Yunanıstanın Syros adasında pişiklərə qulluq edən könüllülərə pulsuz yaşayış yeri təqdim olunur. Heyvanların müdafiəsi ilə məşğul olan Syros Cats təşkilatı 2027-ci il üçün könüllülər axtarır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, könüllülərə Egey dənizində yerləşən Syros adasında pulsuz yaşayış, səhər yeməyi və kommunal xidmətlərin ödənişi təklif edilir.
Bunun müqabilində könüllülər gündə təxminən 5 saat, həftədə isə 5 gün yerli pişiklərə qulluq etməlidirlər.
Müraciətlərin qəbulu sentyabr ayında başlayacaq.
Təşkilat ən azı bir ay adada qalmağa hazır olan, 25 yaşdan yuxarı tək şəxsləri və ya cütlükləri axtarır.
Namizədlərin müstəqil işləmək bacarığına malik olması vacibdir.
Xüsusilə baytar köməkçisi kimi təcrübəsi olan və ya sahibsiz pişiklərlə işləyən şəxslərə üstünlük verilsə də, adi heyvansevərlər də müraciət edə bilərlər.
Bu işə görə maaş verilmir. Əvəzində könüllülər pişiklərə qulluq etdikdən sonra adada turist kimi yaşamaq və istirahət etmək imkanı əldə edirlər.