[b]Kafedəki Axundov, çarın 150 dollarlıq otağı, Borjominin 9 quyusu[/b] - REPORTAJ
10 may 2014 18:06 (UTC +04:00)

[b]Kafedəki Axundov, çarın 150 dollarlıq otağı, Borjominin 9 quyusu[/b] - REPORTAJ

0

Gürcüstan haqda çox yazılıb. Son illərdə Gürcüstanda olmayan azərbaycanlı tapmaq qeyri-mümkündür. Xüsusilə, tətil günlərində Gürcüstan azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən biri və bəlkə də birincisidir. Məsafə uzaq deyil, yol xərci azdır, qiymətlər isə ucuzdur.

 

Gürcüstan Turizm Administrasiyasının dəstəyi ilə azərbaycanlı jurnalistlərin beş günlük səfərində əsas məqsəd bizi ölkənin turizm potensialı ilə tanış etmək idi...

 

 

***

 

 

 

...50 dəqiqəlik uçuşdan sonra paytaxt Tiflisə eniş etdik. Otelə qədər olan yolda cəmi bir dəfə tıxaca düşdük. Ancaq heç 5 dəqiqə çəkmədi ki, yol açıldı. Ümumiyyətlə, Tiflisdə avtomobil yetərincə olsa da, tıxac elə də çox deyil. Buna görə də avtomobilləri şəhərdə yüksək sürətlə idarə etmək olur.

Taksilərin qiyməti çox ucuzdur. Şəhərin bir başından o biri başına uzaqbaşı bizim pulla 3-4 manata, yaxın yerlərə isə 2 manata getmək olur. Səfərimizin son dayanacağı olan Kutaisi şəhərinin mərkəzindən qaldığımız otelə məsafə uzaq olsa da, taksiyə 12 lari (5 manat-red) verdik. Məskunlaşdığımız otel şəhərdən kənarda Tskaltubo qəsəbəsində yerləşirdi. Meşənin ortasındakı otel Sovet dövründə sanatoriya kimi fəaliyyət göstərib. İndi otelin adına “SPA” sözü əlavə edilib. Geniş ərazidə yerləşən “SPA” yeni təmir olunub. Sovet dövrünü xatırlatmaq üçün otaqlardakı köhnə şkafları, dəhlizdəki köhnə oturacaqları olduğu kimi saxlayıblar. Necə deyərlər, nostalgiya...

 

Tskaltubo qəsəbəsindəki əsrarəngiz “Promete” mağarası haqda isə sonra danışacam. Məhz bu mağarada olmaq üçün səyahət etməyə dəyər.

 

Qayıdaq səfərimizin əvvəlinə, Tiflisə. Tiflisdə sonuncu dəfə iki il öncə olmuşdum. Bu dəfə, bahalı avtomobillərinin sayının artdığını müşahidə etdim. Başqa ciddi dəyişikliklər nəzərə çarpmır. Tiflis öz köhnəliyini, sakitliyini qoruyub saxlayır. Burda insanlar sanki daha “slow” (yavaş) həyat yaşayır. Bakıda isə insanlar sanki harasa tələsir. Axşamlar isə küçələrdə ayıq adam tapmaq çətindir. Ancaq Tiflisin sərxoşları çox zərərsizdir. Əylənir, mahnı oxuyur və gəzişirlər.

 

 

Biz Tiflisdə cəmi bir gün olduq. İndiyə kimi mətbuatımızda Tiflis haqda çox şey yazılıb. Ona görə də xırdalıqlara varmaq istəməzdim. Bir gün ərzində bələdçimiz bizi şəhərin ən maraqlı yerləri ilə tanış etdi. 1989-cu ildə tikilişi planlaşdırılan, lakin əsası 1995-ci ildə qoyulan, Tiflisin hər yerindən görünən “Sameba” kilsəsi xüsusi ilə diqqət cəlb edən məkanlardan biridir. Tiflisə səyahətiniz zamanı gedəcəyiniz 5 yer varsa, məncə biri mütləq “Sameba” kilsəsi olmalıdır.

 

***

 

 

“Sameba” kilsəsindən sonra şəhərin digər görməli yerlərini gəzdik. Milli ornamentlərlə bəzədilmiş ortabab Tiflis restoranında nahar etdik. Kafe və restoranlarda qiymətlər ucuzdur. Tiflisin mərkəzində iki nəfərə oturub yeyib içsəniz 25 manatdan çox tutmaz. 5 gün ərzində olduğumuz bütün restoranlarda süfrənin üstündə mütləq dadlı gürcü pendiri, balıq, müxtəlif üsullarla hazırlanmış isti xaçapuri, salatlar, limonadlar olurdu. Gürcülər acı yeməyi, fərqli ədviyyatlardan istifadə etməyi sevirlər.

