488
writer1

Günel Mövlud

Məqalə sayı

27
19:00 14 Noyabr 2009

Mənə neynirsiz eləyin, qadınlarla həmsöhbət eləməyin!

Həəə, bax bu artıq maraqlıdır: bu dəfə ev sahibim xanımdır. Üzüm ayağınızın altında, bu layihə çərçivəsində mən hələ qadınlarla gəzməmişdim. Sözün açığı, içimdə qadınlara qarşı patoloji bir qorxu var ki, illərdir o qorxunun öhdəsindən gələ bilmirəm. Mənə tonlarla daş daşıtdır, amma zənən xeylağı ilə müsahibəyə, söhbətə göndərmə! Qanım qaralır, iştaham korlanır, yaşama sevincim sıfıra enir. Bir sözlə, hər şey məhv olub, gedir.

Uzun bir müddət idi ki, belə bir dəhşətli perspektivlə üz-üzə gəlməkdən yayına bilirdim. Amma beyqafıl APA informasiya agentliyinin 5 yaşı tamam olmazmı?! Bu münasibətlə, baş redaktorumuz mənim ev sahibimin elə qonşu redaksiyadaca (APA-nın redaksiyasını nəzərdə tuturam) öz isti otağında oturub, bütün günü virtual aləmdə at oynadan Vüsalə Mahirqızı olacağını şappıltı ilə üzümə deməzmi?! Di hı!

Əlimdən nə gəlir? Vüsalə xanımla əvvəlcədən bir planlaşdırma elədik. Redaktor xanım məni səhəri gün işdə qəbul eləyib, sonra da axşam özü ilə bir qohum toyuna aparacağını söz versə də, səhər bildirdi ki, bərk xəstədir, layihəni sabaha saxlayaq. Sözün açığı, mən Vüsalə xanıma inanmadım. Dalağım sancdı ki, deyəsən qəhrəmanım fikirləşib ki, toyda mərdimazar müxbirin nəzarəti altında rahat yeyib-oynaya bilməyəcək, ona görə də həmin gün məni başından elədi. Nəsə, görüşümüz qaldı həmin günün səhərinə.

Bu arada bunu deməsəm, bağrım partlar. Sən demə, Qabil müəllim Vüsalə xanıma deyəndə ki, Günel reportajı bu dəfə sizinlə eləsin, xanım baş redaktor deyib ki, eləməyinə eləsin. Amma Lent.az layihəsinin də rəhbəri olduğumu nəzərə alıb, reportaj zamanı özünə senzura qoymasın. Mən bunu öyrənəndə, dedim ki, vallah Vüsalə xanım o mərifəti məndən heç gözləməsin də.


Gizli qapılar, oxunmayan kitablar...

Mən APA-nın redaksiyasına çatana qədər Vüsalə xanım məşhur üzlü jurnalist Natiq Cavadlıya babat bir müsahibə vermişdi. Elə mən baş redaktorun otağına tərəf gedəndə Natiq aldığı müsahibədən doymayaraq, dəhlizdə Lent.az-ın baş redaktoru Qabil Abbasoğlunu divara dirəmişdi. Natiqin əlinin üstünü salamlaşma əlaməti olaraq, cırmaqlayıb, Vüsalə xanımın otağına keçdim.

Mən qapıda görünən kimi, Vüsalə xanım salam-kəlam mərasiminə fürsət verməyərək, gileyləndi:

- Ay bajı, gəl çıx da, mən acından öldüm axı! (üzümə salıb, əvvəlcədən zəng eləyib demişdim ki, mənsiz yeməyə getməsin).

Bu yerdə bir istədim dişimin zəhərini axıdım ki, ağlınız özünüzə getməsin, mən mərkəzdə yaşamıram, yolum da uzaqdı. Amma nə yaxşı, özümü saxladım, çünki axşam Vüsalə xanımgilə qonaq gedəndə məlum olacaqdı ki, onun evi nəinki şəhərin mərkəzində deyil, hətta mənim yolumdan da iki dəfə uzaqdı.

