Əvvəli: http://news.lent.az/news/204980
Kataloniya turunun növbəti günündə məşhur Monserrat dağına yollandıq. Monserrat Barselonadan 50 km uzaqlıqda yerləşir. Hündürlüyü 1236 metrdir. Dağın başında isə Monsserat monastırı yerləşir. Monastıra həm avtomobillə, həm də elektrik qatarı ilə qalxmaq mümkündür. Əlbəttə ki, ən gözəl seçim qatardır. Ona görə də biz qatarla dağa qalxdıq.
Fotolardan da göründüyü kimi, dağın zirvəsi barmaqları, yaxud insan heykəllərini xatırladır. Yuxarı qalxdıqca aşağıda çox gözəl mənzərə açılır. Kataloniya ayağımızın altında qalır. 3 vaqondan ibarət olan elektrik qatarı demək olar ki, doludur. Çünki buranın həm tarixi, həm də dini turizm əhəmiyyəti var. Əgər siz nə vaxtsa Barselonaya gəlsəniz, Monserrat dağına mütləq qalxmalısınız.
Monserrat monastırının əsası 1025-ci ildə Abbat Oliba tərəfindən qoyulub. Monserrat sözü katalon dilində “yonulmuş dağ” mənasını verir. Napoleon ordusunun hücumları zamanı monastır dağıdılsa da, sonradan yenidən tikilib. Monserrat monastırında hazırda 80 monax daimi yaşayır. Burda həmçinin bütün dünyada məşhur olan, oğlanlardan ibarət xor fəaliyyət göstərir. Qonaqların qalması üçün balaca mehmanxana da var. Monastır ərazisində yerləşən muzeydə isə tanınmış ispan rəssamlarının, hətta Salvador Dali və Pablo Pikassonun bəzi orijinal əsərləri saxlanılır.
Nəhayət ki, Kataloniyanın cənub sahillərinə - Kosta Dorodaya olan səfərimiz yekunlaşır İspaniyanın ikinci böyük şəhəri olan Barselonaya yollanırıq. Barselona İspaniyanın Aralıq dənizi sahilində yerləşən liman şəhəri və əsas ticarət mərkəzidir. Hər il dünyanın bütün ölkələrindən yüz minlərlə insan həm dincəlmək, həm gəzmək, buranın tarixi və müasir abidələrini canlı şəkildə görmək, ən əsası isə fanatı olduqları “Barselona” futbol komandasının stadionu “Camp Nou”nu ziyarət etmək üçün bu şəhərə axışır. Şəhərin təxminən milyon yarımdan çox əhalisi var. Bələdçimiz deyir ki, Barselona, İspaniyanın paytaxtı Madriddən fərqli olaraq daha çox gənclərin yaşadığı şəhərdir. Şəhərdə avtomobil çox deyil. Burda olduğumuz müddətdə demək olar ki, tıxaca rast gəlmədim. İnsanlar motosikletə (daha çox mopedlərə) və velosipedə üstünlük verir. Ayrıca velosiped zolağı mövcuddur. Velosiped xidməti göstərən ayrıca şirkətlər var. Sən şəhərin bir tərəfində həmin şirkətin velosipedini götürürsən. Getdiyin başqa yerdə müvafiq dayanacağa təhvil verirsən. Bütün bunlar velosiped istifadəsini asanlaşdırır. Buna görə də şəhərdə tıxac yaranmır, siqnal səsi olmur. Həm də şəhərin havası müqayisəedilməz dərəcədə təmiz qalır. Tıxacın yaranmamasının digər bir səbəbi də yolların planlaşdırılması ilə bağlıdır. Belə ki, şəhərdə yolların çoxu bir istiqamətlidir. Gedəcəyiniz nöqtəyə bir neçə alternativ yol mövcuddur. Buna görə də yollarda sıxlıq yaranmır. Üçüncü mühüm məsələ isə çoxlu yeraltı dayanacaqların mövcudluğudur.
Barselonanın hər tərəfi turist qrupları ilə doludur. Uzaq Şərq ölkələrindən – Çindən, Yaponiyadan, Rusiyadan, Şərqi və Qərbi Avropa ölkələrindən gələn turistlərə daha çox rast gəlmək olur. Qəribədir ki, ərəb ölkələrindən olan turistlər heç gözə dəymədi. Şəhərin hər tərəfində yerli marka olan “Zara”, “H&M”, “Mango” mağazalarına rast gəlmək olur. Alış-veriş məsələsinə ayrıca toxunacam.
