303
11:00
09 May 2009

Fərda Qədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəsi olub

Azərbaycan Dövlət Neft Akademiyasında qanlı faciə törətmiş Fərda Qədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri müəyyən olunub. Bu barədə APA-nın Gürcüstan bürosuna səhihliyi şübhə doğurmayan yerli mənbədən bəlli olub.

Məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri F. Qədirovla əlaqə quraraq, onu öz tərəflərinə çəkiblər.

Müəyyən olunub ki, ermənilər elə burda da F. Qədirova xüsusi təlim keçərək, onu silahla təmin ediblər.

F. Qədirov diversiya aktının törədilməsi üçün müəyyən məbləğdə pul alıb, pulunun qalanının isə faciənin törədilməsindən sonra verilməsi ilə bağlı razılığa gəlinib.

Mənbənin məlumatına görə, artıq Gürcüstan hüquq-mühafizə və xüsusi xidmət orqanları F. Qədirovun diversiya aktı törətməklə bağlı gizli fəaliyyətə cəlb edilməsində iştirakı olan ermənini müəyyənləşdiriblər. Onun həbsi istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı Azərbaycan DİN-in xüsusi qrupu Gürcüstanda fəaliyyət göstərir.

Qeyd edək ki, aprelin 30-u saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.