Vüsalə xanım yeməyə getməzdən əvvəl bir neçə xırım-xırda redaksiya məsələləri həll elədiyi ərəfədə mən vaxt eləyib, burnumu baş redaktorun otağındakı kitab rəflərinə-zada soxdum. Qəttəzə üzlü kitabların bir-birinə İbrahim Tatlısəslə Hülya Avşar təki sımsıkı yapışmağından hiss olunurdu ki, Vüsalə xanım burada kitab-zad oxumaq peşində deyil. Eləcənə, görüşlərdə-filanda ona hədiyyə olunan kitabları nəzakət xatirinə alıb, otağına yığır. Yeri gəlmişkən, kitabların arasında nadir bədii əsərlər – Paulo Koelyonun “Kimyagər”i ilə Elbrus Ərudun “Seçilmiş əsərlər”i yanaşı qoyulmuşdu. Amma kitabların ifrat təzəliyindən hiss olunurdu ki, Vüsalə xanım bu iki dahinin də heç birinin kitabını oxumayıb.

Otaqdakı iki gizli qapı da diqqətimdən yayınmadı. Üzümə salıb, o tayda hansı mübhəm sirlərin gizləndiyini öyrənmək üçün qapıları aralayanda əməlli-başlı məyus oldum. Nədən ki, iki yekə qapının o tayında eləcənə sıradan boş otaqlar vardı ki, baş redaktorun boynuna aldığı qədərilə ofisin əvvəlki sahibinin istirahət otaqlarıymış. Və xanım baş redaktor hazırda bunlardan istifadə eləmir.

Diqqətimi həmən çəkən məqamlardan biri də Vüsalə xanımın otağında nə divarlarda, nə masanın üstündə-filanda şəkillərin olmaması idi. Xanım baş redaktorun səliqəli-sahmanlı otağında bircə dənə şəkil vardı ki, bu da üç yaşlı qızı Saranın gülməli bir şəkli idi. Vüsalə xanım dedi ki, heç bu şəkli də özü buraya qoymayıb, şəkli çərçivəyə salmaq və xanım baş redaktorun masasının üstünə qoymaq Saranı dəhşət çox istəyən köməkçisi Səidənin ideyasıdır...

Vüsalə xanım, siz nə qədər yeyirsiniz?!

Bəli, uzun sözün qısası, reportaj artıq başlanmışdı və görüşümüzün ilk dəqiqələrində mənə elə gəldi ki, mən bura Vüsalə xanımla söhbət eləməyə deyil, ona müsahibə verməyə gəlmişəm. Nədən ki, söhbətimizin ilk dialoqları bir neçə gün öncə “Alma”dan istefa verməyimizlə bağlı idi və xanım baş redaktor əməlli-başlı məni sorğu-suala tutmuşdu.

Dərdimizi bir neçə cümlə ilə izah eləyəndən sonra, Vüsalə xanım məni yaxınlıqdakı restoranlardan birinə günorta yeməyinə dəvət elədi. Ayaqüstü özünün gənc və suyuşirin katibəsi Səidə xanıma bir-iki tapşırıq verib, redaksiyanı tərk elədik.

Günorta yeməyimizi tarixi romançı Yunus Oğuzun “Nadir Şah” romanını təqdimetmə mərasimindən sonra bizə qonaqlıq verdiyi “Sultans” restoranında yedik (bu restoran oxuculara “525-ci qəzet”in başıbəlalı baş redaktoru Rəşad Məcidin biabır olduğu məkan kimi tanışdır). Mən bunu Vüsalə xanıma xatırladanda xanım baş redaktor əməlli-başlı maraqlandı:

- Yəni doğrudan Rəşad Məcid elə adamdı, yoxsa şişirtmişdin?

Qəribədir, çəki sarıdan əməlli-başlı yarımış Vüsalə xanım pəhrizi-zadı boş verib, əməlli-başlı qollarını çırmaladı. Şəxsən mənim bu qədər çəkim olsaydı, gün ərzində içdiyim suyun qurtum sayına da fikir verərdim. Türklər demişkən, amma nərdəəə?! Gözünə döndüyüm Vüsalə xanım ətli, xəmirli, turşulu demədi, əritdi eeee! Özü də Vüsalə xanım zəhlətökən süfrə etiketlərinə-zada sən deyən ciddi fikir vermədiyi üçün, onu əsl məclis adamı hesab etmək olar (Heyf ki, nə qədər saqqızını oğurlamağa cəhd eləsəm də, bir qurtum şərab-zad da içirə bilmədim. İş vaxtı olduğunu deyib, prinsipial olaraq, içmədi). Daha sonra şirələr, çay yanında şirniyyat, bəh-bəh-bəh! (mən elə bilirdim, günorta bu qədər yeyəndən sonra, xanım baş redaktor bir sutka ərzində yemək barədə düşünməz. Amma yemək mərasiminin zırıltı qismi hələ axşam olacaqdı. Bu barədə az sonra...)