Barselona qədim şəhər olsa da, əsasən modern dövrün abidələri ilə tanınır. Bu şəhərə gələnlərin mütləq getdiyi 3 yer varsa, onlardan biri Sagrada Família – yəni Müqəddəs Ailə kilsəsidir. Kilsəni həmçinin memarının – Antonio Qaudinin adı ilə də tanıyırlar. Müqəddəs Ailə kilsəsinin tikilməsi ideyası XIX əsrin 70-ci illərində meydana atılmışdı. 1882-ci ildə yığılmış ianələr hesabına məbədin inşası başlayıb. İlk memarı Fransisko del Vilyar olub. Daha sonra isə işlərə Antonio Qaudi rəhbərlik etməyə başlayıb. Qaudi layihənin tamamilə dəyişdirib. Onun ideyasına əsasən, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi. 1926-ci ildə Antonio Qaudi tramvayın altında qalaraq faciəvi şəkildə həlak oldu. (Yeri gəlmişkən, Qaudini yaralı şəkildə heç bir taksi vaxtında xəstəxanaya çatdırmamışdı, elə ona görə də bu hadisədən sonra Barselonada bütük taksilər qara rəngdədirlər). Lakin kilsənin tikintisi dayanmadı. Qaudinin ölümündən sonra inşaata onun tələbəsi Domenek Suqranes rəhbərlik etdi. O, üç yeni zəng qülləsi tikmiş, habelə bir sıra yeni layihələr də tərtib etmişdi. Məbədin inşasına İspaniyada baş vermiş vətəndaş müharibəsi maneçilik törətmişdi. Müharibə zamanı şəhərdə yanğın baş vermiş, nəticədə, məbədin planlarının əksəriyyəti məhv olmuşdu.
Biz Sagrada Familianın qarşısında dayanıb bu möhtəşəm memarlıq abidəsini seyr etdiyimiz zaman tikinti işləri hələ də davam edirdi. Proqnozlara görə kilsənin tikintisi təxminən 15 il sonra başa çatmalıdır. Bəlkə də heç vaxt başa çatmayacaq. Kilsənin içinə daxil olmaq istəsəniz uzun növbədə gözləməlisiniz. Növbədə gözləmək, bilet almaq, məbədin içərisini tam gəzmək üçün gərək bütöv bir gününüzü həsr edəsiniz. Amma biletləri getməmişdən qabaq onlayn almaq da mümkündür. Biletin qiyməti isə 20 avrodan başlayır.
Qaudinin digər məşhur əsəri isə Kasa Mila adlanan binadır. Bu bina memar tərəfindən 1906-1910-cu illərdə tikilib. Qaudi binanın çöl görünüşündə dəniz dalğaları və yosun effekti verib. UNESCO-nun “Ümumdünya irsi” siyahısına daxil edilən bina Barselonaya gələnlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.
Nəhayət, səfər boyu hamının həsrətlə gözlədiyi nəhəng “Camp Nou” stadionuna gəlib çıxırıq. Kataloniyanın sürətlə inkişaf etməsinə və Avropa turizminin mərkəzinə çevrilməsinə təkan verən amillərdən ən başlıcası məhz “Barselona” futbol klubu olub. “Camp Nou” sözünün mənası katalon dilində “yeni torpaq” deməkdir.
Stadion 1957-ci ildə istifadəyə verilib. Tamaşaçı tutumu 99 min 354-dür. Amma 1986-cı ildə Çempionlar liqasının yarımfinal görüşündə rekord sayda tamaşaçı olub: 120 min.
Futbol oyunlarını bir kənara qoysaq, hər il stadionun təkcə muzeyinə yüz minlərlə insan gəlir. Muzey kimi buranın qazancı ildə təxminən 27 milyon avrodur. Stadionun ümumi illik gəliri isə 600 milyon avro təşkil edir. Oyunların qiymətləri qarşılaşmalardan asılı olaraq 40-50 avrodan başlayıb, 100 min avroluq VİP biletlərə qədər gedib çıxır. “Camp Nou” muzeyi 1984-cü ildə açılıb. Muzeydə klubun uğurlarını əks etdirən mükafatlar - kuboklar, qızıl toplar, qızıl butslar, ən mühüm qarşılaşmalarda istifadə olunmuş toplar, tarixi fotolar və digər maraqlı eksponatlar nümayiş olunur. Muzeyi keçdikdən sonra stadionun insanı valeh edən mənzərəsi açılır. Stadiondakı “Mes que un club” yazısı – “Bir klubdan daha artığı” mənasını verir. Gələcəkdə stadionun tutumunun 15 min artırılacağı gözlənilir. Kataloniyanın bütün şəhərlərində rast gəldiyimiz “Barselona” futbol komandasının rəsmi mağazalarının ən böyüyü “Camp Nou”da yerləşir. Klubun orijinal formalarını burda 80-90 avroya almaq mümkündür.
