1568
writer1

Taleh Şahsuvarlı

Məqalə sayı

11
11:46 16 Sentyabr 2011

Baş Bəyimiz Babək…

Prezident İlham Əliyev heykəlinin ucaldılmasına sərəncam verəndən sonra Babək və Xürrəmilər hərəkatı barədə müzakirələr yenidən qızışdı. Bu müzakirələrdə fikir bildirən və bildirməyən ictimai rəy yaradıcılarının yanaşmalarında ən çox təəssüf doğuran nüans Babəki qəbul etməyənlərin hay-həşiri yox, uzun illər mətbuatda xürrəmilər hərəkatının liderinə sayğı sərgiləmiş bəzi qələm sahiblərinin susması oldu. İlahiyyatçı ekspert qismində Ramin Vəkilov adında və ağlında olanlar malı mala qarışdırmağa cəhd edərkən, dövlət başçısının Babəkin heykəlinin ucaldılması barədə verdiyi sərəncama münasibət bildirməkdən yan keçən həmin qələm sahibləri ictimai rəyə basqısı artıq hiss olunan dini qruplardan yox, müxalif kəsimlərin tənəsinə tuş gəlməkdən çəkindilər.

Bu cür tənələrdən qorxanları və susanları isə qətiyyən ictimai rəy yaradıcıları adlandırmaq mümkün deyil. İctimai rəy yaradan qələm sahibi olmaq üçün hər şeydən öncə yazarın özünü “afərin”ə hesablamaması lazımdır, “afərin”dən asılılıq sonucda ayrı-ayrı müəllifləri bəlli kəsim liderlərinin mirzəsi durumuna gətirib çıxarır. Odur ki, Azərbaycan mətbuatında sütun sahibi olmaq, hələ Azərbaycan mətbuatının sütunlarından biri olmaq anlamına gəlmir.

Babəkin heykəlinin qoyulması, bu məsələdə də simvolik hadisə olmaqla şəxsiyyət və azadlıq probleminə yenidən diqqət cəmləyir və kütlənin ifadə özgürlüyünə basqısından narahatlıq yaradır. Bir az didaktik olsa da, xatırlatmaqda yarar var: peşəkarlıq da məhz bu zaman dada çatır və bu məqamda peşəkarlığın nə demək olduğunu anlamağa çətinlik çəkənlərə mən mühazirə deməyi yersiz sayıb, Mirşahinin Turan İbrahimovun ANS-dən kənarlaşdırılması barədə verdiyi açıqlamanı dönə-dönə oxumağı tövsiyə edirəm. Hərçənd ki oxumaq hələ nəticə çıxarmağa, müstəqil fikir sahibi olmağa həmişə yetərli olmur və elə dini hisslərə qapılıb Babəkin əleyhinə danışan “savadlılar”la, mollalarla ağız-ağıza verib bu azman tarixi şəxsiyyəti yerdən-yerə vuranlar arasındakı mövqe qohumluğu da bunu sübut edir.

Babəkdən söz düşəndə mənim əsla mübahisə etmək istəmədiyim rəy sahibləri Xürrəmilər hərəkatının islama yox, ərəblərə qarşı olmasından söz açanlardır. Bu qəbildən olan adamlar həm Babəki qəhrəman olaraq görmək, həm də islamın Azərbaycanda qılınc gücünə yayılmasını qəbul etməmək istəyənlərdir. Babəkin öz Tanrısı və inancı vardı. Həmin inanc islama tamamilə zidd olmaqla bərabər, Zərdüştün dinindən də kəskin şəkildə fərqlənirdi. Babəkin islamla uzlaşmayan bir din sahibi olduğunu yəqin etmək üçün xürrəmilərin reinkarnasiyaya- canlanmaya inamlarını və canlanmanın Qurandakı qiyamət vədlərinə tamamilə zidd olduğunu xatırlamaq yetərlidir.

Canlanma - həyata yenidən qayıdış “cənnət” və “cəhənnəm” perspektivinə qarşı olan inamdır və bu inam son nəticədə Uca Şirvini müsəlmanların Allahının “cəzaverici” xüsusiyyətlərindən arındırır. Şirvin - gözəllik Tanrısı idi, insanla eyniləşirdi və mənim çeşidli qaynaqlardan yaranan fəhmimə görə, müasir erməni dilində işlənən “sirovun”/”gözəllik”/ kəlməsinin azəri köküdür. “Sirovun” həm də xaçdaşlardakı simvolun adıdır və həmin xaçdaşların 9-cu əsrdən sonra meydana çıxdığını nəzərə alanda çoxguşəli çarmıxın günəş simvolikası və xürrəmilərlə bağlılığı ciddi bir ehtimala dönür.