Bu yerdə qısaca bir haşiyə çıxım ki, günorta yeməyi zamanı heç mən də yeməkdə Vüsalə xanımdan geri qalmadım. Nədən ki, yemək yeyəndə qarşımdakı adamın iştahla yediyini görəndə mən birə-beş acıram.

“Mən satılmağımı boynuma alıram da, bunu niyə mənim üzümə vurursunuz?”

Yemək əsnasında Vüsalə xanımla mən sözün hər iki mənasında gücü çənəyə (həm yemək, həm danışmaq) vermişdik. Söhbətimizin əsas mövzusu isə ictimai, siyasi, mədəni motivli qeybətlər idi. (İki zənən xeylağından bundan artıq nə gözləyəsən?!). Qeybətlərin təfərrüatlarına varmadan öncə bir şeyi mütləq qeyd eləyim. (Sonra başım qarışacaq, yadımdan çıxacaq...) Söhbət zamanı hiss elədim ki, Vüsalə xanım nəinki ictimai-siyasi hadisələri təqib edir, hətta az qala bütün gənc publisistlərin, köşə yazarlarının yazılarını oxuyur. Vallah, hardan dedim, ordan dedi. Söhbətin bir ucu gəlib mübarizəyə, ictimai yüklü səmimiyyətə-zada dirənəndə ara qarışdı, məzhəb itdi. Vüsalə xanım babat əsib-coşdu, saxta müxalifətçilərin, mübarizlərin ünvanına döşədi. Özü haqqında deyilən, yazılan fikirlərə də kişiyana bir aydınlıq gətirdi:

- Mənim haqqımda yazanda ki, “satıldı”, deyirəm: mən satılmağımı boynuma alıram da, bunu niyə mənə ittiham kimi səsləndirirlər? Guya mən nə vaxt demişəm ki, mən radikal müxalifətçiliyə iddialıyam? Ən çox belə şeyləri eşidəndə hirslənirəm. Bir də kimsə yazanda ki, Vüsalə Mahirqızı yaza bilmir, gülməyim gəlir. Axı mən nə vaxt demişəm ki, yaza bilirəm? Mənim istedadlı yazı yazmaq problemim yoxdur axı. Amma yazsalar, desələr ki, pis təşkilatçısan, pis rəhbərsən, onda mənə pis təsir eləyər.

Baş redaktorların qeybəti...

Belə doyumlu süfrədən, səmimi etiraflardan sonra durub, təzədən redaksiyaya qayıtdıq. Yolboyu, redaksiyada oturduğumuz müddətdə Vüsalə xanım həvəslə həyat yoldaşından, qızından, ailə və ailədaxili münasibətlər barədə görüşlərindən danışdı. Azərbaycanda bir az ictimai çəki qazanandan sonra “mənim şəxsi həyatıma qarışmayın”, “mən şəxsi həyatım barədə danışmıram” tipli daqqa-daqqa bəyanatlar verən qadınların əksinə olaraq, xanım baş redaktor hətta xırda məişət şərtiliklərindən də rahatca və həvəslə danışırdı. Bu arada həyat yoldaşı Edip zəng eləyəndə məlum oldu ki, səhərdən Vüsalə xanımın başı elə bərk qarışıb, vaxt tapıb, həyat yoldaşını aramamışdır.

Otaqda əyləşib, Səidə xanımın gətirdiyi çayı əməkdaşlardan birinin nişan şirnisi ilə içə-içə axşam nə edəcəyimizi planlaşdırarkən, Qabil Abbasoğlu otağa gəldi. Səidə xanımın mənim üçün soyub qoyduğu mandarin dilimlərini gözüm görə-görə bir-birini ardınca ötürərək, Lent.az-ın adını çəkmək istəmədiyim kişi redaktorunun qeybətini elədi. Vüsalə xanım da ondan geri qalmadı. Lent.az-da yazısı gedən Qənirə Paşayevadan, müsahibəsi gedən Vaqif Səmədoğludan babat qeybət elədi. Dedi ki, Qənirənin yazısının reytinqində nəsə yanlışlıq var, heç kim o maraqsız yazını oxumaz. Millət vəkili Vaqif Səmədoğlu haqqında da qiymətli bir fikir bildirib dedi ki, bəsdi saytda qoca-qoca kişilərin müsahibəsini verdiniz, kimə lazımdır Vaqif Səmədoğlu?

