439
writer1

Günel Mövlud

Məqalə sayı

27
16:40 21 Dekabr 2010

Ernandesin yumruğu

Əli müəllimin rinqdə nokaut vəziyyətinə düşməsinə sadə vətəndaş münasibətim: Qardaş, adam udar da, uduzar da. Bu davadı, yumruq döyüşüdü. Döyərsən də, döyülərsən də. Burda nə var ki? Hələ döyüb-döyülmək qalsın bir qırağa, lap belə musiqiçidi, gedər xarici ölkənin səhnəsində çalar – adı it dəftərinə düşər də, düşməz də. Rejissordu, Kann festivalına filmini göndərər – film yer də tuta bilər, əli ətəyindən uzun da gələ bilər. İncəsənəti keçdik, guya milyon ildi, futbolçularımızın qapısını özgə meydançası cəhənnəm, öz meydançalarımızda aşsüzənə döndərirlər, neynirik ki? Ağzını açıb, bir futbolçuya güldən ağır söz deyən var? Əksinə, olmayan şeyimizin, yəni futbolumuzun o qədər ulduzu var ki. Musiqimizin həmçinin, teatrımızın o cümlədən, kinomuzun bilavasitə...

İdman da olsun bunnardan biri. İndi nə olsun ki, bizdə əsərini festivallara göndərib, özü festivalın keçirildiyi ölkəyə dəvət alan bəstəkar ora getməyə yolpulu tapmayanda, idmançılarımız yağ-bal içində yaşayır? Nə olsun ki, bu kürəkləri lay divar oğlanların yanağından qan damır? Ölkədə gənclərin payına düşməli olanların hamısını qoluzorlu idmançılarımıza çatır?

Elə şey yoxdu, qardaş, sənə pul xərclənirsə, yanağından qan damırsa, zəhmin yerə-göyə sığmırsa, sən illah və mütləq hər döyüşdə qalib gəlməlisən deyə bir şey yoxdu. Qalib gələ bilən məğlub da olmağı bacarmalıdı. Özü də yeri gəlmişkən, bizim xalq məğlubun da yanında olmağı bacarır. Biz hələ bir dəfə bir korifeyimizə, dünyaca məşhur sənətçimizə sual verməmişik ki, «ay qardaş, ay bacı, rəhmətlik Elçin Səlcuq demişkən, o kabel mızqleti quraşdırıb, dünyanın yüz əlli telekanalına baxanda, bu kanalların heç birində də səni ömür-billah göstərib, adını çəkmirlərsə, tanınmış saytlardan birində adın it dəftərindən keçmirsə, xeyir ola, sən hansı dünyada məşhursan, haranın korifeyisən?!”
Biz minnətdar olmağı bacaran, məğlubun xətrinə dəyməyən xalqıq.

Amma öz aramızdı, ta belə də yox da. Adam idmançı olanda nə olar, bir geniş, bəşəri miqyasda düşünməyi, hətta lazım gələndə belə bəşəri motivlə uduzmağı, bəşəri miqyasda nokauta düşməyi bacarmalıdı axı. Uduzursan-uduzursan, heç olmasa, almanlara – Kantın, Hegelin nəvələrinə uduz. Jan Jak Russonun, Napoleonun, Hüqonun nəvə-nəticələrinə döyül. Qoy bəd ayaqda səni Dostoyevskinin, Tolstoyun, Raxmaninovun xələfləri nokauta salsın. Lap ölən yeri Lex Valensanın, Ancey Vaydanın, Roman Polanskinin oğul-uşağının qarşısında dizini kəl dizi kimi yerə at. Ta acından ölən, Kastro qardaşlarının diktatura zülmündən cücə kimi büzüşmüş bir Kuba yetimçəsinin yumruğundan nokaut vəziyyətə düşmək nədi?! Biz gözümüzün yağın sənə yedirək, üzün istənilən müğənnidən daha məşhur olsun, ölkənin ən gözəl qızları səni sevsin, axırı da belə?

O Ernandesi, idmançı-zad bir qırağa, elə bizim Şərif Ağayar döyərdi – irfana çəkib, boynun burardı. Hətta babat dirəşsəm, bəlkə elə mən də döyərdim, amma gərək bərk dirəşəm də...