...Əslində Əfqanıstana getməkdə məqsədimiz ayrı idi. Çoxdan bilirdik ki, bu qədim torpaqlarda Qarabağla bağlı yer adları var. Qarabağ, Qarabağbazar, Qarabağpalan, Qarabağbibi, Əfşar, Əfşar-təpə… Nadir şahın və Qızılbaş imperiyasının mövcud olduğu dönəmlərdə Azərbaycandan buralara köçən soydaşlarımız o vaxtdan Əfqanıstanda məskunlaşıb, yurd-yuva qurublar.
Niyyətimizi Diasporla İş üzrə Dövlət Komitəsinə bildirdik. Komitə təşəbbüsümüzü dəstəklədi və səfərin təşkilinə yardımçı oldu…
Əvvəli: http://news.lent.az/news/162891
…Bardaş qurub oturmuşuq. Görüşə təşrif buyuranlardan ikisi - Ömər Ayxan və İsa Xan keçmiş səhra komandirləridir. Əhməd Şah Məsudun ordusunda sovetlərə qarşı da vuruşublar, Talibana qarşı da.
İsa Xan deyir ki, Qarabağ və ətrafı Əfqanıstanın ən barlı-bərəkətli torpaqlarıdır.
- Burda bir üzüm yetişir ki, vallah, 3-4 dənədən artıq yemək olmur. Adamın ağzını yandırır şirinliyi. Bizim kişmiş isə can dərmanıdır.
- Elə bizim Qarabağda da üzüm yetişir. Kişmişi də ki…
Hamısı gülür cavabıma. İsa Xan onu da deyir ki, onların dədə-babaları həmişə deyərmiş ki, bizim əcdadlarımız o tərəflərdən gəliblər. Biz həmişə elə bilmişik ki, Azərbaycan ancaq İranda var, İranın şimal vilayətləri Azərbaycandır axı? İlk dəfə Azərbaycan, azərbaycanlı haqda daha müfəssəl eşitmək sizin əsgərlərin Şurəvi ordusunda Əfqanıstana hücum edəndə bildik. Rusların içində çoxlu müsəlman vardı. Özbəklər, taciklər, çeçenlər, azərbaycanlılar. Yadımdadı, sovetlər Əfqanıstanı tutmuşdular. Elə buraları da. Onların burda yaxında, Baqram dediyimiz yerdə böyük hərbi bazaları, aerodromları vardı. Minlərlə əsgər vardı orda. Bir dəfə bizim yaşlı çobanlardan biri xəbər gətirdi ki, orda iki əsgərin danışığını eşitdim, sonra özüm də danışdım, eynən mənim babalarım kimi danışırlar. Yəni o çobanın babaları kimi. Düzü, biz cavanlar həmin adamla zarafatlaşırdıq həmişə. Deyirdik ki, yəqin şurəvidən babalarının qohumları gəlib. Amma sonradan məlum oldu ki, hə, yazıq kişi düz deyirmiş. Şurəvi ordusunun tərkibində xeyli azərbaycanlı varmış.
Ömər Ayxan müdaxilə edir. Deyir, burda Qarabağda Azərbaycandakı Qarabağ haqda eşitməyən, bilməyən yoxdur. 90-ların əvvəllərində biz orda savaşın başladığını eşitdik. Qış idi, hansısa telekanal qətlə yetirilmiş müsəlman uşaqlarını göstərirdi. Və tez-tez də “Qarabağ”, “Qarabağ” eşidirdik. Səhəri, ya o biri gün idi, yadımda deyil, ağsaqqallar yığışdı ki, orda kafirlərlə savaşanlar bizim qardaşlarımızdır. Onlara kömək etmək gərəkdir. O da yadımdadı ki bu məsələ neçə ay uzandı... Amma dəqiq onu bilirəm ki, bu məsələnin uzanmasının səbəbi elə buradakı müharibəydi. Şurəvi çıxıb getmişdi, Əfqanıstanda vətəndaş savaşı gedirdi. Qarabağa qardaşlarımızın kafirlərlə savaşına kömək üçün gedirik deyəndə, bax, o gördüyünüz bazarın qarşısına yüzlərlə adam yığıldı.
Ardını İsa Xan danışır. Keçmiş komandan deyir ki, təkcə Qarabağdan Qarabağa 300 nəfərdən çox könüllü gedib. Elələri vardı aparmaq istəmirdik, qaçıb getmişdi. 10 nəfər şəhidimiz var. Bir çoxu da yaralı qayıdıb.