Xürrəmilərin Tanrısı ilə bağlı düşüncə gəzişmələrində nədənsə həmişə yalnız Azərbaycanda və İranda ifa olunan “Şur” muğamına, bir də kürdcə “sevgi” anlamında işlənən “Evin” sözünə gəlib çıxır, evlənmə mərasimi olan toyun “şur”lu keçməsi ilə bağlı deyimi xatırlayır və xürrəmi inancının izlərini Novruz bayramında, toy adətlərimizdə və folk musiqimzidə axtarıram. Azərbaycanın toy adətinə görə, evlənən cütlükdə kişi cinsinin nümayəndəsi “BƏY” adlanır. Bəy olmaq təkcə qadın sahibi olmaq yox, həm də ev-eşik, mülkiyyət sahibi olmaqdır və Babəkin öz oğluna dediyi məşhur söz də haqqında çəkilmiş filmdəki kimi yox, “BİR GÜN BƏY OLMAQ, QIRX İL QUL OLMAQDAN YAXŞIDIR” şəklindədir.

“Canlanma” tarixi metaromanını yazmaq üçün apardığım araşdırmalarda diqqətimi hazırda yəzidi kürdlərin “Ş” hərfini tələffüz etməkdən çəkinmələri cəlb etmişdi və bu da belə bir ehtimal yaranmasına səbəb olmuşdu ki, xürrəmilərin lideri seçilərkən titul olaraq qəbul edilmiş “Babək”də şeytanın adının baş hərfi olduğuna görə “Ş” səsi tələffüz edilməyib. “Ş” səsi ilə birgə titul “Baş Bəy/g/k” şəklinə düşür ki, bu da xalq nümayəndələrinin məclisində seçki vasitəsi ilə başçı elan olunan şəxsin daşıya biləcəyi tituldur.

Baş Bəy hər şeydən öncə bir dövlət başçısı, həm də seçilmiş dövlət başçısı idi və onun paytaxtı, bayrağı, həbsxanası, iyerarxiyası, xarici siyasəti, bəzi gümanlara görə, hətta pul vahidi olan dövlətinin sərhədləri Həmədandan başlayıb Sünikdə bitirdi. Bəzz qalası alındıqdan sonra onun Sünikə doğru hərəkət etməsi dövlətin əks sərhədinə çəkilmək, Bizansdan da yardım alaraq yenidən toparlanmaq və revanş götürmək niyyətinə bağlı idi. Unutmaq lazım deyil ki, Baş Bəy ərəblərə qarşı vuruşmaq üçün Feofob adını qəbul edərək imperatorun bacısı, yaxud baldızı ilə evlənmiş Nəsrin başçılığı ilə minlərlə xürrəm döyüşçünü Bizansa köməyə göndərmişdi və həmin mütəşəkkil ordunu yenidən geri çağırmaq mümkün idi. Baş Bəyin başçısı olduğu dövlət quruluşca Xəzər xaqanlığına yaxın idi və onun yıxılmasında da xaqanlığın xilafətlə bağladığı ticarət müqaviləsi həlledici oldu.

