Qırğızıstan «Qazprom-neft Aziya»-nın baş direktoru Bulut Abildayev ölkənin maliyyə naziri ilə korrupsiyada əlbir olmaqda şübhəli bilinərək, ev dustağı edilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu günlərdə Qırğızıstan Prokurorluğu ölkənin keçmiş maliyyə naziri və Fövqəladə Hallar Nazirliyinin sabiq başçısını korrupsiyada ittiham edərək, saxlayıb. Onlar Kanadanın «Centerra Gold » şirkəti ilə birlikdə «Kumtor» qızıl yatağının istismarı ilə bağlı müqavilənin hazırlanmasında iştirak edib.
Parlament isə hesab edir ki, bu müqavilə ölkə iqtisadiyyatına və respublikanın ətraf mühitinə ziyan vurur.
Bir müddət öncə deputatlar keçmiş prezidentlər Əsgər Akayev və Kurmanbəy Bakiyevin Kanada şirkəti ilə imzaladığı müqavilənin ləğvini tələb etmişdi. Həmin anlaşmaya əsasən, Orta Asiyadakı ən iri qızıl mədəninin aksiyalarının 33 faizi Qırğızıstanın payına düşür. Məlumata əsasən, orada 700 ton qızıl ehtiyatı var.