- Elə oralarda qalanlarımız da oldu. Sizin qızlarla evlənənlər yəni (Gülür). Bura qayıdanların çoxu isə Talibanla savaşda şəhid oldu. Qarabağlılar Qarabağ müharibəsində ölmədilər, amma taliblə döyüşdə öldülər, Allahın işinə bax sən.
- Açığı, mənim üçün çox maraqlıdır: nə apardı axı sizi Azərbaycana? Pul, din, Qarabağ, nə?
- Din və Qarabağ. Biz muzdlu döyüşçülər deyilik ki, pul alaq, savaşaq. Sizin əsgərlərə nə verirdilər, bizimkilərə də ondan. Yeməyi də, suyu da eyni. Biz təkcə müsəlman olduğunuza görə, Qarabağa getmədik. Elə Qarabağın özünə, adına görə getdik. Demək, həm də vətənimizi qorumaq üçün getdik. Əgər vətənə düşmən hücum edirsə, onun müdafiəsinə qalxırsansa, dində bu cihad adlanırsa, demək həm də cihada getdik. Bunu azərbaycanlı qardaşlarımıza da çatdırın, günü sabah da gedərik. Piyada gedərik, ayaqyalın gedərik. O müqəddəs torpaqlar həm də bizimdir.
Bu arada komandan bir maraqlı məqama da toxundu. Deyir, “əfqan qarabağlılar” Qarabağa gedəndə heyrətə gəliblərmiş.
- Təbiət necə də bir-birinə bənzəyirmiş. Torpağı, suyu da eyni. Hətta bizimkilər sizin uşaqlara deyirmiş ki, çalışın erməni tərəfə az raket atasız. Səbəbini soruşanda deyirmişlər ki, raket torpağı xarab eləyir, bu cür bərəkətli torpağa raketlərlə məhv etməyin.
Bu arada İsa xandan soruşuram:
- İllərdir vuruşursuz. Sovetlərlə, daha sonra iç savaş, Taliban…Yorulmadınızmı?
Hamısı fikrə gedir. Cavanlı-qocalı hamısı. Ömər Ayxan dillənir. Və sanki hamısı bu cavabı gözləyirmiş kimi köks oturub dərindən nəfəs alır:
- Yorulmuşuq... Çox yorulmuşuq...
İsa Xan bu cavabdan sonra bir qədər keçmişə qayıdır. Deyir, sovetlərlə vuruşanda cavan idilər.
- Gözümüzü qan örtmüşdü. Fikirləşirdik ki, kafirləri vətənimizdən qovacağıq. Qovduq da. Bayaq deyirsən ki, vuruşmağı harada öyrəndiniz? Əlbəttə, heç bir hərbi təhsilimiz yox idi bizim, Əhməd Şahın düşərgəsində, zaman özü yetişdirdi, komandir kimi yetişdirdi bizi. Heç düz-əməlli məktəb də oxumamışdıq. Amma bəlkə də çox az kimyagərin bacardığını edə bilirdik. Müxtəlif təyinatlı, özü də adi üsulla elə bombalar düzəldirdik ki… Minaatanlar düzəldirdik, ruslar dəhşətə gəlirdilər. Elə bilirdilər ki, haradasa istehsal olunub. Amma bilmirdilər ki, əldəqayırmadır. Yadımdadı, təyyarədən qorxurduq. Amma sonradan Stingerlərimiz oldu, təyyarələrin bizim üçün adi quşdan fərqi olmadı. Məsud öyrətdi bizə bütün bunları. Böyük şəxsiyyət idi o. Bax, fikir vermisinizsə, Kabilin küçələri doludur onun portretləri ilə. Tacik idi Məsud. Amma nə fərqi, onu türk də sevirdi, tacik də, puştun da, lap elə şurəvinin özü də. Çünki qəhrəman idi. Burda nə qədər cəbhə komandirləri olub! Rəbbani, Hikmətyar Pakistana qaçdı Talibanın vaxtında. Dustum Türkiyəyə. Onların heç biri Məsudun yerini verə bilməz. Onların hamısı zaman-zaman Əfqanıstandan qaçdı getdi, sonra gəldi. Amma Əhməd Şah bircə gün də olsa Əfqanıstanı tərk etmədi… Sizə bir söz deyim, bəlkə də yeri deyil. Bəlkə də etirafdı bu. Sovet əsgəri, çox qəhrəman əsgərdir. Düzdür, burda məğlub oldular, ölkədən çıxardıq onları. Amma şir kimi döyüşürdülər. Üzbəüz süngü döyüşünə çıxmaqdan belə çəkinmirdilər. Qorxmaz idilər. Dükana girirdilər, bircə kəlmə deyirdilər ki, “mən dost”. Siqaret ya su, nə istəyirsə alıb gedirdilər. Qadınlara tərəf baxmazdılar. Əsir almaq çətin olurdu onları, yaralı olsalar da, sonacan döyüşürdülər ki, əsir düşməsinlər. Beş rus əsgəri tutmuşduq, Şəkərdərədə. Özlərini qəhrəman kimi apardılar. Sonradan onları 30 mücahidlə dəyişdik. Amma amerikalılar? Döyüşə bilmirlər onlar. Çox xofludurlar. Dükana 10 nəfər birdən gəlir. Biri balaca bir şey alacaq, beş nəfər dükana girir əli avtomatlı, beş nəfər də bayırda onları qoruyur. Sovet əsgəri ürəklə kəndə də gələrdi. Əgər silahlı deyildisə, heç kimin, hətta mücahidlərin belə onlarla işi olmazdı.