Sara!!!

Baş redaktorlar şirin-şirin qeybət elədiyi ərəfədə Səidə xanım baş redaktorun qızı Saranı gətirdi. Daha doğrusu, gətirmədi, adı çəkilən uşaq anasının otağına balaca qız kimi deyil, terminator kimi girdi – bir anın içində otağı səs-küy, gurultu, ciyilti bürüdü. Otaqda, masada hər şey bir-birinə dəydi. Sara anası ilə bir-iki dəqiqəlik şirinlik eləyəndən sonra o yekəlikdə başına olmazın oyununu açdı. Redaksiyanı bürümüş səs-küydən xilas etmək üçün Vüsalə xanım çıxış yolunu tez-bazar çıxıb evə getməkdə gördü. Ürəyiaçıqlıq eləyib, hətta Qabil Abbasoğlunu da evinə dəvət elədi. Maşallah, dədəm də (sifətdən atama çox oxşadığı üçün Qabil müəllimə belə müraciət eləyirəm) o dəqiqə razılaşdı. Hətta biz redaksiyadan çıxmamış, dədəm maşını minib, üz tutdu qonşuluğunda yaşayan Vüsalə xanımgilə.

Saranı çığırda-çığırda birtəhər maşına otuzdurub, biz də tərpəndik. İlahi, evə çatana qədər maşında zəlzələ, terror davam elədi. Sara maşını arxa oturacağında sakitcə oturmuş anasının hövsələsini hər cür sınağa məruz qoydu - öz ağzındakı saqqızı çıxarıb, anasının üz-gözünə yapışdırdı, saçını yoldu, başına döyəclədi, boynuna dırmaşdı.
Axır ki, evə çatdıq. Vüsalə xanımın milliyyətcə türk olan həyat yoldaşı Edip bizi gülərüzlə qarşıladı. Görülən yemək hazırlıqları barədə məlumat verdi. Nəzərinizə çatdırım ki, layihəni başlayanda xanım baş redaktordan tələb eləmişdim ki, mənə hazırlanacaq yeməyi köməkçiyə-zada tapşırmasın. Özü bişirsin, görək, ümumiyyətlə, əlindən nə gəlir?
Vüsalə xanım ocağa qazan qoyub, qonağını evi ilə tanış eləməyə başladı. Abırsızcasına qeyd eləyim ki, Vüsalə xanımın evi tipik azərbaycanlı evləri sayaq, ifrat dərəcədə lazımsız şeylərlə doludu. Heç bir işə yaramayan, pul və yer israfından başqa bir şey olmayan müxtəlif tipli suvenirlər, qablar, ikebanalar, nə bilim bu kimi burjua həyat tərzinin tör-töküntüləri olan mənasız əşyalar evin hər tərəfini zəbt eləyib. Üzlülüyümə salıb, bunu elə o dəqiqə ev sahibinin nəzərinə çatdırdım. İnsafən, Vüsalə xanım etiraf elədi ki, bu tipli şeylər onun zövqünün nəticəsidir. Yoxsa ki, həyat yoldaşı da evdə əşyaların utilitar olmasının tərəfdarıdır. Yeri gəlmişkən, evin bir hissəsi azərbaycanlı məişət tərzinə, bir hissəsi isə Edip bəyin doğma diyarı Diyarbakırın məişət tərzinə uyğun olaraq döşənmişdi. Bu arada Sara anasının bələdçiliyini arabir çığıra-çığıra, arabir hələ də nadir hallarda ağzından çıxartdığı əmziyini tələb edə-edə müşayiət eləyirdi.

