<b>Sahibsiz köç, ərəbə meydan oxuyan peşmərgə, İŞİD xofu – <span style="color:red;">REPORTAJ </b>
30 iyun 2014 14:30 (UTC +04:00)

Sahibsiz köç, ərəbə meydan oxuyan peşmərgə, İŞİD xofu – REPORTAJ

0

Əvvəli bu linkdə: http://news.lent.az/news/170685

 

...Silopidən cənuba doğru üz tutduqca TIR  maşınlarından ibarət uzun bir növbə dayanıb. Azı 10 kilometrə çatıb növbənin uzunluğu. Maşınların sayı isə durmadan artır…

Qarşıda isə Türkiyənin İraqla sərhədindəki Habur keçid qapısıdır.

 

Göydən od tökülür: səhər saat 10, hərarət azı 42 dərəcə...

 

***

 

...Hə, buralarda, İraqın şimalında müharibə ab-havasını demək olar ki, hər küçəni ağuşuna almış və irəli gedə bilməyən TIR-lardan, bir də yerli kanallarda İŞİD-lə bağlı göstərilən xəbərlərdən hiss etmək mümkündür təkcə. Məşhur filmdə deyildiyi kimi, müharibə bu dağlara gəlib çıxmayıb - baxmayaraq ki, elə bu yerlərin hazırkı sahibləri zamanında kifayət qədər döyüşüblər. Amma özlərinin də dediyi kimi, peşmərgə buraları İŞİD-ə verməyəcək gücdədir. Bəlkə də elə bu gücün səbəbindəndir ki, sözün həqiqi mənasında İraqda ara qarışıb, məzhəb itəndən sonra peşmərgə iddialarını daha açıq və qəti şəkildə ortaya qoyub: Lazım gəlsə, Kərkükü qoruyacaq və oradan çıxmayacağıq.

Əslində, bunu təkcə Kürdüstan rəsmiləri demirlər, adi adamlar belə, gözlərində sevinc bunu gizlətmirlər. Zahoda, Duhokda Ərbildən çox, Kərkükdən söhbət gedir.

Türkmənlərin vaxtında təşkilatlanmaması, sabit silahlı qüvvələrə malik olmaması peşmərgələrin əlinə əməlli girəvə verib. “Biz peşmərgələrin girdiyi Kərkükdən və ona yaxın bölgələrdən çəkilməyəcəyik”. Bunu deyən isə bir başqası yox, elə həmin Bərzanidir.

 

- Peşmərgə İŞİD-in kökünü kəsər, Maliki olmasa.

 

Bunu isə kiçik dükan sahibi Əhməd deyir. Və dalınca da öz arqumentini gətirir.

- Ərəbdən döyüşən olmaz. Ərəb nə bilir “Kalaş” nədir? Ərəb nə bilir torpaq nədir? Onları qoyasan yeyib yatalar. 20 min Maliki əsgəri 3 min adamın qabağından qaçdı. Niyə quzeyə gəlmədilər? Qorxdular. Ona görə üzü güneyə getdilər. Çünki orada Maliki hökumətinin ordusu dayanırdı. O ordu Tikriti də qoyub qaçdı. İndi Maliki peşmərgəyə yalvarır ki, heç olmasa Kərkükü qoruyun, Ərbili qoruyun. Özü öz əsgərlərinə inanmır.

 

Əhmədin yanındakılar da sanki sözləşiblərmiş kimi onu dəstəkləyir. Biri isə lap irəli gedir:

 

- Maliki daha oralara girə bilməz. Oralar bizim.

 

Hə, bu xırdavatçı artıq indidən Kərkükə “bizimdi” deyir. Kərkük türkməninin isə sığınmağa, özünü qorumağa bir gücü yox. Bölgənin türkmən liderləri İstanbuldan, Ankaradan, Bakıdan bəyanat verməklə kifayətlənirlər.

 

Məhz bu səbəbdən türkmənlər sahibsiz durumda...

 

Vəziyyətin ciddiliyi həm də ondadır ki, Mosuldan, Teleferdən, Tuzhurmatıdan qaçan türkmənlər də elə kürd bölgələrinə sığınıblar. Son məlumata görə, 600 minə yaxın köçkün - onların arasında ərəblər və digər millətlərin nümayəndələri də var, amma böyük əksəriyyəti türkmənlərdir - Ərbilə, Duhoka sığınıb. Buralardakı çadır düşərgələrindədir. Amma ən qorxulusu odur ki, 100 mindən çox türkmən Mosul və Ərbil arasında, İŞİD-in hər an müdaxilə də biləcəyi kəndlərdədirlər. Köməksiz, ac, susuz...

