlərin qərargahlarına və məbədlərinə total hücum başlanır.Tarixi məlumatlara əsasən, təxminən 4 minə yaxın tampelier həbs edilir.
Amma kral əsas məqsədinə nail ola bilmir. Belə ki, kral ordusu tampelierlərin xəzinəsinə daxil olarkən xəzinənin boş olduğunu görürlər. Sanki, böyük bir xəzinə heç bir iz qoymadan yoxa çıxmışdı. Bu , taleyin kral IV Filip üzərində bir ironiyası idi. Həmin hadisə belə bir fikrə əsas verir ki, tampelierlər onlara qarşı təşkil edilən hücumlardan əvvələcədən xəbərdar idilər. Mənbələrdən aydın olur ki, kütləvi həbslərdən təxminən bir həftə əvvəl tampelierlərin Fransa ordenin keçmiş magistri Jerar de Vile 10 arabaya yüklənmiş yüklə Parisi tərk edib. Eyni zamanda, nəzərə almaq lazımdır ki, tampelierlərin Fransa ordeninin magistri əhəmiyyətinə və səlahiyyətlərinə görə, baş magistrdən sonra ikinci vəzifə hesab olunurdu. Məsələnin maraqlı tərəfi bundadır ki, həmin dövrdə Jerar de Vile artıq Fransa ordenini magistri vəzifəsində deyildi. Bəzi tarixçilər isə, belə iddia edirlər ki, Jerar de Vile həmin dövrdə vəfat edib. Amma tampelierlərə aid tarixi sənədlərdə Jerar de Vilenin adı 1307-ci il iyul ayından etibarən müəmmalı şəkildə yoxa çıxır. Onun əvəzinə isə, bütün sənədlərdə Fransa ordeninin magistri kimi Jerar de Viledən əvvəlki magistr Hüqo de Peyronun adı yenidən qeyd olunur. Həmçinin, həbslərdən sonra Jerar de Vilenin adının Fransa kralı tərəfindən “xüsusi axtarış” da olanlar siyahısına salınması onun ölməsi barədə iddiaları heçə endirir.
Yuxarıda qeyd edilən tarixi faktlar belə bir fikrə əsas verir ki, tampelierlər planlı şəkildə əvvəlcədən Jerar de Vileni vəzifədən ona görə uzaqlaşdırmışlar ki, o, diqqəti cəlb etmədən xəzinəni şəhərdən çıxara bilsin.
“Tampelierlərin isi” haqqında tarixi sənədlər Fransa Milli Kitabxanasında “Latin – 10919 saylı file” də saxlanılır. Məhkəmə zamanı, tampelierlər həmin dövr üçün dəhşətli ittihamlarla üzləşirlər. Belə ki, onları kafirlikdə, təşkil etdikləri qapalı mərasimlərində xaça tüpürməklə təhqir etmək, xaça deyil kəsilmiş adam başına, İsaya deyil Bafometə sitayiş etməkdə ittiham edirlər.
Tarixçilərin əksəriyyəti belə iddia edirlər ki, tampelierlər bədəni insan, başı isə buynuzlu keçi başı kimi təsvir edilmiş Bafometə sitaiş edirdilər. Halbuki, hazırda satanistlərin simvolu olan, sağ qolunda SOVE (Çürümək) sol qolunda isə, COAGULA (Donmaq) sözləri yazılmış rəsm əsəri fransız okkultisti Elifas Leviyə məxsusdur. E. Levi isə XIX əsrdə, 1810 – 1875 - ci illərdə yaşayıb. Orta əsrlərdə isə Bafomet anlayışı dini baxımdan daha dəhşətli mənaya malik idi. Həmin dövrdə Bafomet, kəsilmiş başı əlində təsvir edilən müqəddəs İoann mənasında idi. Deməli, tampelierlər həmin dövrdə satanistlikdə deyil, daha dəhşətli cinayətdə ittiham edilirdilər.
1312-ci ildə papa V Klimentin ordenin buraxılması haqqında qərarı əslində, digər Avropa ölkələrində heç bir ciddi effekt vermədi. Çünki digər Avropa kralları belə hesab edirdilər ki, papa Fransa kralından asılı vəziyyətdədir və bu qərar daha çox Fransa kralının şəxsi maraqlarına xidmət edən siyasi bir qərardır. Ona görə də, digər Avropa ölkələrində tampelierlər üzərində təşkil edilmiş məhkəmə prosesləri daha çox formal xarakter almışdı. Məhkəmə prosesləri isə ona görə təşkil edilirdi ki, həmin dövrdə bu ölkələr dini baxımdan Papalığın yurisdiksiyasında idilər. Buna baxmayaraq, inkvizisiyalar əksər hallarda tampelierlərə bəraət vermək məcburiyyətində qalırdılar.
Beləliklə, tampelierlərin zəngin xəzinəsi hara aparıla bilərdi ?.
