[b]“Bu yarışları ləğv etsələr İranda qan düşər[/b]” – SƏFƏR QEYDLƏRİ
23 aprel 2015 12:48 (UTC +04:00)

[b]“Bu yarışları ləğv etsələr İranda qan düşər[/b]” – SƏFƏR QEYDLƏRİ

0

"Bu yarışları ləğv etmək istəyirlər. Ancaq türkmənlərin narazılıq edəcəyi, qan düşəcəyi səbəbindən hələ də qalır"

Günbədkavus şəhəri əhalisinin çoxunu türkmənlər (Türmənistan türkmənləri) təşkil edir. Bu şəhər İranın Türkmənistanla sərhəd olan Gülüstan vilayətində yerləşir. Burda türkmənləri adi işdə də görmək olur, ən yaxşı vəzifələrdə də. Əhalisinin 40 faizi türkmənlərdən ibarət olan vilayətin Türkmənistanla sərhədində isə demək olar ancaq bu xalqın nümayəndələri yaşayır.

Şəhərin ən izdihamlı, ən qaynar nöqtəsi isə cıdır yerləşən hissəsidir. Burda at yarışları keçirilir. Maraqlı tərəfi yarışların pul qoyulması ilə keçirilməsidir. Şəhərdə olduğumuz günün axşamı bizi cıdıra dəvət etdilər. İran İslam Respublikası olduğundan pul qoyulmasının haram-halal olması məsələsi müzakirə olundu. Bələdçimiz Qulamrza Məmişlü bildirdi ki, üç şeyə pul qoyulması haram sayılmır ki, onlardan biri də at yarışlarıdır. Ancaq bu əməl halal da hesab olunmur. Elə səbəbə görə bu yarışların qadağan olunması söhbəti dolaşır.

"Bu yarışları ləğv etmək istəyirlər. Ancaq türkmənlərin narazılıq edəcəyi, qan düşəcəyi səbəbindən hələ də qalır". Bunu yarışlara cavabdeh türkmənlərdən biri deyir. Vilayətin Atçılıq Federasiyasının rəhbəri Hakim İqdiri yarışların keçirilməsinə cavabdehdir.

Bu yarışlar türkmənlərin  milli simvoludur. Cıdır deyəndə isə ağıla türkmən gəlir. Kümbəd şəhərindən başqa İranın 3 şəhərində - Tehranda, Aq Qala və Bəndəri Türkmən şəhərlərində də bu cür (pullu) yarışlar keçirilir.

Yarışlara baxmağa az da olsa, qadınlar da gəlir. Cıdır həftədə iki dəfə olmaqla 7 mərhələdə keçirilir. Bu mərhələlərdə ümumi xalı daha yüksək olan at qalib hesab olunur.

At sahibi hər iştirakçı ata görə 10 min tümən (təxminən 35 dollar) ödəyir. Yarışlar ilin yalnız iki ayı keçirilmir, Ramazanda və Novruzdan bir ay əvvəl. Məhərrəm ayında isə Aşura günlərinə düşəndə təxirə salınır. Yarışa qoyulan məbləğin 10 faizi qalib atı sürənə, 30 faizi atın tərbiyəçisinə, 60 faizi isə atın sahibinə çatır.

Cıdırda olduğumuz müddətdə yarım saat fasilələrlə iki mərhələni izlədik. Hər yarışdan sonra insanların qəzəbinə, çığırtısına, sevgi dolu alqışına tamaşa etmək maraqlı idi. Yarış sonrası tamaşaçılar idmançıların və atların meydandan çıxdığı hissəyə doğru hərəkət edir, yarışın qəhrəmanlarını dövrəyə alırdırlar.

Federasiyanın rəhbəri H. İqdiri bildirdi ki, bu yarışlarda iştirak edən idmançılar Beynəlxalq idman yarışlarına da qatılır.  Azərbaycanda keçirilən maneələri dəf etmək yarışlarında da iki dəfə iştirak ediblər. Hər iki yarışda medallarla qayıdıblar.

Yarışlarda iştirak edənlərin çoxu türkməndir. Türkmən atları sahibinə ən çox pul gətirənlərdəndir. Qeyd edim ki, Ahaltəkə türkmən atı ən təmiz cins at hesab olunur. Dünyada keçirilən bir çox at yarışlarının qalibi olublar. Bu atlar həm də boyunun uzunluğu, gözəlliyi ilə seçilir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 634

Oxşar yazılar