Qəfildən yanıq qoxusu evi bürüdü. Edip bəy mətbəxdən çığırdı ki, ocağın üstündəki yemək artıq yanmaq üzrədir. Vüsalə xanım özünü birtəhər yetirib, yeməyi yanmaqdan son anda xilas elədi. Xanım baş redaktor mətbəxdə öz məharətini göstərərkən (Vüsalə xanımın burada Allahın duzunu-zadını tapmaq üçün xeyli vaxt xərcləməsindən məlum olurdu ki, burada o qədər də çox vaxt keçirmir), mən elə mətbəxdəcə Sara ilə bir balaca futbol, əltopu-filan oynadım. Sara bu evdə nəhayət özü kimi uşaq ağlında bir adam tapdığına bərk sevinib, təklif elədi ki, mən bundan sonra ümumiyyətlə, onların evində qalım. Bu arada əsl türk kişiləri kimi boş-bekar salonda oturub, Vüsalə xanımın həyat yoldaşı ilə bəşəri problemləri müzakirə eləyən Qabil dədəm aradabir xəlvətcə mənə göz eləyirdi ki, ev sahibəsinə yaxşı fikir ver, birdən nəsə gözündən qaçar.

Vüsalə xanım süfrəni hazırlayıb, başa çatdırandan sonra masa ətrafına yığışdıq. Xanım baş redaktor süfrəyə özünün hazırladığı yeməkdən əlavə əvvəlcədən köməkçisinin bişirib, hazır qoyduğu yeməklərdən də düzdü. Bizə əsl ev xanımı kimi qulluq elədi. (Oxucular Vüsalə xanımın əlinin duzu ilə maraqlanırsa, nəzakətlə deyim ki, onun baş redaktorluğu daha yaxşı alınır, nəinki yemək bişirməyi...). Elə Edip bəy də süfrədə sayğıda qüsur eləmədi. Bir az köntöy və olduqca şirin Diyarbakır ləhcəsində bizi söhbətə tutdu, Türkiyədən, məmləkətindən, Saranın Türkiyə macəralarından danışdı. Söhbət əsnasında hələ əlimizi vurmadığımız şeylərin dadına baxmağımızı təklif elədi. Və mən layihəmin artıq bitdiyi qənaətinə gəlib, evə qayıtmağa hazırlaşanda, məmnuniyyətlə məni evə buraxmağı öz boynuna götürdü. Bu yerdə Vüsalə xanım bir az narahat oldu. “Bir az” deyəndə ki, bu “bir az” elə səviyyədə idi ki, xanım baş redaktor məni ötürmək üçün həyat yoldaşına qoşulub-qoşulmamaq üçün bir xeyli fikirləşdi:

- Bəlkə, mən də sizinlə gəlim?

Elə bilməyin ki, burada nəsə bir qadın qısqanclığı-zadı vardı, qətiyyən! Sadəcə, ildən artıqdır əməkdaşlıq elədiyimiz üçün, o bilirdi ki, özünün iştirak elədiyi layihələrdə adətən qəhrəmanların başlarına nələr gəlir. Məsələn, Zəlimxan Yaqub məni xanımı ilə ikicə dəqiqə tək buraxanda məlum olmuşdu ki, həyat yoldaşı xalq şairinin şeirlərini oxumur. Deyəsən, Vüsalə xanım da ehtiyat elədi ki, birdən həyat yoldaşını onun gözündən qıraqda söhbətə tutaram. Amma nə fikirləşdisə, sonra vaz keçdi. Ayrılanda çox səmimi şəkildə təklif elədi ki:

- Daha bir dəfə gəlib, evi tanıdın. İstədiyin vaxt qonaq gələ bilərsən.

Bir neçə kəlmə Edip bəy haqda

Edip bəyin məni evə apardığı on-on beş dəqiqə ərzində o ancaq iki şeydən – Azərbaycan mətbuatından və Vüsalə xanımdan danışdı. Dedi ki, Azərbaycan mətbuatında ancaq APA-nı oxuyur. Lent.az-da köşələrin xodgedən vaxtlarında həyat yoldaşının və Elbrus Ərudun köşələrini oxuyurmuş. Bir də hər gün “Yeni Müsavat”ı vərəqləyir. Bir də çox böyük sevgi ilə həyat yoldaşının işi barədə bir xatirəsini danışdı. Bir müddət öncə bir türk həmyerlisi ilə tanış olub. Həmin adamdan buradakı mətbuatdan nəyi oxuduğunu soruşanda həmyerlisi Vüsalə xanımın rəhbəri olduğu APA-nın adını çəkib. Belə baxanda adi bir əhvalatdır. Amma qadının işləməyinə, ictimai varlıq olmağına böyük sayğı ilə yanaşan Edip bəy üçün bu xatirənin əhəmiyyəti böyük idi.

Vəssalam...

Günel Mövlud