Bu məsələdə müxtəlif fikirlər var. Əksər tədqiqatçıların “Şotlandiya marşrutu” daha real görünür. İddialara görə, Parisi tərk edən Jerar de Vile Fransanın La Rochelle limanına gələrək gəmilərlə Şotlandiyaya gedir. Doğurdan da, nəzərə alsaq ki, həmin dövrdə, Şotlandiya yeganə ərazi idi ki Papalığın yurisdiksiyasına daxil deyildi, deməli, həmin ərazi tampelierlər üçün daha təhlükəsiz hesab oluna bilərdi. Əksər hipotezlər isə, Edinburq yaxınlığındakı Rosslin kilsəsi və ya ibadətgahı (Rosslyn chapel) ətrafında formalaşdırılır.
XV əsr ortalarında Sinqlerlər ailəsi tərəfindən tikdirilmiş kilsənin tampelierlərə aid olması iddia edilir. Təbii ki, bunun üçün ciddi əsaslar da var. Belə ki, Sinqlerlər ailəsinin tampelierlər ordeninin üzvü olması tarixi faktdır. Eyni zamanda, Rosslin kilsəsinin vaxtilə mövcud olmuş Solomon məbədinin kiçik variantı şəkilində inşa edilməsi Tampelierlərin əsl mahiyyətinə də, aydınlıq gətirir. Belə ki, Temple - Məbəd cəngavərləri əslində xristianlığın katolik kilsəsinin deyil, Solomon məbədinin cəngavərləri anlamında olmuşdur. Məhkəmələr zamanı, tampelierlərin xristianlığa zidd ayinlərlə məşğul olmasına dair ittihamlar da məhz buradan meydana gəlmişdir.
Zəngin arxitekturaya malik olan Rosslin kilsəsi 2003-cü ildə Dan Braun tərəfindən yazılmış “Da Vinçi Kodu” kitabının nəşrindən sonra tədqiqatçıların diqqətini yenidən cəlb etməyə başlamışdı. Birbaşa daşlar üzərində yonulmuş fiqurlara dünyanın heç bir kilsəsində rast gəlinmir. Kilsə divarları xristian, mason, tampelierlər və satanizmə aid simvollarla bəzədilib. Həmin kilsədə, məşhur “Şagird sütunu” (Apprenticle pillar )diqqəti daha çox cəlb edir.
Əfsanəyə görə, kilsə tikintisi zamanı baş usta sütunu inşa etmək üçün orjinal varianta baxmaq məqsədi ilə səfərə çıxır. Geri qayıdarkən isə görür ki, şagirdi artıq sütunu tikib. Gözəl dizayna malik olan sütunu görən usta gözəllik qarşısında şoka düşür. Şagirdin bacarığına qısqanan usta elindəki çəkiclə şagirdi öldürür və sonradan bu hərəkətinə görə peşmanlıq hissi keçirir. Törətdiyi cinayətin cəzası kimi, əbədi olaraq sütuna baxsın deyə ustanın üzü əks küncdəki divara hörülür. Sütun üzərində belə bir məşhur söz yazılmışdır: Forte est vinum fortior est rex fortiores sunt mulieres super omnia vincit veritas (“Şərab güclüdür, kral daha güclüdür, qadınlarsa ən güclüdür, lakin həqiqət həmişə qalib gəlir”).
Göründüyü kimi, X.Abif əfsanəsi ilə Rosslin əfsanəsi arasında birbaşa əlaqə mövcuddur. Gözəllik, bacarıq, paxıllıq və cinayət hər iki əfsanədə bir - birini tamamlayır. Əgər X.Ablf əfsanəsində şagirdlər baş ustanı qətlə yetirirlərsə, Rosslin əfsanəsində isə əksinə, şagird ustası tərəfindən qətlə yetirilir. Məhz bu dualizmə masonluqda xüsusi əhəmiyyət verilir.
Bəzi iddialara görə tampelierlərin zəngin xəzinəsi məhz həmin kilsədə saxlanılır. Kilsə divarlarında əks olunmuş simvol və fiqurlar isə əslində, həmin xəzinənin yerini göstərən gizli şifrələrdir. Hətta belə iddialarda mövcuddur ki, “Müqəddəs Qədəh” məhz “Şagird sütunu”nun içərisində yerləşdirilib. Əlbəttə, bu iddiaların nə dərəcədə doğru oldıuğunu sübut etmək mümkün deyil. Bunun üçün kilsə ərazisində arxeoloji qazıntı işlərinin aparılması vacibdir. Amma kilsə şəxsi mülkiyyət olduğundan bu cür işlərin aparılması mümkün deyil. Bu cür əfsanələrə baxmayaraq, Rosslin kilsəsinin sirlərlə zəngin olması tarixi sənədlərdə qeyd edir. Belə ki, hələ 1546-cı ildə Şotlandiya kralı V Yakovun həyat yoldaşı kraliça Mariya de Qizin yazdığı məktub buna sübutdur. Kraliça Baron Sinqlerə yazdığı məktubda Rosslin kilsəsinin sirrini onunla paylaşdığı üçün minnətdarlıq edir və bu sirri heç kimə danışmayacağı barədə söz verir.
Beləliklə, üzərindən səkkiz əsrədək zaman ötməsinə baxmayaraq, tampelierlərin sirrləri hələ də, gizlin olaraq qalmaqda davam edir.
Surxan Lətifov