Barselonada görüləsi yerlərdən biri də “El Pueblo Español” - “İspan kəndləri” – adlanan açıq hava muzeyidir. 1929-cu ildə salınmış arxitektura muzeyində İspaniya tarixinə aid tikililərin, memarlıq abidələrinin modeli yaradılıb. İspaniya mədəniyyəti ilə tanış olmaq üçün bu muzeyi gəzmək bəs edir. Burda həmçinin müasir incəsənət nümunələri, Salvador Dali, Pablo Pikasso kimi məşhur rəssamların bəzi əsərləri saxlanılır.
Səfərimizin növbəti günlərini Kataloniyanın şimal şərq sahillərində - Kosta Bravada keçirdirik. Kataloniyanın cənub sahili – Kosta Dorodadan fərqli olaraq şimalı dağlıq ərazidir və burada havalar daha gec isinir. Kosta Brava sahilləri əsrarəngiz gözəlliyə malikdir. Loret-de-Mar, Kalelya qəsəbələri yay istirahəti üçün həqiqətən də əvəzedilməz məkanlardır.
Hər il orta hesabla 5 milyon turistin gəldiyi Jirona şəhəri özünün qədim tarixi ilə diqqəti cəlb edir. Şəhər Barselonadan təxminən 100 km, Fransa ilə sərhəddən isə 65 km uzaqlıqda yerləşir. Jirona özlüyündə qədim və müasir şəhərə bölünür. Bu iki şəhərin arasından keçən çay və çayın kənarında yerləşən binalar Jironaya xüsusi gözəllik verir. Jironanın ilk sakinləri iberlər olub. Sonrakı dövrdə 600 il müddətində Roma imperiyasının tərkibinə daxil olan şəhər ərəb işğalları zamanı müsəlmanların əlinə keçib. Amma müasir dövrdə burda islam mədəniyyətinin qalıqlarına demək olar ki, rast gəlinmir. Jironada tarixən yəhudilərin ən çox yaşadığı şəhərlərdən biri olub. Burda məşhur “Parfümer” filminin bəzi hissələri çəkilib.
Kataloniyaya səyahət etmisinizsə, gedəcəyiniz növbəti məkan mütləq Salvador Dalinin anadan olduğu Fiqeras şəhərində yerləşən Dali teatr-muzeyi olmalıdır. Sürrealist rəssam Salvador Dalinin 1978-ci ildə qədim teatr binasında açdığı bu muzeydə elə onun uşaqkən ilk sərgisi keçirilibmiş. Bu bina İspaniya vətəndaş müharibəsi zamanı yandırılıb. Salvador Dali öz vəsiyyəti ilə muzeydə dəfn edilib.
Dali teatr-muzeyində məşhur rəssamın bir çox əsərləri, ona aid bəzi əşyalar, çarpayısı və s. maraqlı eksponatlar var. Salvador Dalinin əsərlərinin orijinalını görmək istəyirsinizsə, bu muzeyə mütləq gəlməlisiniz.
Barselonada, həmçinin gəzdiyimiz digər balaca şəhərlərdə ən çox diqqətimi çəkən şeylərdən biri açıq havada yerləşən kafelər idi. Mənə görə bir şəhərə gözəllik verən əsas amillərdən biri məhz yol kənarlarında yerləşən kafelərdir. Təəssüf ki, Bakıda kafelərin çoxu qapalı məkanlarda yerləşir. Halbuki Bakının mərkəzi küçələrində yanbayan belə kafelər mövcud ola bilər.
- Katalonlar şən, həyat doludurlar. Onlar işləməyi sevirlər, işlərindən zövq alırlar və əylənməyi bacarırlar. İnsanların pozitivliyini eyvanlarından görmək olur. Gəzdiyimiz bütün şəhərlərdə binaların eyvanları, pəncərələri dibçəklərlə dolu idi. İspanlar həmçinin evdə heyvan saxlamağı da sevirlər.
- Evlərin divarı, qarajların qapısı, qapılar, hasarlar – hər yerdə maraqlı qraffitilərə var.
- Hər yerdə zibil qutuları, siqaret üçün ayrıca qablar qoyulub. Buna görə də küçələr tər-təmizdir. İnsanlar siqareti yerə atmır.
- Kataloniya sahil zolağında yerləşdiyinə görə buranın mətbəxi əsas dəniz məhsullarından təşkil olunub. Səfərimiz boyunca dəniz kirpisindən tutmuş dəniz şeytanına qədər hər cür dəniz məhsulunun dadına baxdıq.
- Məşhur “Torres” çaxırları Kataloniyada istehsal olunur. Ümumiyyətlə, ispanlar çox çaxır içirlər. Hər məclisdə masanın üzərində mütləq şərab olur. Hər gün müəyyən qədər şərab içmək həm sağlamlığa xeyirdir, həm də iştaha açır, insanın yorğunluğunu çıxarır. Şərabdan hazırlanmış sangria kokteyli isə hər məclisdə təklif olunan çox dadlı içkidir.