 

Axşam yeməyini isə Kürün kənarında yerləşən restoranda yedik. Nə yalan deyim, ömrümdə belə gözəl restoran görməmişdim. Kür düz restoranın yanından axır. Gürcüstanda kafelərin əksəriyyətində canlı musiqi olur. Ən çox da milli musiqiləri ifa etməyə üstünlük verirlər. Həmin axşam yemək yediyimiz restoranın girişində bizi ənənəvi gürcü libasında qarşılayan kişi qapının ağzındaca  “çaça”ya da qonaq etdi. Gürcüstanda olarkən çay içmək problemi yaşaya bilərsiniz. Ancaq biz ilk gün bu problemi yaşamadıq. Çünki nahardan sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzini ziyarət zamanı bizi çaya qonaq etdilər.

Mirzə Fətəli 1834-cu ildə Tiflisə köçüb, ömrünün sonuna kimi burda yaşayıb yaradıb. Yuxarıda adını çəkdiyimiz mədəniyyət mərkəzi məhz Axundovun öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının Gürcüstan rəhbərliyinə müraciəti əsasında binada muzey yaradılıb və Axundovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə prezident Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra Mirzə Fətəlinin ev-muzeyi təmir olunub və elə həmin vaxtdan Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyətdədir.

 

2007-ci ildə Gürcüstan prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.

 

2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, Baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak edib.

 

Muzeydə Tiflis şəhərində yeganə azərbaycandilli kitabxana da fəaliyyət göstərir. Kitabxana binasında incəsənət qalereyası və “Monsieur Jordan” kafesi yerləşir. İçəridə Axundovun mumdan hazırlanmış heykəli qoyulub. Kafeyə daxil olarkən adama həqiqətən də elə gəlir ki, Mirzə Fətəli bir küncdə oturub yazı yazır. Mərkəzdən ayrıldığımız zaman bizə müxtəlif kitablar hədiyyə etdilər. Hədiyyələrin arasında Mirzə Fətəlinin rus və ingilis dillərində çap olunmuş “Hacı Qara” və “Hekayəti Molla İbrahimxəlil Kimyagər” kitabları da var idi...

 

***

 

Tiflisdən Borjomiyə təxminən 2 saatlıq yoldur. Tiflis avtovağzalından avtobusla 3 manat 50 qəpiyə Borjomiyə getmək olar. Magistral yollarda radarlara rast gəlməzsən. Ancaq müşahidə kameraları var. Gürcülər şəhərlərarası yollarda avtomobili çox sürətlə idarə edirlər. Amma bu ölkədə yol qəzaları bizdən çox azdır.

 

Borjomi Gürcüstanın Cənub-Qərbində, Tiflisdən 150 km uzaqlıqda yerləşir. dünyada mineral suyu ilə məşhurdur. Borjomidə XVIII əsrdə inşa edilmiş Romanovlar sülaləsinin malikanələri qorunub-saxlanılıb. Borjomi kurortu Kür çayı sahilində, dəniz səviyyəsindən 810—850 m hündürlükdə yerləşir, aşağı dağ yamac kurortlar sırasına daxildir və hər tərəfdən meşələrlə örtülüb. Həm qış, həm də yay aylarında burda mülayim temperatur müşahidə olunur.

 

Borjomi suyu Borjomi qoruğu ərazisində yerləşən 9 quyudan çıxarılır. Quyuların dərinliyi 1200 metrdən 1500 metrə qədərdir. Borjomidə dincəlmək və müalicə almaq istəyənlər üçün ziyarət etdiyimiz bir otelin qiymətini yazmaq istəyirəm. Ümumi olaraq qiymətlər barəsində təsəvvür yaratmaq üçün deyim ki, bu otel kifayət qədər lyuksdur, tarixi binada yerləşir, burda hətta Romanovlar ailəsinə məxsus otaq da mövcuddur. Hər şey daxil iki nəfər üçün günü 150 dollardır. Əgər siz 7 gündən artıq qalsanız, müalicə paketindən pulsuz istifadə edə bilərsiniz. Əliniz cibinizdə olsa, bir az artıq xərcləsəniz Romanovların otağında da qala bilərsiniz.

 

Borjomi şəhər olaraq köhnəliyini qoruyub saxlayıb. İnsan burda özünü lap Sovet dövründəki kimi hiss edir. Borjomi parkına daxil olanda biz də məşhur mineral sudan içdik. Parkın girişində qəribə mürəbbələr, bal satırdılar. Maraq üçün mandarin mürəbbəsi aldım. Yeri gəlmişkən, deyim ki, Gürcüstanda balın qiyməti bizə nisbətən çox ucuzdur. Bir litr balı təxminən 12 manata almaq olar.

Şəhərin dörd tərəfi dağlarla və meşələrlə əhatə olunub. Havası o qədər təmiz, insanları o qədər gülərüzdür ki, adam burdan getmək istəmir. Amma bizim üzü Qara Dənizə, Batumiyə doğru yolumuz var...

 

 

(Ardı var)

 

Elmin Həsənli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7115

Oxşar yazılar