- Sovet əsgərlərini belə tərifləyirsiz, bəs nədən elə amansızlıqla vuruşurduz onlarla.
Az qala hamısı birdən:
- Kafir idilər, ona görə… Qarabağda da kafirlərə qarşı vuruşduq.
...Söhbətə cavanları qoşmaq istəyirəm. Boyun qaçırırlar, deyirlər, ağsaqqallar olan yerdə onsuz da danışmayacaqlar. Bəs görəsən Azərbaycan, Qarabağ haqda bu cavanlar da eşidibmi? Yusif Qurbanallah deyir ki, əlbəttə, eşitmişik. Sən demə, onun iki əmioğlusu Qarabağda həlak olub. Özü isə müharibə görməyib. Amma deyir ki, müharibə yetər daha. Bu torpaqları əkib-becərmək lazımdı ki, gələcək nəsillər firavanlıq içində yaşasın.
Deyir, bütün Əfqanıstanda Qarabağı sən demə Kaleyi-Qazi kimi tanyırlar. Yəni Qazilərin, qəhrəmanların qalası.
- Bu ad elə bizə bəsdir. Bizim bir Qarabağ da Qəznidədir. Ora burdan daha böyükdür. Amma Kaleyi-Qazi kimi bura tanınır. (Gülür) İnşallah, gec-tez sizin Qarabağa qonaq gələrik. Savaş olsa, mütləq alarsız o torpaqları. Amma bizlərdə belə deyirlər, halva deməklə ağız şirin olmur…
- Bizdə də belə deyim var.
(Gülürlər)
Söhbətə Abdullah qoşulur. Deyir, siz Qarabağa Azərbaycandan gələn ilk adamlarsız.
- Buraları unutmayın. Gəlin, gedin. Görürsüz necə sakitlikdir? Əfqanıstanın ən sakit bölgəsidir. Bizlər varıq, yaxşıyıq, siz sağ olun.
Ortaya çay gəlir. Azərbaycanı soruşurlar, demək olar ki, hər şeylə maraqlanırlar. Necə deyərlər, nə yediyimizdən tutmuş, nə içdiyimizə qədər...
***
Sonra isə küçəyə çıxırıq. Maraqlıyıq bu adamlar üçün. Elə şərti olaraq “4 yol” adlandırdığımız bu yerdə biləndə ki, Azərbaycandanıq, başımıza yığışırlar. Xalçalarına baxırıq, xurmalarından dadırıq. Bizi evinə dəvət edən kim, bir kisə kişmiş hədiyyə etmək istəyən kim. Təşəkkür edib ayrılırıq.
***
Axşam düşür. Buralarda sakitlik olsa da, yol uzundur. Sürücü və tərcüməçimiz gecəyə düşmək istəmirlər. Komandanlarla da, qarabağlılarla da vidalaşıb Kabilə doğru yol alırıq. Həmin dağları, üzümlükləri, insanları, ən əsası Qarabağı Allaha və elə həmin adamlara əmanət buraxıb gedirik.
Yolda tərcüməçimiz Nəcib yenə dillənir:
- İlk dəfəydi bura gəlirdiz?
- Hə.
- Amma elə bil neçə vaxtdır bu adamlarla tanışsınız, elə qarşıladılar ki…
Bəs necə qarşılamalıydılar ki?
Bunu Nəcibə demədim.
Onsuz da başa düşməyəcəkdi…
(Bu yazı həmin günlərdə Əfqanıstanda qətlə yetirilən alman həmkarımız Anja Niedringhausun xatirəsinə həsr olunur)
Səbuhi Məmmədli,
Kabil