Baş Bəyi xəlifənin qəzəbinə ən çox gətirən onun Azərbaycandan Məkkəyə gedən zəvvarların yolunu bağlaması və onları Həccə buraxmaması olmuşdu. Zəvvarların Məkkəyə gedib çıxmaması xilafətin büdcəsinə ciddi ziyan vurmaqla yanaşı, işğal olunan ölkələrdə islamın ideoloji təsirini sarsıdırdı. Baş Bəyin mübarizəsi azadlıq mübarizəsi idi və bu mübarizə həm də islamı ərəb coğrafiyasına qaytarmaq məqsədi güdürdü. O, Səhl İbn Sumbata “məni bu cuhudlara çox ucuz satdın” demişdi və onun ərəbləri yəhudilərlə eyniləşdirməsi və sanki antisemit tövr sərgiləməsi, bir dəfə Arazdan quzeydə kilsə yağmalamasını da nəzərə alanda səmavi dinlərə münasibətindən doğurdu. Baxmayaraq ki, onun iki əsas müttəfiqindən biri – Xəzərlər musavi, Bizans isə xristian idilər və onların hər üçünü antiislam mövqeyi birləşdirirdi. Baş Bəyin Bizansla ilişgilərdən dolayı xristianlığa münasibəti daha loyal idi və Feofilin dəstəyini qazanmaq üçün bir məktubunda “gizli xristian” olduğunu da iddia etmişdi. Onun şiəliyə münasibəti də diplomatik səciyyə daşıyırdı, imam Rzaya və xələflərinə xilafəti içəridən zəiflədən güc kimi baxır, bununla belə, onlarla məsafə saxlayırdı. Lakin Baş Bəyin edamından sonra xürrəm inancları xeyli dərəcədə şiəliklə birləşdi və Azərbaycan coğrafiyasında Baş Bəyə ehtiram Həzrət Əlinin adı ilə qorundu. Bu gün Güney Azərbaycanda, Qarabağda və Zəngəzurda Əliyə bağlı yüzlərlə toponim və rəvayət var. Dördüncü xəlifənin Ərəbistandan kənara çıxmadığı tarixi fakt olduğundan həmin toponim və rəvayətlərin gerçək qaynağının Baş Bəy sayılması daha doğrudur.

Ümumiyyətlə, xürrəmiləri hazırkı liberal-demokratiyanın formalaşmasında rolu olan Skandinaviya vikinqləri ilə müqayisə etmək olar. Zira, Babəkin hərəkatını üsyandan dövlətçiliyə keçə bildiyinə görə müasir demokratiyaya onlardan daha yaxın hesab etmək lazımdır. Xürrəmilər qadın azadlığı məsələsində çağdaş demokratiyaya xüsusilə yaxın idilər. Babəkin başçılıq etdiyi Azərbaycanda qadın özünə seksual partnyor seçə biləcək qədər özgür idi, ancaq bu özgürlük, bəzi ərəb müəlliflərin iddia etdiyi kimi, heç də “arvadların ümimiləşdirilməsi” anlamına gəlmirdi. Baş Bəy özü evlənəndə gəlin ona reyhan qanadı uzatmışdı və reyhan qanadının nikah atributu sayılması xürrəmilərdə ailə münasibətlərinin düzənli olduğunu söyləmək üçün ciddi faktdır.

Mən Baş Bəyin Bakıda qoyulacaq heykəlində reyhan qanadının qılınc və edam kötüyü elementlərdən daha ön plana çıxarılmasını və reyhanın qəhrəmanımızın azadlıq ehtirası, gözəllik anlayışı və əyilməz xarakteri ilə sintez edilməsini arzu edərdim. Doğrusu, Baş Bəyin heykəlini, “görk üçün”, Əli Kərimin sözləri ilə desəm, qan rəngli bir arabada, şərq boyda bir xarabada qapı-qapı gəzdirilən şəkildə, lakin qoparılmış başı, budanmış qolu, kəsilmiş ayaqlarını yenidən bədəninə birləşdirib CANLANAN halda yonulmasını çox istəyərdim.

Heykəltəraşlarımız Baş Bəyin mistik cəhətlərini, mənəvi-ideoloji lider olduğunu da gözə almalıdırlar mütləq.

Baş Bəy erkən yaşlarında təkcə çobanlıq etməmiş, həm də orduda davul çalmışdı, tənburda da ifa edə bilirdi. Yaxşı avazı vardı. Oxuyub-yazmağı bilirdi. Orta boylu, simpatik və xarizmasını qoruyan bir adamdı. Afşin tərəfindən əsir alınıb Samirəyə gətirildikdən sonra Abbasilər sarayının baş qazısı, mutəzilərin əsas ideoloqu Əhməd Əbu Duad onunla saatlarla söhbət etmiş və xəlifəyə o qədər tərifləmişdi ki, Mötəsim səbrini basa bilməyib gizlincə onu görməyə getmişdi. Təsəvvür etmək çətin deyil ki, Quranın məxluq düşüncəsi olmasına, yəni islamın müqəddəs kitabındakı ayələri Cəbrayılın vəhy formasında Tanrıdan gətirmədiyinə tərəfdar çıxan, əksini iddia edənlərin boynunu vurduran mutəzi qazısı Əbu Duad üçün Baş Bəyi maraqlı edən onun dərin bilgiləri və fəlsəfi düşüncələri olmuşdu.

Baş Bəy ölümündən öncəki gecə bolluca çaxır içmişdi və edam kötüyündə son sözü “ASAN YA…” olmuşdu.