***

 

Amma bu hələ son da deyil. İraqın şimalını da güvənsiz hesab edən türkmənlərin ən böyük arzusu məhz Türkiyəyə keçməkdir. Gör vəziyyət nə yerə çatıb ki, hazırda təkcə Süleymaniyə şəhərindən İstanbula gündəlik 30-a yaxın avtobus reysi var. Var deyəndə ki, əvvəl belə olmayıb. Bəzi türkiyəli və kürd işbazlar indi Süleymaniyədən Türkiyə ərazisinə uşaqlar belə nəzərə alınmadan hər sərnişindən 300 türk lirəsi (təxminən 150 dollar) alıb onları avtobusa buraxır. İş o yerə çatıb ki, bəzi şirkətlər İraqdan təkcə sərhəd Silopi və ya Mardinə deyil, Türkiyənin hər yerinə avtobus reysləri açıblar. Elə bizim hərəkət etdiyimiz “Best Van” şirkəti kimi. Bu şirkət İraqın Duhok şəhərindən ta Batumiyə – hə, təəccüblənməyin - özlərinin də dediyi kimi, yolçu daşıyır. Batumi ilə İraqı hansı mənəvi və ya işgüzar dəyərin birləşdirməsindən isə danışmaq, bizcə, yersizdir.

 

 

***

Ərbildən başqa, indi Türkiyəyə Bağdad, Nəcəf, Süleymaniyədən hər gün üst-üstə onlarla təyyarə reysinin də olduğunu nəzərə alsaq, türkmənlərin qaçqın sayının bir müddət sonra 1 milyona çatacağını indidən proqnozlaşdırmaq çətin deyil. Elə geri qayıdarkən Bitlisdə görüşdüyümüz bu cavanlar kimi.  Mehdi və Rza birmənalı şəkildə deyirlər ki, nəyin bahasına olursa olsun, Türkiyədə iş tapıb qalacaqlar.

 

- Geri qayıtmağın mənası yoxdur. Sabah İŞİD getdi, sonra kim və niyə gələcək, bilinmir.

 

İŞİD isə nəinki getməyə hazırlaşır, əksinə İraq ərazisində xilafət qurduğunu bəyan edir. Əbubəkr el-Bağdadi isə xəlifə elan olunub. Bircə qalır xilafətin paytaxtı və sərhədlərinin cizgilərini müəyyən etmək.

 

- Çox qansızdırlar. Əsir aldıqlarının başını “uf” demədən kəsirlər. Bax, bunu sizə deyirəm, vaxt gələcək analar balalarını yatırmaq üçün onlarla qorxudacaqlar. Bəlkə də, kimlərəsə nağıl kimi görünür, amma bu, çox qorxulu nağıldır. Bütün bunların axırı isə yaxşı olmayacaq.

 

Bunu bizə Silopidəki “Habur otel”də məskunlaşmış Abdulməcid deyir. Mosulda kiçik məmur imiş. İŞİD Mosula daxil olan günün səhəri 6 nəfərlik ailəsini də götürüb şəhərdən çıxıb. Deyir işdən sonra müqaviləylə uşaqlara musiqi dərsləri də keçirmiş. Onun kursları Mosulda çox populyarmış.

 

“İŞİD bilsəydi, şəhərdəki səddamçılar nişan versəydilər, birinci elə məni asacaqdılar” deyir.

 

***

 

İraqdan Türkiyəyə köçənlərin çoxu isə sərhədə yaxın Cizrə və Silopidə məskunlaşıb. Otellər doludur. Elə Silopidəki “Habur otel”ində də xeyli qaçqın var. Sanki 100 ilin yorğunluğu var üzlərində. Çoxu da havalı kimi gəzir. Geriyə qayıtmaq mümkün deyil, irəlidə isə onları nələrin gözlədiyini bilmirlər.

“Habur otel”dən söz düşmüşkən, Silopinin mərkəzində yerləşən bu otel indi oğru və soyğunçuların məkanına çevrilib. Ətrafda  nə qədər kriminal element var, bu otelin həndəvərində fırfıra kimi fırlanır. Təki çapmağa, atmağa bir adam, bir əşya olsun. Bu oteldə gecələdiyimiz  bircə gecə kifayət etdi ki... pul qabımızdan 300 dollarımızı oğurlasınlar. Açarı verib oteldən yarım saatlıq ayrılmağımız kifayət etdi ki, oğrular öz işini görsün. Hə, xırsızlarla əlbir olan bu otelin işçiləri həyasızcasına üzümüzə dirəndilər ki, belə şey ola bilməz. Silopi Əmniyyət Müdirliyinə etdiyimiz müraciətə isə dərhal reaksiya verdilər. Heç 1 saat keçməmiş otelin işçiləri və bir balaca uşaq əmniyyətə gətirildi. Məlum oldu ki, oğurluğu sən demə, bu balaca uşaq edib. Daha doğrusu, bu balaca uşağı oğurluğa göndəriblər, mənim qaldığım 108 saylı otağa. Bu zavallı körpəyə isə vur-tut 30 türk lirəsi, təxminən 10 manat pul veriblər 300 dollardan…Mənə “amca” deyib üzr istəyən, ağlayan bu cocuqla isə az keçmiş dostlaşdıq. Əmi-bala yaxınlıqdakı kafeyə gedib bir nahar da etdik.

 

…Ac idi, amma qürurlu. “Çox sağ ol” deyib, getdi. Bir də belə şey “yapmayacağını” dedi. Pulu bu cocuqdan alıb aparanlar isə tutulacaq və Bakıya mənim ünvanıma nəticəsi barədə məlumat veriləcək, dedilər…

Bax, beləcə…

 

 Səbuhi Məmmədli, Zaho-Silopi-Bakı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4535

Oxşar yazılar